ABŞ–İran gərginliyi kritik mərhələdə: Azərbaycan üçün risklər nələrdir? – ŞƏRH


ABŞ ilə İran arasında artan hərbi-siyasi gərginlik region üçün ciddi risklər yaradır. Vaşinqtonun mümkün hərbi əməliyyatları təkcə İranla məhdudlaşmayaraq Yaxın Şərq və Cənubi Qafqazı əhatə edən daha geniş təhlükəsizlik problemlərinə yol aça bilər.

Bu proses xüsusilə İranla sıx tarixi, etnik və dini bağlara malik olan region ölkələri, o cümlədən Azərbaycan üçün həssas nəticələr vəd edir. Belə bir şəraitdə Türkiyənin diplomatik vasitəçilik səyləri və münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaq istiqamətində atdığı addımlar regional sabitliyin qorunması baxımından ön plana çıxır.

Bəs, ABŞ-İran müharibəsi başlayarsa, bunun Azərbaycan üçün riskləri varmı? Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı Ədalət, Hüquq, Demokratiya partiyası idarə heyətinin üzvü, politoloq Əli Zülfüqaroğluna ünvanladıq.

Dəməşqə hücum, Trampdan XƏBƏRDARLIQ: İsrail və Türkiyə üz-üzə gəlir? - ŞƏRH  - Turkustan.az

Əli Zülfüqaroğlu

Əgər ABŞ İranı hədəf alaraq hərbi əməliyyatlara başlasa, bunun təsiri təkcə İranla məhdudlaşmayacaq. Bu proses region ölkələrinə, o cümlədən Azərbaycana da birbaşa və dolayı təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, İran əhalisinin mühüm bir hissəsi azərbaycanlılardan ibarətdir və dini-mənəvi bağlar, xüsusilə Məhərrəmlik dövründə qarşılıqlı ziyarətlər mövcuddur. Bundan əlavə, mümkün hərbi gərginlik Yaxın Şərqdən Qafqaza doğru təhlükəsizlik risklərini artıra bilər. Hazırda diplomatik kanallar hələ tam bağlanmayıb.

Xüsusilə Türkiyənin ABŞ ilə İran arasında vasitəçi rolunda çıxış etməsi diqqət çəkir. Bu prosesdə Türkiyənin xarici işlər naziri Hakan Fidan əsas fiqurlardan biridir. Ankara münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. Türkiyənin bu mövqeyi BMT-nin daha maksimalist və sərt yanaşmasının regionu daha da mürəkkəbləşdirdiyi bir şəraitdə xüsusi əhəmiyyət daşıyır. ABŞ-ın İrana qarşı ritorikasında İsrail faktorunun ciddi təsiri hiss olunur.

Vaşinqtonun irəli sürdüyü arqumentlər əsasən İranın nüvə proqramı və İsrail üçün potensial təhlükə yaradan ballistik raket imkanları ilə bağlıdır. Məlumdur ki, Donald Tramp üzərində İsrail lobisinin təsiri güclüdür və İsrail regionda gərginliyin artmasında maraqlı görünür. Bununla yanaşı, İranın hərbi cəhətdən zəiflədilməsi ABŞ-ın uzunmüddətli strateji maraqlarına tam uyğun gəlmir. Əsas risklərdən biri Hörmüz boğazının bağlanması ehtimalıdır. Bu boğazdan dünya neft daşımalarının təxminən 30 faizi keçir. Hörmüzdə hər hansı blokada qlobal enerji bazarlarında ciddi qiymət artımına və inflyasiyanın yüksəlməsinə səbəb ola bilər.

Bu isə Tramp administrasiyasının iqtisadi prioritetlərinə, xüsusilə daxili bazarda qiymətlərin aşağı saxlanılması məqsədinə ziddir. Digər tərəfdən, İran daxilində mümkün xaos Türkiyə üçün də əlavə problemlər yarada bilər. İranın zəifləməsi regionda miqrasiya axınlarını artıra, Suriyadakı vəziyyətə və Türkiyənin təhlükəsizlik strategiyasına mənfi təsir göstərə bilər. Bu ssenari İsrailin maraqlarına uyğun olsa da, Türkiyənin regional balans siyasəti ilə üst-üstə düşmür. Bütün bunları nəzərə alaraq demək olar ki, ABŞ-ın İsrailin təsiri altında sərt və maksimalist mövqeyi regionu daha böyük risklərə sürükləyir.

Buna baxmayaraq, Türkiyə Hakan Fidan vasitəsilə İran və ABŞ arasında dialoqun davam etdirilməsinə çalışır və gərginliyin diplomatik yollarla azaldılmasını təşviq edir. Ankara hesab edir ki, kompromis mümkündür və müharibə region xalqları üçün ağır nəticələr doğuracaq. Nəticə etibarilə, Türkiyənin əsas məqsədi regionda sabitliyi qorumaq, dialoq kanallarını açıq saxlamaq və böyük güclər arasında mümkün qarşıdurmanın Cənubi Qafqaza və Yaxın Şərqə yayılmasının qarşısını almaqdır.

Bu mövqe həm Azərbaycanın, həm də regionun ümumi təhlükəsizlik maraqlarına uyğundur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ