Azərbaycan ədəbi mühitində özünəməxsus səsi, daxili yanğısı və səmimi etirafları ilə seçilən Sahib İbrahimli yalnız şair deyil, həm də sözün məsuliyyətini daşıyan bir fikir adamıdır. 1952-ci ildə Gəncə şəhərində dünyaya göz açan şairin həyat yolu ilə yaradıcılığı arasında dərin bir bağlılıq var. Filologiya təhsili, elmi fəaliyyəti, müəllimlik illəri və ictimai-mədəni sahədəki zəngin təcrübəsi onun poetik dünyasını daha da zənginləşdirib. Şairin 12 kitabı nəşr edilib. 5 elmi monoqrafiyanln, 36 səhnə əsərinin, uşaqlar üçün yazılmış 32 poemanın, 2 povestin, çoxlu sayda şeir və hekayələrin müəllifidir. Onun şeirlərində yalnız fərdi duyğular deyil, bütöv bir dövrün, cəmiyyətin və insanın mənəvi ağrıları əks olunur. Bu poeziya həm bədii-estetik gözəllik, həm də gileyli bir etirafdır.
Zaman-zaman onun ayrı-ayrı şeirləri barədə yazmışam. Düşündüm ki, bu dəfə şairin yaradıcılıq nümunələri əsasında onun söz dünyasına bir geniş yanaşım. Odur ki, qısa başlıqlarla şairin bəzi şeirlərinin mahiyyətini açmağa və onun söz dünyasına enməyə çalışacam.
Həqiqət axtarışında itən insan
İlk olaraq Sahib İbrahimlinin “Gəzirəm” şeirindən başlamaq istədim. Şeir çağdaş insanın mənəvi tənhalığını və dəyərlər böhranını açıq şəkildə ifadə edir:
“Vaxt donub tərəzi daşa uyalı,
Hər gün üz satılır min bir boyalı.
Adama qiyməti bazar qoyalı,
Dədəsi yanmayan adam gəzirəm.”
Bu misralarda şair bazarlaşan mənəviyyatın içində “yanan”, yəni hiss edən insanı axtarır. Onun poeziyasında həqiqət abstrakt anlayış deyil, tapılmayan, itirilmiş bir dəyərdir. Bu axtarış onu həm də daxili mühakiməyə aparır.
Sözün qarşısında məsuliyyət və peşmanlıq
Şairin öz yaradıcılığına qarşı sərt və səmimi münasibəti “Vaxt uduzdum bir qələmdə...” şeirində açıq görünür:
“Eh, nə əkib, nə dərmişəm?!
Qəlbimi çölə sərmişəm.
Sözə çox zülm vermişəm,
Yəqin ki, çox pis öləcəm.”
Bu, nadir poetik etirafdır. Şair burada sözə xəyanət qorxusu ilə yaşayır. Onun üçün şeir yazmaq sadəcə yaradıcılıq deyil, vicdan məsələsidir.
Təbiət və ruhun harmoniyası
Sahib İbrahimlinin “Yaz duyğuları” şeirində tamam fərqli bir ton-ilahi gözəllik qarşısında heyrət və minnətdarlıq hissi duyulur:
“Bəlkə mən sevincdən bol doğulmuşam,
Şehli çiçəklərə baxıb dolmuşam.
Gözəllik əlində əsir olmuşam,
Məni yaratmışdın bunamı, Allah?!”
Burada şair təbiəti sadəcə təsvir etmir, onunla ruhən qovuşur. Təbiət onun üçün Tanrı ilə dialoqun vasitəsinə çevrilir.
Ata, ana və ömür-gün sirdaşının dərdi – poeziyanın ən kövrək nöqtəsi
Sahib İbrahimlinin yaradıcılığında valideyn və ömür sirdaşının itkisi xüsusi yer tutur. “Atamın məzarı ilə söhbət” şeirində bu ağrı son dərəcə təsirli şəkildə verilir:
“Bir vaxt kürəyimi söykədiyim dağ,
Eh, indi sinəmi göynədən daşdır.
Ata, qəbir evin çoxmu soyuqdur?
İstisi baladır ata evinin.”
Burada ata obrazı həm dayağın itməsi, həm də mənəvi boşluğun simvoludur. Eyni kövrəklik “Ay ana...” şeirində də davam edir:
“O qədər yaxınam, çatmıram sənə,
Nola Tanrı bizə bir qapı aça.
Vallah, elə bildim dizindir yenə,
Qəbrinə baş qoyub yatdım bir azca.”
Bu misralar Azərbaycan poeziyasında ana obrazının ən səmimi və təsirli ifadələrindən biridir.
Sahib İbrahimlinin vaxtsız itirdiyi həyat yoldaşının, ömür sirdaşının əziz xatirəsinə həsr etdiyi “Səni aparıram dəfn eləməyə” şeiri isə sanki yeri-göyü yandıran, sevginin ilahiliyini yaşadan bir dastandır. Bu şeir təkcə şəxsi bir itkinin ifadəsi deyil. İnsanın sevgi, bağlılıq və ölüm qarşısındakı acizliyinin son dərəcə səmimi və sarsıdıcı poetik manifestidir. “Səni aparıram dəfn eləməyə” şeiri oxucunu dərhal emosional bir girdaba çəkir və bu hisslər süni deyil, yaşanmış ağrının, yanğınlı yaddaşın içindən gəlir. Ən təsirli məqamlardan biri şeirin adından başlayır. Burda həm fiziki hərəkət, həm də ruhun parçalanması var. Bu, sadəcə vida deyil. Bu, insanın özünün bir hissəsini torpağa tapşırmasıdır. Şair artıq tək qalmır, o, yarım qalır. Şeirdə tez-tez rast gəlinən paradoksal ifadələr-məsələn, “doymayıb çiynimdə gedirsən indi”-sevginin ölümə tabe olmadığını göstərir. Həyat yoldaşı artıq fiziki olaraq yoxdur, amma onun varlığı hələ də şairin çiynində, qəlbində, yaddaşında yaşayır. Bu, sevginin maddi yoxluğa qarşı mənəvi müqavimətidir. “Yoxluğun dünyama kəsildi qənim” misrası isə yoxluğun aktiv bir qüvvə kimi təqdim edilməsidir. Burada yoxluq sadəcə boşluq deyil. Yoxluq şairə hücum edir, dağıdır, həyatın mənasını əlindən alır. Bu, insanın itkidən sonra yaşadığı psixoloji travmanın çox dəqiq poetik ifadəsidir. Şeirin fəlsəfi yükü xüsusilə sonda kulminasiyaya çatır:
Soyuq qış gör bizə nə gətirdi, nə?
Gözüm baxa-baxa taleyim soldu.
Həmişə qızılgül verərdim sənə,
Bu dəfə “hədiyyəm” qərənfil oldu.
Bir sevgi böyütdük...Eh, bu da sonu,
Yanımda boynunu büküb kədər, qəm.
Sən elə mən idin, bilirsən bunu,
Aparıb özümü dəfn eləyəcəm.
Bu misralar sevginin ən yüksək mərhələsini, “mən” və “sən” anlayışlarının birləşməsini ifadə edir. Burada artıq iki ayrı insan yoxdur; onlar bir varlıqdır. Bu səbəbdən də həyat yoldaşının ölümü şair üçün sadəcə bir yaxınını itirmək deyil, özünün bir hissəsini itirməkdir. Dəfn etdiyi insanla birlikdə o, öz varlığının bir parçasını da torpağa tapşırır. Qərənfil və qızılgül obrazlarının qarşılaşdırılması da xüsusi məna daşıyır. Əvvəllər verilən qızılgül sevginin, həyatın, canlılığın simvolu idisə, bu dəfə verilən qərənfil ölümün, vidanın, sonluğun rəmzidir. Bu keçid həyatın necə qəfil dəyişdiyini göstərir. Bu şeir bizə-oxucuya bir həqiqəti xatırladır. Həqiqi sevgi zaman və məkanla məhdudlaşmır. Bədən yox ola bilər, amma sevgi yaddaşda, ruhda, xatirələrdə yaşayır. Sevgi burada bioloji həyatın fövqünə qalxır və metafizik bir davamlılıq qazanır. Bu şeir həm şəxsi faciənin poetik ifadəsi, həm də sevginin ölümsüzlüyünə dair dərin fəlsəfi düşüncədir. O, oxucuya sadəcə kədər yaşatmır, eyni zamanda sevginin nə qədər böyük, müqəddəs və zamansız bir dəyər olduğunu dərk etdirir.
Sosial etiraz və zamanın tənqidi
Şair yalnız fərdi hisslərlə kifayətlənmir, cəmiyyətə də kəskin münasibət bildirir. “Gəlibdir” şeirində sosial ədalətsizlik açıq şəkildə tənqid olunur:
“Qövr edir yoxsulluq adlı yaramız,
Banklar dərman gəlib, dəva gəlibdir.
Daha 3 alma da nağıldan doyub,
Millətin cibini şəhərlər soyub.”
Burada ironik və acı bir baxış var. Şair müasir dünyanın paradokslarını-yoxsulluğun artmasını, mənəvi dəyərlərin aşınmasını ifşa edir.
Tənhalıq və daxili sükut
“Dağlar” şeirində isə şairin tənhalığa sığınmaq istəyi özünü göstərir:
“Gözümü gör şehli otda,
Ruhum uçur boz buludda
.Qoy boğulum bir sükutda,
Harayıma yetmə, dağlar.”
Bu, artıq insanlardan yorulan ruhun təbiətə çəkilməsidir. Sükut burada qaçış deyil, daxili təmizlənmə vasitəsidir.
Sevgi – yanğı və əlçatmazlıq
“Göylərdən enməyə qoymur...” şeirində sevgi mistik və əlçatmaz bir məna qazanır:
“Əlim tikandırmı o gül kolunda?
Sonuncu taqətəm dərdin qolunda.
Piyada yolçuyam eşqi yolunda,
Məni cin atına minməyə qoymur.”
Burada sevgi həm iztirab, həm də ucalıqdır. Şair bu hissi yaşasa da, ona tam çatmaq mümkün olmur.
Nəticə və sözün yükünü daşıyan şair
Sahib İbrahimli poeziyası daha geniş xətt üzərində qurulub. Mən isə isə bu qısa təhlildə həqiqət axtarışı, mənəvi ağrı, valideyn itkisi, təbiətə bağlılıq, sosial etiraz və digər sahələrdən bəhs etdim. Onun şeirlərində bəzən sərt, bəzən kövrək, bəzən isə üsyankar bir səs eşidilir. Onun poeziyası oxucunu sadəcə duyğulandırmır, onu düşündürür, sarsıdır və bəzən də öz iç dünyası ilə üz-üzə qoyur. Sahib İbrahimli sözün məsuliyyətini dərk edən, onu həm silah, həm də təsəlli kimi işlədən şairlərdəndir. Onun yaradıcılığı bir daha sübut edir ki, əsl poeziya yalnız yazılmır, həm də yaşanır. Onu da deyim ki, Sahib İbrahimli poeziyası yalnız mövzuların çoxluğu ilə deyil, həmin mövzuların fəlsəfi dərinliyi ilə də seçilir. Bu yaradıcılıq həqiqət axtarışından başlayıb, insanın öz vicdanı qarşısında cavabdehliyinə qədər uzanan bir mənəvi yolçuluqdur. Onun şeirlərində ağrı təsadüfi deyil-düşünülmüş, yaşanmış və sözə çevrilmiş ağrıdır. Sahib İbrahimli poeziyasında söz sadəcə ifadə vasitəsi deyil, taleyin özüdür. Şair üçün söz bəzən bir etirafdır, bəzən bir hökm, bəzən də özünə verilən ən ağır sualdır. Elə buna görə də onun misralarında tez-tez bir daxili mühakimə, bir vicdan tərəzisi hiss olunur. O tərəzi ki, nə bazarın səsindən, nə də zamanın sarsıntısından təsirlənir. Səmimi deyim ki, Sahib İbrahimlinin şeirlərində insan yalnız cəmiyyətin bir parçası kimi deyil, həm də kainat qarşısında tək qalan bir varlıq kimi təqdim olunur. Bu təklik qorxulu deyil-əksinə, idrakın başlanğıcıdır. Onun qəhrəmanı bəzən dağlara sığınır, bəzən ata məzarına, bəzən də “haqq” axtarışına çıxır. Amma bütün bu yolların sonunda o, yenə özünə qayıdır-çünki ən böyük həqiqət insanın içində gizlidir. Bu yaradıcılıqda zaman da adi axar deyil. Zaman burada həm itirilmiş ömürdür, həm də qazanılmamış həqiqət. Şair zamanla yarışmır, onunla üzləşir. Bu üzləşmə isə poeziyanı sadəcə bədii hadisədən çıxarıb, fəlsəfi təcrübəyə çevirir. Onun söz dünyasında sevgi də, kədər də, etiraz da bir məqsədə xidmət edir: insanı öz mahiyyətinə qaytarmaq. Bu baxımdan Sahib İbrahimli poeziyası oxucu ilə dialoq qurur, onu susmağa yox, düşünməyə vadar edir. Beləliklə, Sahib İbrahimli yaradıcılığı bir daha sübut edir ki, söz yalnız yazılan deyil, yaşanan, daşınan və bəzən də insanın öz taleyinə çevrilən bir yükdür. Sahib İbrahimli isə bu yükü həm daşıyan həm də onu mənalandıran şairdir.
Qalib Rəhimli.