Xüsusi təyinatlı "Ovçu"


10 iyul 1980-cı ildə Cəlilabad rayon Göytəpə şəhərində doğulur...

1987 / 1997-ci illərdə Göytəpə şəhərində yerləşən Milli Qəhrəman Vüqar Mürsəlov adına 1 saylı orta məktəbdə təhsil alır...

1999 / 2000- ci illərdə həqiqi hərbi xidmətə çağırılaraq, Naxçıvan Muxtar Respublikasında PDM-2 üzrə birinci dərəcəli baş sürücü mexanik vəzifəsində xidmət edir...

2001 -ci il fevral ayında müdafiə nazirliyinin nəzdində olan təlim tədris mərkəzinin gizirlər məktəbinə qəbul olur, altı aylıq kursu müvəffəqiyyətlə bitirir...

2001 / 2002-ci illərdə Beyləqanda yerləşən N saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsində xidmət edir...

2002-ci ildə xüsusi təyinatlı qüvvələrin kursuna qatılır...

500 nəfərdən çox heyətlə kursa başlayır və və altı aylıq ağır kursu 28 nəfərlə ugurla tamamlayır...

2003-cü ildən 052 saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlayır...

2007-ci ildən yeni yaranan snayper qrupuna seçilir...

Dəfələrlə ölkə daxilində və ölkə xaricində kurs və təlimlərə qatılır...

XTQ-nin bir çox diversiya əməliyyatında uğurla iştirak edir və düşmənin canlı qüvvəsini məhv edir...

2016-cı ilin Aprel döyüşlərində iştirak edir...

Vətən müharibəsinə Xüsusi Təyinatlı Qüvvələrin snayperi kimi qatılan, ümumilikdə düşmənin yüzlərlə canlı qüvvəsini, (aralarında yüksək rütbəli zabitlər olmaqla) məhv edən, Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə hər iki ayağından yaralanan, yaralandığı halda döyüşü davam etmək istəsə də silah yoldaşları tərəfindən təxliyə olunan, əməliyyat olunub, tam sağalmadığı halda döyüşə qatılmaq istəyən, müharibədən sonra qrupu ilə birgə keçirilən hərbi əməliyyat zamanı düşmənin 62 hərbçisini girov götürən, Kəlbəcərdə yüksəkliklərin azad edilməsi və dövlət sərhəddinin bərpası məqsədilə keçirilən 55 günlük hərbi əməliyyatlarda ağır döyüş tapşırığı icra edən Xüsusi Təyinatlı Qüvvələrin "Ovçu" ləqəbli əfsanəvi snayperi, "Vətən Müharibəsi Qəbrəmanı" adına namizədlərdən biri XTQ-nin ehtiyatda olan giziri Famil Yavər oğlu Fərəcov!

Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə dəfələrlə yuxarı Komandanlıq tərəfindən fəxri fərmanla, "Qarabağ" ordeni, "Cəbrayilin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları, "Şücaətə görə" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı, "Qüsursuz xidmətə görə" 1 ci dərəcəli, "Qüsursuz xidmətə görə" 2 ci dərəcəli, "Qüsursuz xidmətə görə" 3 dərəcəli medalları, o cümlədən, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalları ilə təltif edilir.

Hərbçi ailəsində dünyaya gələn qəhrəmanımız hələ uşaq yaşlarından bu peşəyə maraq salır. Müəllimə ananın aşıladığı vətənə məhəbbət, xalqa sevgi hisləri az yaşlı qəhrəmanımızda hərbi sahəyə olan marağı daha da artırır. Bu arzusunu isə o yalnız hərbi xidməti başa vurduqdan sonra həyata keçirə bilir. Özü bu haqda deyir: "Mənim babam ikinci dünya müharibəsinin veteranı olub. O, müharibədə yüngül yaralanır və vətənə dönür. Lakin sonra yenidən öz arzusu ilə müharibəyə yollanır və bu dəfə başından aldığı güllə yarası ilə sinir sistemi zədələnir və sol tərəfi iflic olur. Onun müharibə xatirələrini həmişə həvəslə dinləyir, qazandığı medallara maraqla baxırdım. Babamın veteran, atamın hərbçi olmağı gələcək yolumu müəyyənləşdirməkdə mənə kömək etdi. Atamın qazandığı fəxri fərmanlar, hərbi geyimi diqqətimi çox çəkirdi. Hətta ondan gizlin hərbi formasını geyinib aynanın qarşısında durub özümə baxırdım. Mən uşaq vaxtı nadinc olmuşam. Amma elə uşaqlıqdan idmanla (Sərbəst güləşlə) məşğul idim. Mən əsgərliyə gedəndə atam məni aparmışdı. Onda mavi beretlilər hərbi hissədən seçimə gəlmişdilər. Mənə dedilər turnikdə dartına bilərsən? Dedim bəli. 15 dəfə dartındım, dedilər bəsdir. Çox həvəsli olduğumu da görürdülər. Lakin çox, arıq, cansız olduğum üçün atam izn vermədi. Dedi bu uşaqdır. Çox da həvəsi var. Hərbi hissədən içəri girən kimi fikri dəyişə bilər. Onlar da atamla razılaşıb getdilər. Hərbi xidməti başa vurduqdan sonra atam mənim arzu və həvəsimi görüb, məni hərbi sahəyə getməyimə özü izn verdi. Cəlilabadın hərbi komissarlığına sənədləri verəndə atamla birgə getmişdik. Onlar atamı tanıdıqları üçün dedilər bir hərbi hissə var, orada "nayomniklər" hazırlanır. Mənim diqqətimi çəkdi, başladım suallar verməyə. Atam sərt adam idi. Dedi səni nə maraqlanırır?! Susdum, dinmədim. Yolda gələndə mənə dedi, sən həmin hərbi hissəylə maraqlanırsan. Bilirəm inadçı adamsan. Amma onu ağlından çıxart! Dedim hələ xidmətə gedim, baxarıq da. Çünki artıq mən özlüyümdə Xüsusi təyinatlı olmağa qərar vermişdim. Çünki həvəsim ora idi. Mən Beyləqandakı hərbi hissədə xidmət edəndə gördüm qırmızı beretli xüsusi təyinatlı hərbi qulluqçular gəldi. Özüm yaxınlaşıb XTQ sıralarında xidmət etmək arzusunda olduğumu bildirdim. Sənəd verdilər ki, özün haqqında məlumatları yaz. Onlar mənə XTQ-nin çətinliyini, ağırlığını izah etdilər. Dedim öhdəsindən gələcəm. Hərbi hissədəki xidmət yoldaşlarım mənə dedilər sən hara gedirsən? Əvvəla heç səni aparmayacaqlar, getsən də, kursları ağırdır, keçə bilməzsən. Amma mən özümə inanırdım. Məni çağırdılar. Getdim, kursa başladım. Kursu türklər keçirdi. Həqiqətən də ağır kurs idi. Tapşırıqlar həddindən artıq çətin idi. Amma maraqlıydı. Kursun 3-cü ayında ixtisas seçimi olur. Mənə rabitəçi olacağımı dedilər. Razılaşmadım. Çünki snayper silahına marağım vardı. Dedilər razı deyilsənsə, kursu tərk et! Məcbur razılaşdım. Amma burda da başarılı oldum. Morz əlifbasını çox yüksək səviyyədə mənimədiyimə görə rabitədə də fərqlənirdim. Beləkiklə, kursu birinciliklə başa vurub 052 saylı hərbi hissəyə göndərildim. Taborda olan qrupun rabitəçisi kimi xidmətə başladım."

Famil Fərəcovun snayper sənətinə xüsusi rəğbəti onu ölkənin ən tanınmış snayperinə, əfsanəyə çevirir. Belə ki, hələ snayper hazırlıqlarında snayper elmini yüksək səviyyədə mənimsəyir. Snayper qrupu XTQ tərkibində yeni yaransa da, çox keçmir ki, böyük uğurlara imza atır. Məhz bu qrup ilk döyüş tapşırığlarına göndərilir və ilk tapşırıqda uğurlu fəaliyyətlər icra edir, Famil də bu fəaliyyətlərdə fərd və cütlük olaraq xüsusi snayper tapşırıqlarında mühüm hədəfləri dəqiqliklə məhv edərək fərqlənir. Beləcə bu döyüş tapşırıqları silsiləli şəkildə davam edir. Snayper qrupu bir il ərzində ümumilikdə yüz nəfərə yaxın düşmənin önəmli canlı qüvvəsin məhv edir (MN təsdiqi ilə), məhv olunan canlı qüvvənin içində yüksək rütbəli zabitlər: polkovnik, mayor, xüsusi hazırlanmış snayperlər, muzdlu əsgərlər və müddətli əsgərlər olur. Bunların bir çoxunda Familin böyük əməyi əziyyəti və əzmkarlığı olmuşdu, sərrast atışı ilə hər kəsin, hətta o vaxtkı XTQ Komandanı general-polkovnik Hikmət Mirzəyevin də çox önəm verdiyi və snayper mütəxəssisi kimi sevdiyi bir döyüşçü olur.

"Diversiya əməliyyatından uğurla qayıtmışdıq. Komandirimiz Murad Mirzəyev Komandana (General-polkovnik Hikmət Mirzəyevə) bu barədə məruzə etmişdi. Sonra Komandan bizimlə görüşdü. Hədiyyələr verdi və heç unutmayacağım bir söz dedi: "Allah mənim ömrümdən alıb sizə versin ki, daha çox düşmən məhv edəsiz" deyə xatırlayır qəhrəmanımız.

2011-ci ildə xüsusi snayper tapşırığına göndərilən Famil Fərəcov və badisi bir həftə ərzində müxtəlif koordinatlarda dord nəfərdən çox düşmən əsgər və zabitini məhv edir. Vəziyyəti belə görən düşmən əməliyyatlara ciddi hazırlaşır. Famil Fərəcov həmin tapşırıqda sonuncu hədəfi olacaq snayperi aşkar edərək məhv etsə də, düşmən snayperinin köməkçisi Familin yerini aşkar edərək atəş açır. Optik nişangaha dəyən güllə istiqamətini dəyişib daşa dəyir. Oradan qopan güllə və daş qırıntıları Familin üzünə, gözünə və başına batır. Tapşırığa rəhbərlik edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik- leytenant Murad Mirzəyev bir başa hadisə yerinə gələrək onu qucaqlayır və deyir: "Sən əsl qəhrəmansan! Narahat olma, müalicə al yenə səni gözləyirik! Gəl bunları vur, məhv et!"

XTQ- də ilk döyüş yarası alan Famil Fərəcov tez bir zamanda sağalaraq yenidən xidmətə davam edir. Lakin bu dəfə sağ gözündə olan görmə səviyyəsi çox aşağı oldğuna görə, sol gözü ilə nişan alıb atmağı məşq edir və istəyinə uğurla nail olur.

2016-cı ilədək xeyli snayper tapşırığında və keçidlərdə iştirak edir. 2016 cı il aprel döyüşlərinə qatılır və bu döyüşlərdə də yüngül yaralanma ilə düşmənə amansız və dəqiq atışları ilə xeyli zərbə vurur.

Daim öz üzərində işləyən və qazandığı nailiyyətlərdən arxayınlaşmayan Famil Fərəcov 2017-ci ildə Qazaxıstanda keçirilən "Ən yaxşı snayper" yarışı üçün Azərbaycan ordusunda keçirilən seçimlərə qatılır. İlk olaraq xidmət etdiyi birliyin taborunda yüksək nəticə əldə edir, daha sonra mərhələli şəkildə xüsusi əməliyyat briqadası üzrə, sonra isə xüsusi təyinatlı qüvvələrdə birinci olur.

Bu yarışdan sonra Azərbaycan ordusu üzrə keçirilən ən yaxşı snayper yarışına XTQ-dən 6 nəfər snayperlə qatilirlar və orada da komanda üzrə sıralamada seçilmiş 20 nəfər beynəlxalq yarışa hazırlaşır. Famil Fərəcov və 20 nəfərlik snayper heyəti beynəlxalq snayper yarışının hazırlığına başlayır. Bu hazırlıqda yarışa gedecek heyətin sayı səkkiz nəfər olmalı idi. (6 əsas 2 ehtiyat) Amma hazırlığa ordunun ən güclü snayperləri dəvət olunur. 20 nəfərdən ibarət olan heyəti hər həftə ən aşağı atış edən iki nəfəri cixarmaqla son səkkiz heyət seçilir. Famil Fərəcov bu seçim zamanı keçirilən hər həftənin atış çalışmalarında ilk dördlukdə yer alır.

2017- ci ildə keçirilən yarışda isə bir atış çalışmasında (snayper estafetində) öz qrupunda (qirgiz, iran və Cənubi Afrika ölkələrinin snayperləri ilə) hər kəsi geridə qoyaraq finişə birinci çatır və Azərbaycan 19 ölkə üzrə yekun olaraq 6-cı yeri tutur. Onu da qeyd edim ki, gələn ölkə snayperləri arasında ilk altiliqda olmaq böyük nəticə idi.

Daha sonra 2018-ci ildə Belarusiyada keçirilən snayper yarışına yenə eyni mərhələləri keçərək secilir. Qeyd edim ki, bu yarışa gedən heyət daha az, 6 nəfərdən ibarət (4 əsas 2 ehtiyat) olmuşdu. Bu yarişmada da komandamız yenə 6-cı yeri tutur.

2022-ci ildə qəhrəmanımız səhhətində yaranan problemlərlə əlaqədar ordu sıralarından 3- cü qrup əlilliklə tərxis olunur. O vaxtkı XTQ Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general- polkovnik Hikmət Mirzəyev Famil Fərəcovun tərxisinə razı olmur, iki dəfə yanına çağırıb söhbət etsə də sonda səhhətində olan vəziyyəti görüb məyusluqla tərxisə icazə verir. Əfsanəvi snayperlə görüşüb, vidalaşarkən deyir: "Sən bu vətən üçün əvəz olunmaz və qəhrəmanlığa layiq çox işlər gördün!". Famil Fərəcovun isə öz növbəsində "Mən ehtiyata çıxsam da, əsgərəm, döyüşçüyəm! Hər zaman Vətənimə xidmət etməyə hazıram! Zərurət yaranarsa, yenə gəlib döyüşəcəyəm!" sözlərinə Komandan "Sən qədərindən qat-qat artıq döyüşdün və xalqa xidmət etdin! Buna görə sağol!" deyərək, onu öpüb, bağrına basır.

Qəhrəman snayper tərxisindən sonra 2022- ci il sentyabr hadisələrində yenidən XTQ- yə müraciət edərək döyüşlərə qatılmaq istəsə də, səhhətinə görə ona icazə verilmir.

Beləliklə, 22 yaşında əfsanəvi "Yaşma"ya qədəm qoyan qəhrəmanımız 20 il qüsursuz xidmət edərək gəncliyinin ən gözəl çağını vətənə fəda edir, 42 yaşında 3 - cü qrup vətən müharibəsi əlili kimi ordudan tərxis olur.

Təəssüf ki, "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına namizədliyi verilsə də, naməlum səbəblərdən təxirə salınır...

Döyüş yoluna nəzər salsaq görərik ki, Famil Fərəcov XTQ-də 20 il xidmət etməyib, bu illərin az qala hər anını döyüş tapşırığını icra etməklə başa vurub. Təsadüfi deyil ki, bacarıqlı snayper kimi döyüşlərdə göstərdiyi məharətlər, igidliklər ona "Ovçu" ləqəbini qazandırır. Bu da onun danılmaz qəhrəmanlığının nümunəsidir!

Beləliklə, Zəfər tariximizi yazan daha bir qəhrəmanımızın həyat hekayəsinin sonuna gəldik...
Amma əminəm ki, bu son deyil! Özümün də çox sevdiyim və böyük dəyər verdiyim qəhrəmanımızın hekayəsinin sonu belə bitməməli! Qəhrəmanımızın haqqını alacağına və onu ilk təbrik edənlərdən biri olacağıma çox inanıram! O haqqı almalı ki, ondan sonra gələn nəsillərə də özü nümunə, verilən dəyər isə stimul olsun. Çünki, Azərbaycan qəhrəmanlar diyarıdır! Burada nə qəhrəmanlar bitər, nə qəhrəmanlıq!

Biz xoşbəxt nəsilik, ya bədbəxt, deyə bilmərəm. Amma onu deyə bilərəm ki, bu qədər qəhrəmanı bir arada görmək, onlarla eyni zamanı yaşamaq fəxrdir, qürurdur!

Mən daha ölkəmizə müharibə arzulamıram. Amma inanıram ki, bu ölkənin familləri hələ çox olacaq. Və onlar öz sələflərindən-Famil Fərəcovdan örnək alaraq, ilhamlanaraq ondan da üstün qəhrəmanlığa imza atacaqlar.

Yaşayan əfsanəmizə göstərdiyi misilsiz xidmətlərə görə təşəkkür edir, sağlam və uzun ömür arzulayıram!

Biz sizinlə fəxr edirik vətənin qəhrəman oğlu!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ