Maduro ilə ABŞ arasında razılaşma olub? – Səddam və Qəddafi də…


Venesuela ətrafında baş verənlər Ukrayna məsələsinə bənzəyir. O da böyük güclər arasında “cəbhə ölkəsi”nə çevrilib. Ukrayna NATO–Rusiya qarşıdurması yaşayarkən, Venesuelada ABŞ–Rusiya/Çin rəqabəti mövcuddur. Ukraynada hərbi cəbhə varkən, Venesuelada enerji axını, qızıl, xüsusən də qiymətli metallar/mineralların daşındığı ticarət kanallarını əhatə edən iqtisadi və siyasi cəbhələr formalaşıb. Və indi hərbi müdaxilə nəticəsində vəziyyət daha da mürəkkəbləşib.

ABŞ-ın keçirdiyi əməliyyat həqiqətən də hərbi gücdən istifadə edərək hakimiyyətin məcburi şəkildə ötürülməsidirmi, yoxsa bir alqı-satqı taktikası ilə qarşı-qarşıyayıq?

Bunu deyə bilmərik, ancaq ehtimalları sadalaya bilərik:

– Maduro ilə ABŞ arasında razılaşma ola bilərdimi? (Bir lideri vəzifədən uzaqlaşdırmaq asan deyil. Ən azından müqavimət göstərilir, münaqişə yaranır)

– ABŞ Maduronu ölümlə hədələyərək, əvəzində ədalətli (!) məhkəmə vədi verə bilərdimi? Maduro da özü və ölkəsi üçün daha dərin problemdən qaçmaq üçün özünü qurban verə bilərdimi?

– Venesuelanın daxilindən ABŞ-a hər hansı yardım, Maduronu satmaq, Maduro üzərindən razılaşma və ya xəyanət varmı?

– Bu, xüsusi əməliyyatdırmı? (Əməliyyatda “Delta Force”, Hərbi Dəniz Qüvvələri, DEA-nın iştirak etdiyi bildirilir)

– Bu, kəşfiyyat əməliyyatıdırmı? Məsələn, Maduro Rusiyaya gedərkən “yolu ABŞ-a düşüb”?

İstənilən halda, Maduronun devrilməsi Venesuela üçün dərin qeyri-sabitlik, mərkəzi hakimiyyətin süqutu, qanunsuz ünsürlərin ayağa qalxması, çevrilişlər, üsyanlar, parçalanma və vətəndaş müharibəsi də daxil olmaqla çoxsaylı risklər yaradır.

Maduro ilə ABŞ arasında razılaşma olub? – Səddam və Qəddafi də…
Abdullah Ağar

Bu gün Venesuelanın yaşadığı şey Səddamın tutulması və ya Qəddafinin devrilməsindən də ötə bir hadisədir. Venesuela işğal olunmamış, lakin dövlətsizləşdirilmiş bir əraziyə çevrilmək riski ilə üz-üzə qalıb. “Dövlət başçısının toxunulmazlığı” faktiki olaraq sona çatdı.

Venesuelada yaranan hakimiyyət boşluğu doldurulmazsa, ordu və dövlət daxilində bölünmələr, hərbiləşdirilmiş strukturların muxtariyyətləşməsi və yerli komandanlıqların faktiki hakimiyyətə çevrilməsi riski çox yüksəkdir. Legitimlik uğrunda vətəndaş müharibəsi qaçılmaz olar və təkcə siyasi səhnə deyil, həm də xalq parçalanar.

Yaranan vəziyyət mövcud qlobal sistemə aid kövrəkliyi və gərginliyi daha da artıracaq. Əslində, biz həm də ağrılı, lakin sadə bir həqiqətlə üzləşirik: “Artıq qaydalar yoxdur! Güc var!”

Digər tərəfdən, ABŞ Venesueladakı əməliyyatını hərbi əməliyyat deyil, Rusiyanın Ukraynada etdiyi kimi “xüsusi əməliyyat” olaraq göstərmək istəyə bilər.

ABŞ-ın bu addımı təkcə Venesuelada deyil, həm də qlobal miqyasda qeyri-sabitliyi daha da dərinləşdirə bilər. Artıq Fələstin-İsrail balansını pozaraq və “müəyyən ölkələr tərəfindən istismar üçün qapı açaraq” 7 oktyabr hücumu və Qəzza böhranının təməlini qoyan Trampın burada da çox uzaqgörənlik və hesablama ilə hərəkət etdiyinə şübhə edirəm.

Trampın Venesuelaya müdaxiləsini Cənubi-Şimali Amerika geosiyasəti kontekstində “Monro Doktrinası 3-cü Cild” kimi təsvir etmək olar.

1823: Monro Doktrinası Avropanın Amerikaya müdaxiləsinə qarşı bir müdafiə mexanizmi idi. 1904-cü ildə Ruzveltin düzəlişi ilə Şimali Amerikanın Cənubi Amerikaya müdaxiləsi doktrinasına çevrildi. Bunun ardınca Kubaya (1961), Nikaraquaya, Haiti, Dominikan Respublikası və Qvatemalaya (1954), Çiliyə (1973) müdaxilələr baş verdi.

Əgər 1823-cü ildə məsələ Avropanın müdaxilə etməməsi, 1904-cü ildə isə “nizamın qurulması” idisə, 2025-ci ildə narkotik və DEA (Narkotiklərlə Mübarizə İdarəsi) pərdəsi altında liderin devrilməsi ilə düzənin yaradılması manipulyasiya alətinə çevrilərək qeyri-sabitlik və xaos yaranıb.

Bəs məqsəd nədir? Hədəf qitədirmi? Bütün dünya, yoxsa dünyanın yarısıdırmı? Bu, ABŞ üçün yüksəlişdir, yoxsa çöküş?

Müəllif: Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzi (BAU SAM) başqanı, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar

/globalinfo.az


MANŞET XƏBƏRLƏRİ