Dünya mediasında və sosial şəbəkələrdə Venesuela prezidenti Nikolas Maduronun yataq otağından oğurlanaraq Amerikaya aparıldığı barədə rəsmi açıqlama ilə ziddiyyət təşkil edən iddialar irəli sürülməkdədir. Belə iddialara görə, Maduro öz hərbçiləri tərəfindən amerikalılara təslim edilib. Hətta bəzi iddialara əsasən, Maduro evindən oğurlanmayıb. Onu və xanımını öncədən bir hərbi bazaya gətirib, amerikalılara təhvil veriblər.
Siyasi şərhçi Aydın Quliyev də bu iddiaların həqiqət yükünün olduğunu hesab edənlərdəndir.

Aydın Quliyev Musavat.com-a açıqlamasında deyib ki, bütün hallarda Nikolas Maduronun ölkədən çıxarılmasının hələlik açıqlanmayan tərəfləri var:
“Ancaq həqiqətə çox yaxın olan təzahür bundan ibarətdir ki, bu, təkcə Amerikanın xüsusi qüvvələrinin həyata keçirdiyi xüsusi əməliyyat olmayıb. Bu əməliyyatın mühüm elementlərindən biri də Venesuelanın özünün hərbi, təhlükəsizlik və yaxud digər xüsusi xidmət orqanı olub, Amerika ilə Venesuelanın müəyyən strukturları birlikdə fəaliyyət göstəriblər. Ona görə ki, bu hadisədən təxminən bir həftə əvvəl Rusiya Dövlət Dumasının komitə sədri Venesuelanın təkcə Rusiyadan aldığı S-30 təyyarələri və S-300 raketləri ilə istənilən qüvvəyə lazımi müqavimət göstərəcəyini inamla söyləmişdi. Amma Maduroya qarşı əməliyyat necə həyata keçirildisə, Venesuelanın az qala mifik təqdim olunan hərbi qüdrətindən əsər-əlamət ortada görünmədi.
Əgər Venesuela ordusunun, dövlət gücünün hər hansı bir formada təzahürünü görmədiksə, demək, məsələlər 99 faiz pərdə arxasında həll olunub. Mən ona daha çox ehtimal verirəm ki, bu işdə əsas rollardan birini Venesuela hakimiyyətinin özünün hansısa xüsusi orqanı yerinə yetirib”.
Siyasi şərhçi xatırladıb ki, Maduro Trampın birinci prezidentlik dövründən yarımçıq qalmış layihəsi idi:
“2019-cu ildən Donald Tramp Maduronu qanunsuz prezident elan etmişdi. Maduro ilə bağlı planı Tramp hələ birinci prezidentliyi dövründən hazırlatmağa başlamışdı. Bu planın tərkibində istisna deyil ki, Venesuelanın özünün hansısa səlahiyyətli qurumu da yer alıb, yəni plana cəlb olunubmuş. Maduronun ölkədən çıxarılması və ya oğurlanması Amerikanın və Venesuelanın özünün xüsusi xidmət orqanlarının birlikdə apardığı əməliyyata daha çox bənzəyir”.