5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri Ruslan Eyyubov barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti versə də, sonradan bu şikayəti geri götürməsi geniş müzakirələrə səbəb olub.
Cəmiyyətdə belə fikirlər səslənir ki, R.Eyyubov dövlətə dəymiş ziyanı ödədikdən sonra azadlığa buraxıla bilər.
Bəs mövcud qanunvericilik baxımından bu ehtimal nə dərəcədə mümkündür?
Globalinfo.az-a danışan hüquqşünas Rövşən Məmmədov bildirib ki, qaçaqmalçılıq cinayətində məbləğin 5 milyon manatdan artıq olması bu əməli xüsusilə ağır cinayət kateqoriyasına aid edir:
“Belə hallarda dəymiş ziyanın tam ödənilməsi cəzanın yüngülləşdirilməsi üçün əsas ola bilər. Məsələn, vergidən yayınma kimi bəzi cinayətlərdə zərər tam ödənildikdə şəxsin cinayət məsuliyyətindən azad olunması mümkündür. Lakin qaçaqmalçılıq cinayətində məbləğ xüsusilə böyük olduqda, dəymiş ziyanın ödənilməsi yalnız cəzanın azaldılmasına əsas yarada bilər. Tam azadlığa buraxılma isə məhkəmənin qəbul edəcəyi qərardan asılıdır”.

Rövşən Məmmədov
Mümkündür ki, Ruslan Eyyubovun şikayətini geri çəkməsi ailənin məsləhətindən sonra baş tutub. Onun bu addıma getməsində əmisi Bəylər Eyyubovun rolunun olması istisna edilmir. Yəqin generalın nəsə bir planı var. Bu planın həyata keçməsi üçün də bu cür jest edir.
Ola da bilsin Eyyubovlara bildirilib ki, apelyasiya şikayəti ilə, başqa amillərlə bu işdən qurtuluş olmayacaq. Bəzi reallıqların ailəyə başa salınması ehtimalı da ağlabatandır.
Vəziyyət o qədər kritik ola bilər ki, Bəylər Əyyubov qardaşıoğulları Həsən və Ruslanı müdafiə üçün addım atmasın. Onun belə qərarlar verməsi bir neçə dəfə olub. İllər öncə ən yaxın qohumları olan gənclər həbs ediləndə onları himayə etməmişdi. Eyyublar nəslinin nümayəndələri generaldan incimişdilər. Bu incikliklərini o dövrdə müstəqil mətbuat vasitəsi ilə ictimailəşdirməkdən çəkinməmişdilər. İndi də oxşar vəziyyətin yaşanması istisna deyil. Talançılıq, oğurluq o qədər böyük, cinayət elə dəhşətli ola bilər ki, B.Eyyubov qardaşıoğullarını müdafiə etməkdə çətinlik çəkər. Bu səbəbdən özünü, yerdə qalan qohumlarını qorumaq istəyər.
Xatırladaq ki, dekabrın 22-də 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb. Məhkəmə qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğullarıdır.