Faciə! 50 nəqliyyat vasitəsi toqquşdu, ölən və yaralanan var


Yeni il bayramından əvvəl Yaponiyanın Qunma prefekturasında güclü qar yağışı və buzlu hava şəraiti zəncirvari qəzaya səbəb olub.

Turkustan.az xəbər verir ki, Minakami şəhəri yaxınlığındakı Kan-etsu Ekspres Yolunda təxminən 50 nəqliyyat vasitəsinin iştirak etdiyi qəzada iki nəfər ölüb, 26 nəfər yaralanıb, onlardan beşi ağır vəziyyətdədir.

Yerli vaxtla saat 19:30 radələrində başlayan qəzanın iki yük maşınının toqquşması və ardınca əlverişsiz hava şəraiti səbəbindən onlarla nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari reaksiya nəticəsində baş verdiyi bildirilir.

Qəzaya qarışan 50 nəqliyyat vasitəsindən 17-si alovlanıb. Güclü tüstü və alov səbəbindən hadisə yerinə yanğınsöndürənlər göndərilib. Təxminən 7 saat yarım müdaxilədən sonra yanğın nəzarət altına alınıb.

Həyatını itirən iki nəfərdən birinin avtomobildə, digərinin isə yük maşınında olduğu açıqlanıb. Yaralılardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzadan sonra magistral yolun bəzi hissələri uzun müddət nəqliyyatın hərəkəti üçün bağlanıb. Hakimiyyət orqanları qəzanın pis görünürlük və buzlu yol şəraiti səbəbindən baş verdiyini düşünür. Hadisə ilə bağlı hərtərəfli araşdırma başlanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ