Epşteyn sənədlərində ABŞ-ın Ankaradakı səfiri Tom Barrakın da iştirakı üzə çıxdı


ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən dərc edilən təxminən 20 min səhifəlik elektron poçt arxivində Ceffri Epşteynin 2016-cı ildə Tom Barraka ünvanladığı yazışma diqqət çəkib.

Turkustan.az xəbər verir ki, sənədlərə görə, Epşteyn həmin mesajda Barrakdan “özünün və uşağının şəkillərini göndərməsini” xahiş edib və “Məni gülümsətdin” ifadəsini işlədib.

Qeyd edək ki, Tom Barrak həmin dövrdə ABŞ-ın Türkiyədəki səfiri olmayıb; o, bu vəzifəyə 2025-ci ildə təyin edilib. Sənədlərdə Epşteynin bu xahişinin hansı kontekstdə edildiyi, eləcə də mesajda adı çəkilən “uşağın” kimliyi barədə məlumat yer almır.

Yazışmaların ictimaiyyətə açıqlanması xarici mediada Epşteynin siyasi və iqtisadi dairələrlə əlaqələrinin miqyasını bir daha gündəmə gətirib. Bəzi media orqanları bu tip ifadələri “narahatedici və şübhəli” kimi qiymətləndirsə də, ekspertlər sənədlərdə kontekstin olmamasının yanlış şərhlərə yol aça biləcəyini vurğulayırlar.

Elektron məktublar Demokratlar tərəfindən açıqlanıb, Respublikaçılar isə məlumatların seçmə şəkildə paylaşılmasını tənqid ediblər. Dərc olunan sənədlər arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı yazışmalar da yer alır. Ağ Ev isə Trampın Epşteyn sənədlərində adı çəkilməsi ilə bağlı iddiaları “sübutsuz siyasi manevrlər” kimi dəyərləndirərək rədd edib.

Ekspertlərin fikrincə, bu cür sızdırılmış materiallar Epşteynin geniş sosial şəbəkəsini nümayiş etdirə bilər, lakin tək bir elektron poçt fərdlərin birbaşa günahlandırılması və ya hüquqi dəlil kimi qiymətləndirilə bilməz.

Epşteyn sənədlərində ABŞ-ın Ankaradakı səfiri Tom Barrakın da iştirakı üzə çıxıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ