ABŞ prezidenti Donald Tramp dünən İranla nüvə proqramı ilə bağlı danışıqlar apardıqlarını bildirib. İran tərəfindən danışıqlarla bağlı ilk cavab gəlib.
Turkustan.az xəbər verir ki, İran mediası prezident Pezeşkyanın ABŞ ilə nüvə danışıqlarının bərpası əmrini verdiyini açıqlayıb. Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ ilə danışıqların bir neçə gün ərzində Türkiyədə keçirilməsi gözlənilir.
Digər tərəfdən ABŞ iqtisadi şikayətlər üzündən bir müddətdir nümayişlər keçirən İrandakı etirazçıları dəstəklədiyini bəyan etsə də, Tehran administrasiyası ilə danışıqlar ritorikası fonunda ölkəyə hücum variantlarını qiymətləndirməyə davam edir. Yanvar ayının əvvəlindən bəri ABŞ mediasına danışan hökumət və hərbi rəsmilər İranla gərginliyin artması ilə hava və dəniz gücünün sürətlə Yaxın Şərqə yönəldiyini vurğulayıblar. Buna uyğun olaraq, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bölgəyə təyyarədaşıyan zərbə qrupları, qabaqcıl qırıcı təyyarə donanmaları və raketdən müdafiə sistemləri yerləşdirir. Bildirilir ki, yerləşdirmə ABŞ prezidenti Donald Trampın 28 yanvarda İrana böyük bir dəniz qüvvəsinin getdiyini elan etməsindən sonra davam edir.
Aytən Yaşar/ Turkustan.az