Dünya üzrə əhali sürətlə qocalır və bu proses pensiya sistemləri üçün ciddi risklər yaradır.
Turkustan.az-ın Modern.az-a istinadən məlumatına görə, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Pensiya Sistemlərinin Qısa İcmalı – 2025” adlı sənədində qeyd olinub.
Bildirilir ki, doğum səviyyəsinin azalması və insanların daha uzun yaşaması bir çox ölkədə maliyyə tarazlığını zəiflədir.
Hesabatda qeyd olunur ki, qarşıdakı 25 il ərzində OECD ölkələrində demoqrafik vəziyyət kəskin dəyişəcək. 2050-ci ilə qədər hər 100 nəfər 20–64 yaş aralığında olan əhaliyə qarşılıq 65 yaşdan yuxarı 52 nəfər düşəcək. Müqayisə üçün, bu göstərici 2025-ci ildə 33, 2000-ci ildə isə 22 olub.
Yaşlı əhalinin artımı bəzi ölkələrdə daha sürətlidir. Xüsusilə Koreyada bu göstəricinin təxminən 50 bənd yüksələcəyi gözlənilir. Yunanıstan, İtaliya, Polşa, Slovakiya və İspaniyada isə artımın 25 bənddən çox olacağı proqnozlaşdırılır.
OECD-nin baş katibi Matias Korman bildirib ki, əhalinin qocalması bütün üzv ölkələr üçün əsas struktur problemdir. Onun sözlərinə görə, növbəti 40 il ərzində əmək qabiliyyətli əhalinin sayı 13 faiz azalacaq. 2060-cı ilə qədər isə adambaşına düşən ÜDM-in 14 faiz geriləməsi mümkündür. Bu vəziyyət dövlət gəlirlərini azaldacaq, yaşlanma ilə bağlı sosial və pensiya xərclərini isə artıracaq.
Hesabatda vurğulanır ki, insanların daha uzun və sağlam yaşaması pensiya sistemlərinə yeni yanaşma tələb edir. OECD ölkələrinə effektiv pensiya yaşını artırmaq və yaşlı insanlar üçün məşğulluq imkanlarını genişləndirmək tövsiyə olunur.
Proqnozlara görə, Estoniya, Yunanıstan, İspaniya, İtaliya, Yaponiya, Koreya, Latviya, Litva, Polşa və Slovakiyada növbəti 40 il ərzində 20–64 yaşlı əhalinin sayı 30 faizdən çox azalacaq. Mövcud qanunvericiliyə əsasən, OECD ölkələrində orta pensiya yaşı artıq yüksəlməkdədir. 2024-cü ildə pensiyaya çıxanlar üçün bu göstərici kişilərdə 64,7, qadınlarda 63,9 yaşdır. Əmək fəaliyyətinə 2024-cü ildən başlayanlar üçün isə pensiya yaşı müvafiq olaraq 66,4 və 65,9 yaş səviyyəsində nəzərdə tutulur. Bəzi ölkələrdə bu hədd gələcəkdə 70 yaş və daha yuxarı ola bilər.
Hesabat gender fərqlərinə də diqqət çəkir. OECD ölkələrində qadınların aldığı pensiyalar orta hesabla kişilərin pensiyasından 23 faiz azdır. Ömürboyu gəlirlərdə gender fərqi isə orta hesabla 35 faiz təşkil edir. Bu fərq əsasən qadınların əmək bazarında daha az iştirak etməsi, daha qısa iş saatları və aşağı əməkhaqqı ilə əlaqələndirilir.
Mütəxəssislərin fikrincə, əhalinin qocalması qlobal problemdir və xüsusilə inkişaf etmiş ölkələr üçün ciddi çağırış yaradır. Problemin həlli üçün əmək məhsuldarlığının artırılması, avtomatlaşdırma və robotlaşdırma, ailə institutunun təşviqi, mənzil əlçatanlığının yaxşılaşdırılması, eləcə də sonsuzluğun qarşısının alınması və müalicəsi üzrə dövlət proqramlarının gücləndirilməsi vacib hesab olunur.