ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə apardığı telefon danışığı barədə açıqlama verib. O bildirib ki, görüş zamanı bir sıra mühüm məsələlər, o cümlədən Rusiya–Ukrayna müharibəsinin dayandırılması müzakirə olunub.
Turkustan.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib:
“Hindistanın Baş naziri Modi ilə danışmaq mənim üçün böyük şərəf idi. O, mənim yaxın dostlarımdan biridir, eyni zamanda ölkəsinin güclü və hörmət edilən lideridir. Biz ticarət məsələləri ilə yanaşı, Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasını da müzakirə etdik.
O, Rusiyadan neft alışını dayandırmağa və ABŞ-dan, eləcə də Venesueladan xeyli daha çox neft almağa razılıq verdi. Bu addım hazırda davam edən və hər həftə minlərlə insanın həyatına son qoyan Ukrayna müharibəsinin dayandırılmasına kömək edəcək.
Baş nazir Modi ilə dostluq və qarşılıqlı hörmət əsasında, həmçinin onun xahişi ilə ABŞ və Hindistan arasında dərhal qüvvəyə minən ticarət razılaşması əldə etdik. Bu razılaşmaya əsasən, ABŞ Hindistana tətbiq etdiyi qarşılıqlı tarifləri 25 faizdən 18 faizə endirir. Bunun əvəzində Hindistan ABŞ-a qarşı tarif və qeyri-tarif maneələrini mərhələli şəkildə sıfıra endirəcək.
Baş nazir Modi həmçinin ABŞ-dan enerji resursları, texnologiyalar, kənd təsərrüfatı məhsulları, kömür və digər mallar daxil olmaqla, 500 milyard dollardan artıq həcmdə məhsul alınması öhdəliyini götürüb.
ABŞ ilə Hindistan arasındakı münasibətlər bundan sonra daha da möhkəmlənəcək. Baş nazir Modi və mən nəticə əldə etməyi bacaran liderlərik. Bu məsələyə göstərilən diqqətə görə təşəkkür edirəm”, – Tramp vurğulayıb. /Globalinfo.az/