Paşinyan Azərbaycana YENİ MARŞRUT təkli etdi - Zəngəzur dəhlizindən kənar


“Biz ilk dəfə olaraq Ermənistanın büdcəsini Azərbaycanla qurulmuş sülh şəraitində müzakirə edirik”.

Bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə büdcə dinləmələrində bildirib.

Paşinyan Türkiyə yük maşınlarının Ermənistan üzərindən Azərbaycana gedə biləcəyi marşrutu da açıqlayıb. Onun sözlərinə görə, Ermənistan Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu üzrə yük maşınlarının tranzitini təmin etməyə hazırdır.

“Hazırda bu, Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variantdır”, - Baş nazir əlavə edib.

Paşinyan bildirib ki, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması barədə bəyanatı tarixi hadisədir. O deyib ki, Ermənistanın da müvafiq addımlar atması vacibdir: "Qazaxıstandan Ermənistana ilk taxıl partiyası Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə Azərbaycan ərazisindən idxal ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib.

“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - dövlət başçısı vurğulayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.


MANŞET XƏBƏRLƏRİ