ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı son açıqlamaları beynəlxalq medianın və siyasi ekspertlərin diqqət mərkəzinə düşüb. Trampın Rusiyanı "kağızdan pələng" adlandırması həm Qərbdə, həm də Rusiyada ciddi rezonans doğurub. Onun bu ifadəsi təhlilçilər tərəfindən yeni siyasi mesaj kimi qiymətləndirilir.
Kreml isə Trampın bu çıxışına cavab verib: “Biz pələng deyilik, ayıyıq. Kağızdan ayı olmur”. Bu cavab Rusiya tərəfinin öz mövqeyini açıq şəkildə ortaya qoyduğunu göstərir. Trampın son günlərdə Rusiya ilə bağlı ritorikasının dəyişməsi və getdikcə daha sərt ton alması diqqətdən yayınmır. Uzun müddət Rusiya ilə daha neytral münasibət yürütməkdə ittiham olunan Trampın bu mövqey dəyişikliyi, həm daxili siyasi gündəmlə, həm də qlobal balanslarla bağlı ola bilər.
Maraqlıdır, görəsən bu günə qədər müharibəni bitirmək naminə, hətta Putinin müəyyən tələbləri ilə razılaşmağa hazır olduğunu bildirən Donald Trampın Rusiyaya qarşı mövqeyi dəyişdi?
Turkustan.az olaraq bu sualı politoloq Tural İsmayılova ünvanladıq.
Tural İsmayılov
Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması və paralel şəkildə müharibəni bitirmək üçün Moskvanın tələblərini nəzərə almağa hazır olduğunu deməsi əslində onun siyasət üslubunun mahiyyətini göstərir. Tramp diplomatiyada tez-tez sərt ritorika ilə kompromis mesajlarını paralel istifadə edir.
Bu, həm daxili auditoriyaya güc nümayişi, həm də beynəlxalq danışıqlarda praqmatik yanaşma kimi oxunur. Onun “kağız pələng” ifadəsi Rusiyanın iqtisadi zəifliklərinə işarədir. Amma eyni zamanda Tramp anlayır ki, Rusiya regional təhlükəsizlikdə mühüm aktordur. Buna görə də kompromisə meylli görünməsi siyasi reallığın qəbul edilməsidir. Burada mövqenin dəyişməsindən çox, müxtəlif hədəflərə yönəlmiş mesajların vəhdəti var. Trampın bu yanaşması beynəlxalq münasibətlərdə həm sərtlik, həm də elastiklik elementlərini özündə birləşdirir. ABŞ siyasətində belə ikili ritorika tez-tez müşahidə olunur.
O, bir tərəfdən öz seçicilərinə Rusiyanın güclü olmadığını göstərməyə çalışır. Digər tərəfdən isə münaqişələrin həllində reallıqları nəzərə almağın vacibliyini vurğulayır. Bu, strateji çevikliyin nümunəsi kimi də qiymətləndirilə bilər. Çünki böyük güclər arasında balans siyasəti bəzən ziddiyyətli ritorika tələb edir. Tramp da bunu siyasi alət kimi istifadə edir. Onun Rusiyaya yanaşmasında kəskin dönüşdən danışmaq doğru olmaz. Daha çox situasiyaya uyğun mesaj vermək tendensiyası görünür. Beləliklə, Rusiyaya dair açıqlamalar bir-birinə zidd kimi görünsə də, əslində, tamamlama xarakteri daşıyır.
Bu da Trampın siyasi üslubunun əsas özəlliyidir. Yəni mövqe dəyişməsindən çox, müxtəlif tərəflərə ünvanlanan paralel siqnallar mövcuddur. ABŞ siyasətində bu, həm güc nümayişi, həm də kompromis imkanlarının qorunması kimi dəyərləndirilir. Trampın sözləri də bu ikili strategiyanın davamı hesab oluna bilər. Nəticə olaraq, burada Rusiyaya qarşı qəti mövqedən imtina deyil, praqmatik yanaşmanın müxtəlif formaları əksini tapır.
Aytən Yaşar/ Turkustan.az