Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında mütəmadi olaraq oxucuların əl işlərinin sərgiləri təşkil olunur.
Oxucuların arzurarını nəzərə alaraq, bu gün 19 avqust tarixindəMərkəzi Kitabxananın Fəxri oxucusu, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, yazıçı Şahzadə İldırımın əl işlərinin sərgisi açıldı. Sərgidə yazıçının ipək, pambıq, yun, flora, favorit və s. saplarla toxunmuş 14 əl işi nümayiş olunur: qızlar üçün su çantası (ipək sap), zənci balası (flora və favorit saplar), ayı balası və qızlar üçün sarı güllü çanta (yun sap), dovşanlar (pambıq sap), klatç (ipək sap), labubular (məxmər, yun saplar), labubunun ruqzaqı uniseks (ipək sap) və b.
Sərginin ilk tamaşaçıları balaca kitabsevərlər, kitabxananın fəal oxucuları – Gülnaz Cəfərli, Aydın Əlizadə və Nərgiz Cəfərli oldular.
Oxucular yazıçı Ş.İldırımı gözəl səsli hekayələrindən tanıyır. Sərgi kitabxanada bir ay nümayiş etdiriləcək.