“İdmançımız erməni rəqibinin boynunu sındırdı” yazırdıq, amma indi... ”


"Elə etmək lazımdır ki, erməni azərbaycanlı görəndə özünü vəhşi kimi aparmasın, biz də onları görəndə elə davranmayaq. Gələcək nəsillərin beynini zəhərləmək olmaz”.

Bu sözləri "Yeni Sabah"a Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

Onun sözlərinə görə, qarşılıqlı münasibətlərdə nifrət dili olmamalıdır:

“İngilis dilində belə bir anlayış var: “hate speech”. Yəni nifrət dili. Qarşılıqlı münasibətlərdə nifrət dili olmamalıdır. Söhbət bundan gedir. Biz bölgədə sülh istəyiriksə, buna əməl etməliyik. Biz sülh istəyirik, çünki görürük ki, işğaldan sonrakı bir neçə il ərzində Azərbaycan nə kimi böyük bərpa-tikinti işləri aparıb.

Müharibə olsa, bütün bunları etmək mümkün olmayacaq. Hələ də azad olunmuş ərazilərdə minaları təmizləyib qurtara bilməmişik. Söhbət bizim, yaxud sizin nəsildən getmir. Söhbət son nəsillərin tərbiyəsindən gedir. Elə etmək lazımdır ki, erməni azərbaycanlı görəndə özünü vəhşi kimi aparmasın, biz də onları görəndə elə davranmayaq. Gələcək nəsillərin beynini zəhərləmək olmaz.

İdman yarışlarında bizimkilər erməniyə qalib gələndə, “idmançımız erməni rəqibinin boynunu sındırdı” yazırdıq və haqqımız da var idi. Amma bundan sonra fikri “Ermənistandan olan idmançıya qalib gəldi” kimi ifadə etmək lazımdır. Yəni bu nümunədə olduğu kimi, qıcıqlandırıcı ifadələrə yol verilməməlidir.

Təhqir, aşağılama, nifrət doğuran ifadələr və məqamlar olmamalıdır. Bir-birimizi bu şəkildə "doldursaq", yenə də sakitlik olmayacaq. Bunun qarşısını almaq lazımdır ki, rahat yaşayaq, inkişaf edək”.

Elçin Şıxlı qeyd edib ki, sülhü Azərbaycan və Ermənistan özü əldə edib:

“Məktəbliləri nifrət mühitində böyütmək olmaz. Amma tarix həqiqətdirsə, həqiqət yazılmalıdır. Məsələn, yazırıq ki, Makedoniyalı İsgəndər gəldi, filan yeri işğal etdi, bunun nəticəsində filan qədər insan tələf oldu. Belə yazmamalıyıq ki, alçaq, murdar, özündən müştəbeh Makedoniyalı İsgəndər gəldi və s. Yəni bu kimi bənzətmələr və qiymətvermə olmamalıdır.

İndi bir çoxları deyir ki, Azərbaycan və Ermənistan ABŞ-nin sözü ilə barışdı. Bunu özümüz etmişik. Qalib gəldik və ölkə rəhbəri öz iradəsi ilə yaranan vəziyyətdən çox diplomatik şəkildə, ustalıqla istifadə etdi. Ermənistan onsuz da bizim şərtləri qəbul etməyə hazır idi. Sadəcə olaraq, buna beynəlxalq zəmanət lazım idi.

Rusiya buna heç vaxt razılaşmazdı. Çünki münaqişənin yaranmasını və uzanmasını istəyən məhz Rusiyadır. İran bu konfliktin davam etməsini istəyəndir. Çünki müstəqil və çiçəklənən Azərbaycan onun üçün həmişə təhdiddir. ABŞ isə regionda öz nüfuzunu bərpa etmək üçün, bir növ, zamin funksiyasını yerinə yetirdi. Sülhə nail olan biz özümüzük. Bunu unutmamalıyıq”.

Xatırladaq ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” sazişin VIII maddəsinə görə, tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.


MANŞET XƏBƏRLƏRİ