İran Zəngəzura hücum edə bilər: Azərbaycanla sərhəd bölgələrdə isə… – Xəbərdarlıq


İran Xarici İşlər Nazirliyinin Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan-Ermənistan görüşünə reaksiyası müzakirələrə səbəb olub. Nazirlik Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını dəstəklədiyini bildirsə də, Zəngəzur dəhlizinin ABŞ şirkətinə 99 illik icarəyə verilməsi ilə bağlı narahatlığını ifadə edib.

İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti isə dəhlizlə bağlı razılaşmanı Ermənistanın parçalanmasının başlanğıcı adlandırıb və bu addımın Rusiya və İran ətrafında mühasirə kimi dəyərləndiriləcəyini deyib. O, Tehranın, Moskva ilə birlikdə və ya təkbaşına bu dəhlizin açılmasına mane olacağını da vurğulayıb.

Zəngəzur dəhlizinin açılmasına İran Prezidenti Məsud Pezeşkian və ətrafındakılar müsbət yanaşsa da, xüsusən ölkədəki dini radikal qanad bu layihəyə qarşı çıxırlar. İrandakı dini rejim dəhlizlə bağlı hansı addımları ata bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Vaşinqtonda baş tutan üçtərəfli görüş və əldə edilən razılaşma Azərbaycanın siyasi və iqtisadi maraqlarına cavab verir:

“Ancaq qısamüddətli dövrdə cənubdan və şimaldan müəyyən hədələrlə üzləşə bilərik. Rəsmi Moskva Vaşinqton razılaşmasına səbirli münasibət nümayiş etdirsə də, narazı qaldığı məlumdur. Rusiya 10 noyabr 2020-ci il atəşkəs razılaşmasına əsasən Zəngəzur dəhlizi üzərində nəzarət imkanlarının təmin edilməsini istəyir. Çox güman ki, əlində olan bütün mümkün vasitələrdən istifadə edərək buna nail olmağa çalışacaq.

İranın mövqeyi isə daha çılğın və sərtdir. O, TRİPP-in ( Zəngəzur dəhlizi – red.) açılmasına yol verməyəcəyini və bunun İranın milli təhlükəsizliyinə təhdid olduğunu bildirir. Maraqlı ki, İran rəsmiləri bu prosesdə “Rusiya ilə və ya onsuz” addımlar atacağını bəyan edib. Görünür, İran bu məsələdə hətta Rusiyaya da etibər etmir. Çünki avqustun 15-də Rusiya Prezidenti Putinin ABŞ Prezidenti Trampla görüşündə ortaq razılaşma qorxusu İranı narahat edir. Tehran düşünür ki, Rusiya Ukrayna cəbhəsində böyük güzəştlər əldə etmək hesabına Zəngəzur dəhlizi məsələsini arxa plana keçirə bilər”.

mutellim rehimov 2

Mütəllim Rəhimli

Ekspert qeyd edib ki, əslində Vaşinqton razılaşması bu dəhlizin açılmasını mümkün edir:

“Əks halda Birləşmiş Ştatlar beynəlxalq aləmdə etibarlı partnyor və supergüc imicini itirər. Razılaşmaya əsasən ABŞ 99 il müddətinə Ermənistan torpağını icarəyə götürür. Bu isə o deməkdir ki, TRİPP-ə qarşı hədə və təxribatlar birbaşa olaraq rəsmi Vaşinqtona ünvanlanır. Deməli, Zəngəzur dəhlizində texniki işlərin yerinə yetirilməsi və işlək vəziyyətə gətirilməsi, istifadəsi ilə bağlı bütün məsələlərə ABŞ cavabdehdir. Bu baxımdan İranın indiki açıqlamalarının da ABŞ-a yönəldiyini qeyd edə bilərik.

ABŞ həm də İranın Azərbaycan və Ermənistana qarşı törədə biləcəyi təxribatların da qarşısını almalıdır. İranın Azərbaycana qarşı ciddi təhlükə yaratmaq imkanları, demək olar ki, yoxdur. Uzağı, ölkəmizə qarşı sərhəd bölgələrində təxribatlar törədə, antiqərb qrupları qızışdıra bilər. Bu isə heç nəyi dəyişə bilməz”.


MANŞET XƏBƏRLƏRİ