Sabiq səfir: Araz dəhlizini gücləndirməliyik


"Bunun həlli İran torpağından keçən dəhlizi (Araz dəhlizi - red.) gücləndirmək və sürətlə həyata keçirməkdir. Artıq əsaslar var. Ermənistan, Rusiya, Türkiyə, Azərbaycan kimi region ölkələri hərəkətə keçib tədbir görərsə, dəhlizdə əcnəbilərin varlığını görməyəcəyik".

Turkustan.az YJC-yə istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Abbas Musəvi deyib.

O, TRIPP layihəsinə toxunaraq bildirib: "Bu, milli məsələdir və əvvəlki hökumətlərin zamanında da həmişə təkidlə vurğulanıb. Təəssüf ki, bəzi analitiklər səhv təhlillər aparıb və məsələnin bütün ölçülərini nəzərə almayıblar. Onlar bu məsələnin gərginlik və ərazi ələ keçirmə ilə həll olunacağını düşünürdülər, halbuki ortaq razılaşma yolu ilə həllin mümkünlüyü barədə xəbərdarlıq etmişdik. Hesab edirəm ki, hələ ciddi heç nə baş verməyib və İran üçün hələ möhlət var".

A. Musəvi əlavə edib: "Məsələnin həlli İran torpağından keçən dəhlizi gücləndirmək və sürətlə həyata keçirməkdir. Artıq əsaslar var. Ermənistan, Rusiya, Türkiyə, Azərbaycan kimi region ölkələri hərəkətə keçib tədbir görərsə, bu dəhlizdə əcnəbilərin olmasını görməyəcəyik".

Eks-səfir televiziyada Tramp haqqında danışarkən ABŞ prezidenti barədə "əziz" sözünü işlətməsinə də aydınlıq gətirib: "Həqiqət budur ki, mən ümumiyyətlə zarafatcıl insanam. Həmin axşam ağlıma Trampa yaraşan çirkin ləqəb gəldi və o sözün əvəzinə istehza ilə dedim: "Əziz Tramp". Bəzən bu söz yüz təhqirdən də betər olur, amma media həmin sözün ətəyindən tutub başqa cür yozdu.

Trampın şəxsiyyəti problemidir, o, narsistdir, qətiyyən tərifə layiq deyil, o cür insana kim bülbül kimi cəh-cəh vura-vura "əzizim" deyər?!"/yenisabah.az


MANŞET XƏBƏRLƏRİ