Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Turkustan.az onunla müsahibəni təqdim edir:
- Tofiq müəllim, Vaşinqtonda bu gün Azərbaycan, ABŞ və Ermənistan arasında ikitərəfli və üçtərəfli formatda görüşlərin olacağı bildirilib. Bu görüşdə Bakı ilə İrəvan arasında sülh sazişinin, kommunikasiya xətlərinin açılacağına dair iddialar səslənir. Əsas gözləntilər nədən ibarətdir?
- Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə bu səfəri ilk növbədə Bakı-Vaşinqton əlaqələrinin bərpası kimi dəyərləndirilir. ABŞ-nin sabiq prezident Cozef Baydenin dönəmində Azərbaycanla əlaqələrdə mənfi tendensiyalar yaranmışdı. İndi isə Azərbaycan və ABŞ münasibətlərinə yeni bir təkan verilir.
İlk növbədə Amerikadan Azərbaycana qarşı hərbi yardımı qadağan edən “907-ci” düzəlişə dair qərarın qəbul edilməsi gözlənilir. Bundan sonra həmin düzəlişin ləğvi ilə bağlı proses başlayacaq. Bu istiqamətdə də hansısa addımları gözləmək lazımdır. Ona görə səfərin əhəmiyyəti böyükdür.
Azərbaycanla Ermənistan arasında sülh prosesinə müsbət yanaşmalar var. Məhz Prezident İlham Əliyevin bölgədə sülhün təmin edilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirdiyi siyasətin vacib mərhələsi başlayıb. Azərbaycanla Ermənistan arasında imzalanacaq çərçivə sülh sazişində ölkəmizin mövqeyi əksini tapıb və məlum 5 prinsip orada təsbit edilib.
Bu sazişin mətninin müəllifi Azərbaycandır. Sülh sazişinin paraflanması bugünkü Vaşinqton görüşlərində baş verəcək. Beləliklə, xarici işlər nazirləri onu paraflaya biləcək. Sözsüz ki, sülh sazişinin paraflanması və imzalanması fərqli prosedurlardan ibarətdir. Paraflamaq mətnin təsdiq edilməsidir. Sazişin imzalanması isə öhdəliklərin qüvvəyə minməsi deməkdir.
- Vaşinqtonda Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalana bilərmi?
- Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin 2026-cı ildən tez imzalanması gözlənilmir. Azərbaycanın yekun sülh sazişi ilə bağlı ilkin iki şərti var ki, onlardan biri Ermənistan konstitusiyasında olan ərazi iddiası və ATƏT-in Minsk qrupundan imtina ilə bağlıdır.
Ermənistan konstitusiyasına dəyişiklik edilməsə, Azərbaycan yekun sülh sazişinə imza atmayacaq. Gələn il, yəni, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Məhz parlament seçkilərindən sonra Ermənistan konstitusiya dəyişikliyinə gedəcəyi ilə bağlı bəyanatlar verilir. Ona görə də bugünkü Vaşinqton görüşünün nəticəsi olaraq, ilkin mərhələdə sülh sazişinin mətninin paraflanması gerçəkləşəcək.
Eyni zamanda Azərbaycanla Ermənistan arasında xüsusi bir sənəd, yəni memorandum imzalanacaq ki, bununla da Vaşinqton, Bakı və İrəvan məhz bu prinsiplərə uyğun olaraq gələcək sülh prosesinə təminat vermiş olurlar.
- Regional kommunikasiya xəttlərinin blokadadan çıxarılması ilə bağlı Vaşiqntondakı görüşdə hansı qərarlar verilə bilər?
- Kommunikasiya xəttlərinin açılmasına dair Azərbaycanın açıq mövqeyi var. Rəsmi Bakının tələbi odur ki, Azərbaycandan Naxçıvana gedən yolun açılması təmin edilməlidir. Məhz buna dair də “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlanan ABŞ planı ortaya çıxıb.
Tramp Marşrutunun mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iki hissəsi arasında kommunikasiyalar maneəsiz olaraq təşkil ediləcək. Azərbaycan məhz bir şərtlərlə yolun açılmasına nail olub. Bunun tərkibində kommersiya şərtləri var ki, onlar da hazırda müzakirə olunur. Çünki kommunikasiya xətlərinin bərpası və istifadəsinə dair ilkin şərtlər icra olunmalıdır. Buna dair işçi qrup yaradılacaq və gələn ilin əvvəlinə qədər məsələ praktiki şəkildə həllini tapacaq.