“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının keçirilməsi” layihəsinin icrasını davam etdirir.
QHT.az xəbər verir ki, layihənin tədbirlər planına əsasən 16 iyul 2025-ci il tarixində Bakının Yasamal rayonu ərazisində yerləşən tarixi Zərgərpalan hamamında başlayan 8 günlük təlim kursları 25 iyul tarixində başa çatıb. Təlim kursları müvafiq qoruqların, muzeylərin, təhsil müəssisələrinin nümayəndələri və mədəni irsin qorunmasında digər maraqlı şəxslərdən ibarət, hər birində 15 iştirakçı olmaqla iki qrup üzrə təşkil olunub. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlim kursları mədəni irsin qorunmasına həsr olunmuş 16 fərqli mövzunu əhatə edib.
Təlim çərçivəsində “Mədəni İrs Ustad Məktəbi kursuna giriş” (Prof.Dr. Qafar Cəbiyev), “Zərgərpalan hamamı: beynəlxalq tədqiqat və konservasiya missiyası” (Prof.Dr. Luici Skrinzi), “Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” (Məleykə Hüseynova), “Azərbaycanın tarix-mədəniyyət qoruqları” (Dos.Dr. Günel Seyidəhmədli), “Azərbaycanın qeyri-maddi mədəni irsi” (Prof.Dr. Şikar Qasımov), “Muzeylər mədəni irsin keşiyində” (Dos.Dr. Nəzmin Cəfərova), “Mədəni irs abidələri üzərindəki epiqrafik tədqiqatlar” (Dos.Dr. Həbibə Əliyeva), “Dünya yaddaşı: əlyazma irsi” (Dr. Şəhla Xəlilli), “Tarixi-mədəni irsin rəqəmsallaşdırılması” (Dos.Dr. Pərvin Ahənçi), “Fövqəladə hallarda mədəni irsin qorunması” (Gülşən Hüseynova), “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” (Arzu Həsənli), “Mədəni irs turizmi” (Aidə Məlikova), “Memarlıq abidələrinin bərpası və konservasiyası” (Dos.Dr. Məhəmməd Nurməmmədov), “Bərpa layihələrinin hazırlanması və uğurlu təcrübələr” (Əfqan Quliyev), “Bərpa və konservasiyada materiallar” (Nadirə Minə Yar) və “Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” (Dr. Fariz Xəlilli) mövzusunda dərslər keçirilib. Dərslər zamanı müvafiq mövzular üzrə ətraflı məlumatlar verilib, təqdimat və məruzələr dinlənilib, nəzəri məlumatlarla yanaşı, praktiki tapşırıqlar yerinə yetirilib, həmçinin, iştirakçıların mövzu ilə bağlı məlumatlılıq səviyyəsini və təlimin effektivliyini ölçmək üçün sorğular aparılıb. Dəsrlər interaktiv formada təşkil olunub və iştirakçıların yüksək fəallığı ilə seçilib. Aparılan şifahi və yazılı sorğular təlimin iştirakçılar üçün faydalı olduğunu və qarşıya qoyulan məqsədlərə çatdığını göstərir.
Qeyd edək ki, Layihə “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsinə yönəlib. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraq qrupları arasında mədəni irs sahəsində savadlılığın təşviq edilməsi nəzərdə tutulur. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanıb, həmçinin 4 təhsil müəssisəsinin şagird, tələbə və müəllim heyəti üçün müxtəlif mövzular üzrə seminarlar keçirilib. Həmçinin Layihənin tədbirlər planına əsasən, xarici ekspertlərin iştirakı ilə bir vebinarın təşkili, tədris vəsaitinin nəşri və Kütləvi Açıq Onlayn Kursların (MOOC) hazırlanması nəzərdə tutulur.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Fotolar