Regionlarda həssas sosial qrupların əmək bazarına inteqrasiyasına dəstək layihəsi uğurla davam etdirilir.
QHT.az xəbər verir ki, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 may 2025-ci il tarixindən etibarən “Regionlarda həssas sosial qrupa aid şəxslərin əmək bazarına inteqrasiyası” adlı sosial layihənin icrası uğurla davam edir.
Bu barədə layihə rəhbəri Mirzə Məmmədvəliyev məlumat verib.Onun sözlərinə görə, layihə 3 ay müddətində Sumqayıt şəhərində həyata keçirilir və əsas məqsədi müharibə iştirakçıları, qazilər və əlilliyi olan şəxslər kimi həssas əhali qruplarının məşğulluq imkanlarını artırmaq, onların sosial reabilitasiyasını dəstəkləmək və əmək bazarına inteqrasiyasını təmin etməkdir.
Layihə çərçivəsində bu kateqoriyaya aid xanım iştirakçılar üçün dərzilik və dizaynerlik üzrə peşə hazırlığı kursları təşkil olunmuşdur. Kurs müddətində iştirakçılar parça üzərində biçmə, tikmə və dizayn üzrə nəzəri və praktiki biliklərə yiyələnirlər.
Layihənin sonunda kursu uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq və onların məşğulluğunun təmin edilməsi üçün müvafiq addımlar atılacaq. Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi bu kimi təşəbbüslərlə həssas qrupların sosial-iqtisadi həyatda fəal iştirakını təşviq etmək, onların cəmiyyətə inteqrasiyasına və dayanıqlı gəlir mənbəyinə sahib olmalarına dəstək vermək niyyətindədir.