D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin birinci mərhələsi çərçivəsində növbəti tədbirini 2025-ci il 14 iyul tarixində Quba rayonu “Qızıl Qaya” restoranında təşkil edib.
QHT.az xəbər verir ki, tədbirdə 23 nəfər iştirak etdi. İştirakçılar əsasən Quba rayon bələdiyyə nümayəndələrindən ibarət idi. Tədbiri Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev açdı. Təlimi cəmiyyətin təlimçilərindən Əntiqə Qurbanova və Nabat Qəniyeva apardı.
Layihə iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə əsas məqsəd bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin inkişafı, eləcə də onların maliyyə dayanıqlığına dəstək göstərməkdir.
Tədbir zamanı iştirakçılara layihənin məqsədi və mövzuları barədə ətraflı məlumat verilib, geniş müzakirələr aparılıb. Xüsusilə bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinə dair məsələlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edilib ki, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qrantlar haqqında” qanuna edilən dəyişiklik Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Bu dəyişiklik bələdiyyələrin maliyyə dayanıqlığını artırmaq məqsədilə onlara qrant almaq imkanını tanıyır.
Tədbir zamanı iştirakçılar onları narahat edən məsələləri də gündəmə gətiriblər. Bunlar arasında reklamların yenidən bələdiyyələrə verilməsi, meyvə satışına olan maneələrin aradan qaldırılması, mədən vergisinin bələdiyyələr tərəfindən yığılması və yerli turizmin inkişafı üçün şərait yaradılması məsələləri xüsusi vurğulanıb.
İştirakçılara "Sosial xidmət haqqında" qanun və onun 26-cı maddəsinə əsasən sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən QHT-lərə verilməsi qaydasını müəyyən edən Fərman haqqında məlumat verilib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeydiyyat və müraciət formaları barədə iştirakçılar maarifləndirilib.
Tədbir zamanı iştirakçılara layihə təkliflərinin və hesabatların hazırlanması ilə bağlı praktik bilgilər də təqdim olunub. Tədris hissəsinin sonunda iştirakçılar kiçik qruplara bölünərək, sərbəst şəkildə bir ideyanı layihələndirmək və təqdim etmək tapşırığını yerinə yetiriblər. Hər qrupdan bir nümayəndə ideyanı təqdim edib.
Tədbirdə iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub.
Sonda isə iştirakçılara ev tapşırığı verilib: seçdikləri bir ideyanı layihə təklifi və büdcə formasında hazırlayaraq növbəti – ikinci mərhələdə təqdim etmələri istənilib.
Fotolar