Son günlər İran, Rusiya və Çin arasında nüvə proqramı ilə bağlı fəal diplomatik əlaqələr qurulub. Bu üç ölkə arasında artan əməkdaşlıq, xüsusilə də Qərbə qarşı mövqelərin koordinasiyası beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.
Paralel olaraq, İsrailin İranın nüvə obyektlərinə və hərbi infrastrukturuna qarşı hədəfəalan çıxışları və hücum ehtimalları da sürətlə artır.
İsrail rəhbərliyi, İranın nüvə imkanlarını öz milli təhlükəsizliyi üçün birbaşa təhdid kimi görür və İranı yeni hücumlarla hədələyir.
Bu fon özündə mühüm bir sualı ehtiva edir: Əgər İsrail Tehrana qarşı yeni bir hücuma başlasa, bu dəfə qarşısında yalnız İranı deyil, ona dəstək çıxan Rusiya və Çini də görə bilərmi? Turkustan.az olaraq bu sualı politoloq Tural İsmayılova ünvanladıq.
Tural İsmayılov
Mən düşünmürəm ki, hər hansı bir mərhələdə Rusiya və Çin İsraillə birbaşa qarşıdurmaya gedə bilər. Hazırda İranın mövqeyi müəyyən məsələlərdə Rusiya və Çin tərəfindən taktiki müttəfiq kimi qəbul olunsa da, bu münasibətlərin dərin strateji müttəfiqlik səviyyəsində olduğunu demək çətindir. Çin çox yaxşı anlayır ki, bölgədə İranın iqtisadi yüksəlişi onun maraqlarına uyğun deyil. Çin üçün İran, daha çox enerji tədarükçüsü və Qərbə qarşı balans yaratmaq vasitəsidir, lakin onun güclənməsi Pekin üçün arzuolunan deyil. Bu baxımdan Çin İsraili ideoloji və ya təhlükəsizlik baxımından bir təhdid olaraq görmür, həm də İran uğrunda İsraillə birbaşa qarşıdurmaya girməyə maraqlı deyil. Çin üçün daha ciddi və prioritet məsələlər Qərb ilə olan münasibətlər və Sakit okean regionunda təsir savaşıdır.
Rusiya isə, hər nə qədər İranla müttəfiq kimi görünməyə çalışsa da, bu münasibətlər də sanksiyalara qarşı məcburi əməkdaşlıq xarakteri daşıyır. Rusiya da İranın bölgədə aparıcı gücə çevrilməsini istəmir. Eyni şəkildə, İran da Rusiyanın dominant regional güc olmasını qəbul etmək istəmir. Bu səbəbdən tərəflər bir-birini tamamlayan deyil, zəruri şəraitdə əməkdaşlıq edən oyunçular kimi çıxış edirlər. Son İran-İsrail qarşıdurması da göstərdi ki, Rusiya bu münaqişədə heç bir halda İran tərəfdən aktiv şəkildə iştirak etmədi. Bu, həm Rusiyanın Ukraynada davam edən müharibə ilə məşğul olması, həm də İranla bağlı bütün kartlarını açıq oynamaq istəməməsi ilə bağlıdır. Rusiya üçün bu qarşıdurmada aktiv iştirak nə strateji qazanc, nə də regional üstünlük vəd edir.
Nəticə etibarilə, nə Çin, nə də Rusiya İran naminə İsraillə açıq qarşıdurmaya girməz. Bu, onların uzunmüddətli maraqları ilə ziddiyyət təşkil edir və indiki geosiyasi reallıq da bunu təsdiqləyir.
Aytən Yaşar/ Turkustan.az