İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı sensasion iddia ilə çıxış edib. Nəşrin yazdığına görə, Ermənistan hökuməti ABŞ ilə birlikdə gizli memorandum imzalayıb.
Turkustan.az xəbər verir ki, sənədə əsasən, Zəngəzur bölgəsindən keçən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən 42 kilometrlik yeni nəqliyyat dəhlizi yaradılacaq.
Dəhlizin adının “Tramp körpüsü” olacağı iddia edilir.
Məlumata görə, layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq. Ermənistan isə dəhlizdən əldə ediləcək gəlirin cəmi 30 faizini alacaq.
Nəşr yazır ki, bu memorandum artıq ölkələr tərəfindən təsdiqlənib və sənədin məzmunu erməni diasporasında yayılıb.
Ən diqqətçəkən məqamlardan biri də ABŞ-a məxsus hərbi kontingentin Ermənistan ərazisinə yerləşdirilməsi ilə bağlıdır. Lakin söhbət rəsmi ABŞ ordusundan deyil, təxminən 1000 nəfərlik özəl hərbi şirkətin əməkdaşlarından gedir. Onların güc tətbiq etmək səlahiyyəti olacağı bildirilir.
Nəşrin iddiasına görə, bu addım Ermənistanın Fransa və Avropa İttifaqı ilə əlaqələrini də zəiflədə bilər. “Tramp Körpüsü” layihəsi fonunda rəsmi İrəvanın Vaşinqtonun təsiri altına düşəcəyi və faktiki olaraq “ABŞ xüsusi təyinatlıları tərəfindən işğal olunmuş ölkəyə” çevriləcəyi vurğulanır.
“Periodista Digital” qeyd edir ki, bu layihə İran üçün də ciddi narahatlıq doğura bilər. Çünki dəhlizin reallaşması ABŞ-ı birbaşa İran sərhədlərinə yaxınlaşdıracaq və bu, regionda gərginliyi daha da artıracaq.
Hazırda bu iddialarla bağlı nə Ermənistan, nə də ABŞ rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib./modern.az