Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qərbi Azərbaycanın Səsi” layihəsi uğurla davam edir.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanın tarixi yaddaşını yaşatmaq, gənclərdə bu irsə maraq oyatmaq və onları milli-mədəni dəyərlərin daşıyıcısına çevirməkdir. Seminarlar çərçivəsində 20 nəfər gənc və yeniyetmə bir araya gəlib və onların iştirakı ilə Qərbi Azərbaycanın tarixi, mədəni irsi, abidələri, adət-ənənələri və sosial-hüquqi məsələləri əhatə edən interaktiv müzakirələr təşkil olunub.
Layihənin diqqətçəkən məqamı ondadır ki, gənclər bu mövzulara yalnız dinləyici kimi yanaşmırlar – onlar öz dili, baxışı və ifadə tərzi ilə Qərbi Azərbaycanı danışdırırlar. Onların qəlbindən süzülən düşüncələr, təqdim etdikləri çıxışlar və qrup işlərində sərgilədikləri yanaşmalar Qərbi Azərbaycanın tarixini sanki yenidən səsləndirir. Bu, biz layihə təşkilatçılarını heyran edir və göstərir ki, milli yaddaş sadəcə ötürülmür – canlanır və yaşanır.
Gənclər seminarlar zamanı Qərbi Azərbaycanla bağlı fərqli təqdimatlar hazırlayıb, oralarda doğulmuş babalarının, nənələrinin xatirələrini bölüşüb, tarixi faktları emosional və yaradıcı formada təqdim ediblər. Bəziləri şeirlərlə, bəziləri foto-kollajlarla, digərləri isə canlı çıxışlarla bu torpaqların səsini çatdırıblar. Bu, seminarların yalnız maarifləndirici deyil, həm də ilhamverici olduğunun göstəricisidir.
“Qərbi Azərbaycanın Səsi” layihəsi bir daha sübut edir ki, tarix sadəcə kitabların səhifələrində yox, gənclərin qəlbində və sözündə yaşayır. Onların marağı, enerjisi və həvəsi bu sahədə davamlı fəaliyyətlərin nə qədər vacib olduğunu göstərir. Layihə təkcə keçmişə baxış deyil, gələcəyə bir körpü kimi də dəyərləndirilə bilər.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə gerçəkləşən bu təşəbbüs, gənclərin potensialına inanaraq, milli kimliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Köçəri Nağıyev
Departasiya Qurbanları Cəmiyyəti İB-nin sədr