Zelenskinin qərarı Ukraynanı silkələdi: İkinci cəbhə açıldı – Sui-qəsd iddiası


Ukraynada siyasi gərginlik yeni mərhələyə qədəm qoyur. Prezident Volodimir Zelenskinin Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAPO) səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini imzalaması ölkə ictimaiyyətində narazılığa səbəb olub. Ekspertlər bu addımı antikorrupsiya institutlarının müstəqilliyinə zərbə kimi qiymətləndirir, vətəndaş cəmiyyətində isə Zelenskiyə etimadın azaldığına dair fikirlər səslənir.

Analitiklərin fikrincə, Ukrayna xalqı artıq mövcud hakimiyyətə qarşı daha sərt reaksiya göstərə, hətta Zelenskinin devrilməsi ehtimalı gündəmə gələ bilər.

Ukrayna prezidentinin bu cür addımları onun siyasi gələcəyi üçün hansı nəticələri doğuracaq?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Volodimir Zelenskinin iki mühüm təşkilatın statusunun dəyişdirilməsi ilə bağlı verdiyi qərarlar Ukraynada ciddi narazılıq yaradıb:

“Bunun müəyyən səbəbləri var. Sözügedən təşkilatlar vaxtilə Qərb institutlarının təşəbbüsü ilə yaradılmışdı ki, Ukraynada korrupsiyaya qarşı mübarizə şəffaf şəkildə aparılsın. Bu qurumlar hüquq pozuntularına ciddi yanaşır, günahkarları məsuliyyətə cəlb edirdilər. İndi isə Zelenski həmin strukturları Baş Prokurorluğun kurasiyasına verməyə çalışır. Bu da onun qeyri-konstitusion addımlar atdığını göstərir. Çünki belə bir dəyişikliyi prezident yox, yalnız parlament həyata keçirə bilər. Üstəlik, Zelenskinin prezidentlik müddəti artıq başa çatıb. Cəmiyyətin müxtəlif təbəqələri ayağa qalxaraq onun qanunları pozduğunu və özbaşınalığa yol verdiyini bildirirlər. Bu isə ölkədə korrupsiya və qanunsuz fəaliyyətlərin yenidən güclənməsi üçün zəmin yaradır”.

tofiq abbasov 900x600 1
Tofiq Abbasov

Tofiq Abbasovun sözlərinə görə, Ukrayna bu günlərdə ən həssas dövrlərindən birini yaşayır:

“Bir tərəfdən Rusiya ilə davam edən müharibə, digər tərəfdən isə daxildə yaranan narazılıqlar ölkədə ikinci bir cəbhənin açıldığını göstərir. Artıq bəzi çevrələr Ukrayna xalqının ikiqat düşmənlə (Rusiya və Volodimir Zelenski nəzərdə tutulur) üz-üzə qaldığını vurğulayır. Gələcəkdə müxtəlif siyasi qüvvələrin Zelenskiyə qarşı ciddi addımlar atması ehtimal olunur. Çünki bu, ölkə üçün çox mühüm və taleyüklü məsələdir. Zelenski hökmranlıq dövrünün sonuna yaxınlaşdığını hiss edir, bu səbəbdən özünün və komandasının mövqeyini möhkəmləndirməyə çalışır. Atılan addımlar da məhz bu məqsədə xidmət edir. Hətta onun devrilməsi və ya sui-qəsd ehtimalı da istisna edilmir”.


MANŞET XƏBƏRLƏRİ