Türkiyənin ən böyük şəhəri İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu üçün hazırlıqlar davam edir.
Turkustan.az xəbər verir ki, iclasın çərşənbə axşamı, iyulun 23-də Çırağan sarayında baş tutacağı və bir gündən çox sürməyəcəyi gözlənilir.
Rusiya əvvəlki tədbirlərə göndərdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. Lakin Ukrayna prezidenti Vladimir Zelenski son anda nümayəndə heyətinin tərkibini dəyişib .
Ukrayna lideri danışıqlar qrupunu 12 nəfərdən 14 nəfərə qədər genişləndirib.
Prezidentin saytında dərc olunan fərmana əsasən, Ukrayna nümayəndə heyətinə Ali Radanın insan hüquqları üzrə komissarının təhlükəsizlik və müdafiə sektoru orqanları sistemindəki nümayəndəsi Yuri Kolbasa, həmçinin Ukrayna Silahlı Qüvvələrinin (AFU) Baş Qərargah rəisinin müavini Yevgeni Ostryanski də qoşulub.
Bundan əlavə, bir dəyişiklik də baş verib: AFU Baş Qərargahının mərkəzi hüquq idarəsinin beynəlxalq və əməliyyat hüququ şöbəsinin müdiri Aleksey Malovetskinin əvəzinə danışıqlara onun müavini Andrey Fomin gedəcək.
Komandaya bundan sonra da keçmiş müdafiə naziri, hazırda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsində çalışan Rustem Umerov rəhbərlik edəcək. Heyətə Ukrayna kəşfiyyatının, Xarici İşlər Nazirliyinin və Ukrayna Prezidentinin Aparatının nümayəndələri daxildir./publika.az