Son günlər Ukrayna və Rusiya arasında iplər daha çox gərilməkdədir. Belə ki, Ukrayna kəşfiyyatçıları Krım körpüsünü partlatdı. Daha sonra Rusiya Ukraynanın bir sıra ərazilərinə, o cümlədən Sumiyə hücum həyata keçirdi. Sakinlər arasında kütləvi şəkildə ölən və yaralananlar oldu.
Məlumdur ki, Rusiya və Ukrayna arasında İstanbulda artıq iki görüş keçirilib və hər görüşdə nümayəndələr müəyyən irəliləyişlərin əldə olunduğunu bildirirlər. Lakin görünən mənzərə tam əksidir.
Dünya Rusiya-Ukrayna münasibətlərində sülhə ümid etdiyi bir vaxtda, münasibətlər daha da gərginləşir. Belə çıxır ki, atəşkəs niyyəti ilə baş tutan görüşlər əks təsir göstərir? Turkustan.az olaraq mövzu ilə bağlı sualımızı politoloq Samir Hümbətova ünvanladıq.
Samir Hümbətov
Bəli, 2 ölkə arasında münasibətlər gərginləşir, danışıqlar da hələ ki, nəticə vermir. Xüsusi ilə də Ukraynanın "Hörümçək toru" əməliyyatı ilə hər şey kökündən dəyişib. Düşünürəm ki, heç növbəti danışıqlar da fayda verməyəcək. Çünki, tərəflər hazırkı durumdan razı deyillər. Hələ vəziyyət bundan sonra daha da gərginləşə bilər. Hətta ehtimal var ki, çıxılmaz bir hal da ala bilər. Rusiyanın bu qədər inad göstərməsi, Ukraynaya dəstəyin davam etdirilməsi müharibənin uzanmasına səbəb olur. İndiki halda heç sülhdən söz gedə bilməz. Bu məsələnin həll olunmasının yeganə variantı ya tərəflərdən birinin məğlubiyyətini etiraf etməsi və yaxud da konsensus əldə olunmasıdır.
Aytən Yaşar/ Turkustan.az