Geniş seçim imkanları, ucuz qiymət və rahatlıq - bu üstünlükləriylə onlayn satış platformaları istehlakçıları özünə cəlb edə bilib. Azərbaycandakı yerli istehsalçılar və mağaza sahibləri isə onlayn alış-verişin çoxalmasıyla müştəri sayının günbəgün azalmasından gileylənirlər.
Onlayn ticarət imkanlarının artması alıcıların işini asanlaşdırsa da, satıcıların bazarını bağlayıb. Ölkədə fəaliyyət göstərən bəzi sahibkarlar virtual rəqiblərinə uduzurlar.
İqtisadçılar onlayn ticarətin ənənəvi alış-verişi geridə qoyma səbəbini vergi rüsumları ilə əlaqələndirirlər.
Bəs bu gedişlə sahibkarların aqibəti necə olacaq? Ümumiyyətlə, elektron ticarətin mənfi və müsbət tərəfləri hansılardır? Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı iqtisadçı Günay Hüseynovaya ünvanladıq.
Günay Hüseynova
Bəli, bu gün elektron ticarət vətəndaşlar üçün çox rahatdır. Çünki, bu gün ölkədə istər idxal, istər yerli istehsal olunan məhsullar vətəndaşa qat-qat bahasına təklif olunur. Lakin vətəndaş həmin məhsulu daha ucuzuna onlayn platformalardan əldə edir. Bundan əlavə, bildirim ki, bizdə yetəri qədər istehsal texnologiyası yoxdur. Yəni texnika, texnologiya və innovativ cəhətdən vəziyyət yaxşı deyil. İstehsal olunan məhsulun maya dəyəri ucuz qiymətə başa gəlmir ki, sahibkar da onu uyğun qiymətə satışa çıxartsın. Eləcə də xaricə idxal çox zəifdir. Bundan əlavə, yerli istehsal xarici rəqabətdə dayanıqlı deyil. Məsələnin mənfi tərəfi isə, sadəcə iqtisadi baxımdandır. Çünki, hər verilən sifariş ölkədən xaricə valyuta axını deməkdir. Bu gün ölkə neftdən asılıdır və dövlət büdcəsinin əsas hissəsini də neftdən gələn gəlir təşkil edir. Digər sahələrə yatırılan investisiyalar da neftdən gələn gəlir hesabınadır. Digər tərəfdən isə bu durum yerli sahibkarlığın, olan-qalan istehsalın tənəzzülə uğramasına səbəb olur.
Yaxın zamanda müəyyən qadağalar, müəyyən dəyişikliklərin olması gözləniləndir. Buna limitin aşağı salınması, verilən sifarişlərə nəzarətin güclənməsi də daxildir.
Aytən Yaşar/ Turkustan.az