“Kremlin beyni” elan etdi: Putin qorxunc plana start verir – Bu ölkələr təhlükədə


“Rus dünyası” ideyasının aparıcı ideoloqlarından biri və “Kremlin beyni” kimi tanınan Aleksandr Duqin növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, Ukraynaya qarşı müharibəni “Yeni Rusiya imperiyasının təməli” adlandıraraq, hərbi kampaniyanın yalnız bununla məhdudlaşmayacağını bildirib. Duqinə görə, keçmiş sovet respublikalarının yenidən Rusiyanın ətrafında inteqrasiyası məhz bu müharibənin nəticələrindən asılı olacaq.

Bu fikirlər açıq şəkildə postsovet ölkələrinin müstəqilliyini hədəfə alır və Kreml ideoloqunun dilindən səslənsə də, rəsmi Moskvanın strateji hədəflərinə işarə kimi qəbul edilir.

Bu yanaşma region ölkələri üçün hansı real təhlükələri ehtiva edir?

Turkustan.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Rusiya Prezidenti Vladimir Putin çıxışlarında SSRİ-nin dağılmasını daim böyük təəssüf hissi ilə xatırlayır:

“Duqinin son açıqlamaları yalnız bu günə dair arzularla məhdudlaşmır. Qısa müddət əvvəl Putinin müşaviri səviyyəsində SSRİ-nin hüquqi cəhətdən hələ də mövcud olduğuna dair iddialar irəli sürüldü. Ardınca Rusiya parlamentində bu məsələ araşdırılmalı və hüquqi qiymət verilməlidir fikirləri səsləndirildi. Bütün bunlar Rusiyanın həm ölkə daxilində, həm post-sovet məkanında, həm də beynəlxalq aləmdə ictimai rəy formalaşdırmaq cəhdləridir.

Əlbəttə, bu məsələlərdə Rusiya-Ukrayna müharibəsinin nəticəsi həlledici olacaq. Kreml üçün məqsəd təkcə Ukraynanı ram etmək deyil. Bu təhlükə hər bir keçmiş sovet ölkəsi üçün keçərlidir. Hətta bu gün Aİ və NATO üzvü olan Baltikyanı ölkələr belə risk altındadır. Şərqi Avropa dövlətləri də bu təhlükədən tam sığortalanmayıb.

Rusiya-Ukrayna müharibəsinə yalnız Donald Tramp administrasiyasının baxış prizmasından yanaşmaq doğru deyil. Burada açıq şəkildə müharibə cinayətləri mövcuddur. Cavabdeh şəxslərin beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb olunması əvəzinə, bəzi dairələr bu faktları görməzdən gəlir, Putinə bəraət qazandırmağa çalışır və işğalı qanuniləşdirmək cəhdləri ilə çıxış edirlər. Anlamaq lazımdır ki, cəzasız qalan cinayət yeni cinayətlərin yolunu açır. Əgər Ukrayna ram edilərsə, sabah başqa ölkələr də eyni aqibətlə üzləşə bilər”.

3db75b6b012a6e900dedc25194000e4c1695034988 3004595a9f7ad2facdacb4a12d84a8fb1682157851 a6718bb57e7c6407602f8cd6bd151c5111 jpg jpg jpg
Natiq Miri

Politoloqun sözlərinə görə, Duqin əslində Kreml siyasətçilərinin düşüncə tərzini ifadə edir:

“Belə açıqlamalar təsadüfi deyil. Bu gün Ukraynanı hədələmək əslində bütün dünyanı, xüsusilə də post-sovet ölkələrini hədələmək anlamına gəlir. Ona görə də hər bir dövlət öz təhlükəsizlik siyasətində bu məsələləri ciddi şəkildə nəzərə almalıdır. Rusiya kiminsə göz yaşına baxmır. Biz dəfələrlə Türk Dövlətləri Təşkilatının inteqrasiyasının, xüsusilə hərbi potensial daxil olmaqla bütün sahələrdə birliyin vacibliyini vurğulamışıq. Hər türk dövləti birinci növbədə birlik və həmrəyliyi əsas götürməlidir. Təhlükəsizliyin açarı da məhz buradadır.

Bu gün 40 milyonluq Ukrayna işğala məruz qala, yüz minlərlə insan həyatını itirə bilirsə, oxşar ssenarilər digər ölkələrin də qapısını döyə bilər. Hər kəs Rusiya qoşunlarını sərhəddə görməzdən əvvəl, Rusiyanın başladığı müharibəyə qarşı birgə müqavimət göstərməlidir. Kremlə elə bir dərs verilməlidir ki, digər ölkələrə yönəlik iştahı birdəfəlik kəsilsin.
Qeyd etmək lazımdır ki, Ukrayna son üç ildə heç vaxt dünənki hücum qədər Rusiyaya zərər verə bilməmişdi. Rusiya Hərbi Hava Qüvvələrinin demək olar ki, bütün strateji bombardman təyyarələri sıradan çıxarılıb. Bu, Kremlin imicinə və geosiyasi perspektivinə ciddi zərbə vurdu”.


MANŞET XƏBƏRLƏRİ