Sosial şəbəkələrdə Həcc ziyarətindən paylaşılan görüntülər qınaq obyektinə çevrilib. Videolarda qadın və kişilərin eyni çadırda gecələməsi əks olunub və bu, birmənalı qarşılanmayıb. Bildirilir ki, məsciddə, yas mərasimlərində tərəflər üçün ayrı yerlər təşkil edildiyi halda, Məkkədə buna əməl olunmur.
İslam dini bu haqda nə deyir?
Globalinfo.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, əksəriyyət Həcc ziyarətindəki biabırçılığı dilə gətirə bilmir:
“Məscidlərdə qadın və kişi üçün giriş qapısı belə ayrıdır, bir-birlərini qətiyyən görmürlər. Amma Kəbənin ətrafına dövr edəndə hər iki cinsin nümayəndəsi bir yerdə olur, az qala bir-birlərini tapdalayırlar. Bu da çox qəribədir. Bəzən namaz qılan kişi qəfil görür ki, yanındakı qadındır. Yaxud təvaf edəndə kişilərin çiyinlərinin bir hissəsi açılır, bədəninin müəyyən bölgəsi görünür. Bu, etik deyil. Hətta daha bərbad görüntülər də var. Bəzən qadınlar Kəbənin ətrafında namaz qılan ehramlı kişilərin tikişli paltar geyinmədiklərindən narazılıq edirlər. Biz də belə vəziyyətin şahidi olmuşuq, çox iyrənc mənzərədir”.
Elşad Miri
Dinşünas əlavə edib ki, həmin məkanların bəzilərində kişi və qadın çadırları bir arakəsmə ilə ayrılır:
“Bundan başqa, təmizliklə bağlı ciddi problemlər olur. Həqiqətən də Həcc ziyarətində deyilə bilməyəcək hadisələrlə qarşılaşırıq”.