Azərbaycanda may ayında toy etməmək ənənəsi hələ də qalıb. Hətta iddialara görə, bu adət ermənilərdən qaynaqlanır. Belə ki, əsrin əvvəlindən ermənilər 24 apreli “soyqırım” kimi qəbul ediblər və 40 gün yas tutublar. Bu səbəbdən may “uğursuz ay” kimi təqdim olunub.
Bunun tarixi əsası varmı?
Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, bu uydurma ənənə bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra başlayıb:
“O dövrdə hakimiyyətdə olan ermənilər informasiya yaydılar ki, guya mayda toy etmək bədbəxtlik gətirir. İllər boyu ölkəmizdə tətbiq edilən bu fikir yersiz qadağalardır. 1915-ci il, aprelin 24-də Türkiyənin daxili işlər naziri Tələt Paşa İstanbul və digər böyük şəhərlərdə erməni komitələrinin təcili bağlanması, millətçi erməni rəhbərlərinin həbsi və sənədlərinin müsadirəsi haqqında əmr verdi. 24 apreldə ermənilərin törətdiyi qırğınlardan sonra Osmanlı hökumətinin aldığı inzibati tədbirlə “Daşnak”, “Hınçak”, “Ramgavardır”, “Veragöz” kimi erməni cəmiyyətləri bağlandı, 235 erməni lideri həbs olundu. Məsələnin kökündə bu dayanır. Həmin zaman may ayının 24-nə qədər həbslər davam etdi. Osmanlı dövlətinin döyüş bölgəsində yerləşən ermənilər və digər xalqların təhlükəsiz yerlərə köçürülməsi barədə 30 may 1915-ci ildə, 14 valiyə göndərilən fərman tarixini və icrasını nəzərə alsaq bu, 40 gün edir”.
Zaur Əliyev
Tarixçi bildirib ki, may ayının bu cür “qaralanmasında” Bakıda yaşayan ermənilərin də rolu var:
“Onların uzun illər Bakıda yaşaması nəticəsində əhali arasında may “matəm ayı” adlandırılıb. Ona görə də deyilənlər insanlar arasında yayılan iddialardır. Lakin bu gün də mayın uğursuz olduğuna inananlar çoxdur. Təəssüf ki, Azərbaycan xalqı hələ də ermənilərin saxta fikirlərinə əməl edirlər”.