Komitə sədri Naxçıvanda yaşayan qocaman rəssama məktub ünvanlayıb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqova təbrik məktubu ünvanlayıb. Naxçıvanda yaşayıb-yaradan qocaman rəssamın 75 illik yubileyi ilə bağlı təbrik məktubunda deyilir:

"Hörmətli Həmzə müəllim,
Sizi 75 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz özünəxas mədəni mühiti, sənət gələnəyi olan Naxçıvan şəhərində anadan olmuş, orada yaşamısınız və bu amil sizin sənətə gəlişinizə təsirsiz ötüşməyib. Təsadüfi deyil ki, siz 1968-1973-cü illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU-da) ali təhsil alsanız da, sonra Moskvada Xalq İncəsənət Universitetinin (indiki Qiyabi Xalq İncəsənət Universitetinin) “Dəzgah boyakarlığı və qrafikası” şöbəsində ikinci ali təhsil almısınız (1978-1980). 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının, 2012-ci ildən Naxçıvan Rəssamlar Birliyinin üzvüsünüz.
Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda (1977), Urmiya şəhərində (2011) fərdi sərgiləriniz keçirilib. 5 il öncə isə Bəhruz Kəngərli adına Sərgi salonunda sizin 70 illiyinizlə bağlı təntənəli yubiley sərgisi təşkil olunub.
Siz respublika, keçmiş SSRİ və beynəlxalq səviyyəli bir çox festivala, yarışmalara və qarışıq sərgilərə qatılmış, öz sənət yeniliklərinizlə seçilmisiniz. – Bakı və Moskvada keçirilən “Zəhmətkeşlərin bədii özfəaliyyəti” adlı yaradıcılıq festivallarının laureatı (1975, 1977), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş rəsm yarışmasının qalibi (2016) və Naxçıvan Rəssamlar Birliyinin təşkil etdiyi “Naxçıvan-95”, “Yurdumun rəngləri” festival-yarışmasında (plakat nominasiyası üzrə) qaliblərdən biri olmusunuz (2019). Keçmiş Yuqoslaviyanın (indiki Serbiyanın) paytaxtı Belqradda keçirilən Beynəlxalq sərgidə (1977), qardaş Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Beynəlxalq sərgidə (2009), Bakıda – Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda keçirilən “Naxçıvan Rəssamlarının sərgisi”ndə (2011), qardaş Türkiyənin Adana şəhərində keçirilən II Beynəlxalq Sənət Festivalında (2018), Ərzurumda keçirilən Ümumi sərgidə (2019), “Naxçıvan - Bəşəriyyətin beşiyi” II, III, IV və V Beynəlxalq Rəsm Festivalında (2014, 2016, 2018, 2021) b. festivallarda, sərgilərdə uğurla iştirak etmisiniz.
Əsərləriniz Naxçıvan, Bakı və Təbriz şəhərlərində, qardaş Türkiyə, Türkmənistan və Qazaxstanda, eləcə də, Rusiya və Serbiyada bir çox şəxsi kolleksiyada, habelə Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyində, Hüseyn Cavidin Ev Muzeyində, Milli Dəyərlər Muzeyində, Xatirə Muzeyində, Qarabağlar Türbə Kompleksində, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində və b. mədəniyyət-sənət ocaqlarında qorunub saxlanılır.
Milli Məclisin Mədəniyyət Komitəsi adından Sizi yubileyiniz və bütün sənət uğurlarınızla bağlı bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

Onu da vurğulayaq ki, bu gün Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda Həmzə Sadiqovun 75 illik yubileyi ilə bağlı təntənəli tədbir keçiriləcək.
MM Mədəniyyət Komitəsinin sədr müavini, Əməkdar rəssam Ülviyyə Həmzəyeva yubiley tədbirində çıxış edərək Fazil Mustafanın Təbrik məktubunu yubilyara təqdim edəcək.


MANŞET XƏBƏRLƏRİ