Fazil Mustafa İlham Qəhrəmanı təbrik edib


Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzeti” redaksiya heyətinin üzvü, şair-publisist İlham Qəhrəmanı yubileyi ilə bağlı təbrik edib.
Komitə sədrinin məktubunda şairin həyat və fəaliyyətinin önəmli məqamlarına vurğu edilib:

“Hörmətli İlham müəllim,
Sizi anadan olmağınızın 65 illiyi ilə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Çox şadam ki, bu ilki yubileyinizi doğma Susun, Laçının düşmən tapdağından qurtuluşunun, orada abadlıq-quruculuq işlərinin geniş vüsət almasının sevinci, qüruru içində keçirirsiniz.

Siz ədəbiyyata ötən yüzilliyin 80-ci illərində gəlmisiniz. Bakıda, Təbriz, Tehran və Tiflisdə kitablarınız gün üzü görüb. Şeir toplularınızla yanaşı, “Laçın folkloru”, “Laçın lətifələri” kitablarını da siz tərtib etmisiniz.
Sizin 2004-cü ildə Bakıda yayımlanan “İlham qapısı” kitabınızda isə müxtəlif illərdə fərqli sənət sahəsinin təmsilçiləri (şairlər, yazıçılar, rəssamlar, tənqidçilər, bəstəkarlar, jurnalistlər) ilə etdiyiniz maraqlı ədəbi söhbətlər toplanıb.
Sarı Aşığın “Gül dəftəri” kitabı da sizin uzun illər içində o taylı-bu taylı Azərbaycandan topladığınız materiallar əsasında araya-ərsəyə gəlib.
Siz bir tərcüməçi kimi də öz qələminizi sınamış, klassik yapon hayku ustalarından Tiyö, İssa və Buson yaradıcılığından, habelə çağdaş rus şairlərindən tərcümələrlə çıxış etmisiniz.
Folklor gələnəkləriylə sıx bağlılıq, canlı xalq danışıq dili elementlərindən yaradıcı bəhrələnmə, orijinal bədii təsvir və ifadə vasitələri sizin ictimai mövzulu, yurd həsrətli, məhəbbət duyğulu şeirlərinizin yaddaqalan özəllikləridir. Ədəbiyyatşünaslar sizi daha çox lirik şair olaraq tanıdır.

“Gülüm yarpıza döndü” (Bakı, 1999), “Ağlama ququşu” (Bakı, 2002), “Ey dil” (Bakı, 2006), “Əsir dağlar” (Tehran, 2009), “Dəyirmanın alt daşı” (Bakı, 2009), “Sevgi durna çırağıdır” (Bakı, 2014), “Məni bizə gətir” (Təbriz, 2017), “Ağlama, qələm eşidir” (Bakı, 2018), “Şairin vətəni sevgidir” (Bakı, 2019), “Nə qaldı?” (Aşıq Alı; Bakı, 2020), “Bir adamlıq şəhər” (Bakı, 2022), “Ulduzlu gecə” (Tiflis, 2023), “Dəyirmanın su dərdi” (Bayatılar; Bakı, 2024) – bunlar sizin müəllifi, tərtibçisi, redaktoru olduğunuz kitabların bir bölümüdür.
Sizi yaradıcılıq uğurlarınız və yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!


MANŞET XƏBƏRLƏRİ