ŞOK: Ermənistanda azərbaycanlı əsirlər evlərdə işlədilir? – “1992-ci ildə 4 əsgəri…”


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün keçirilən brifinqində bildirildi ki, Birinci Qarabağ müharibəsi zamanı 872 azərbaycanlının sağ-salamat şəkildə ermənilər tərəfindən əsir götürüldüyünə dair məlumatlar var. Hətta onlardan təxminən 253 nəfərin Ermənistana aparıldığı qeyd olunub.

Xatırladaq ki, işğal dövründə Birinci Qarabağ müharibəsi zamanı sağ qalmış və əsir götürülmüş bəzi azərbaycanlıların Ermənistanda olduğu, hətta müxtəlif sahələrdə, inşaatda, eləcə də evlərdə işlədildiyinə dair iddialar səsləndirilirdi.

Belə bir şey mümkündürmü? Sözügedən iddialarla bağlı dəqiq faktlara, şahid ifadələrinə rast gəlinibmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan ordusunun ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev azərbaycanlıların hələ də Ermənistanda işlədilməsinə dair faktla rastlaşmadığını bildirib:

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası geniş məlumat bazasına malikdir. Ölkədə itkin düşənlərin ailələri, girov götürülmüş sonra Azərbaycana qaytarılmış vətəndaşlarla görüşləri, müsahibələri məhz bu komissiya həyata keçirir. Həm açıq mənbələr, həm də hüquq mühafizə orqanları və güc strukturlarının əldə etdiyi məlumatlar aidiyyəti üzrə bu dövlət komissiyasına təqdim olunur. Onlar bu məlumatların bazasını yaradıblar. Əsir və girov götürülmüş hər bir şəxsə dair informasiya bu komissiyanın bazasında məxfi olaraq saxlanılır. Bu məlumatlar zamanı gəldikdə ictimaiyyəti məqbul olduğu qədər çatdırılır”.

Ədalət Verdiyev

Ekspert Birinci Qarabağ müharibəsi zamanı Laçında 4 əsgərinin itkin düşdüyünü açıqlayıb:

“Bu mövzuda sadəcə bir şey deyə bilərəm. 1992-ci il oktyabrın 7-də Laçın rayonunun Qızılca kəndi istiqamətində mənim 4 əsgərim itkin düşüb. Lakin onlar döyüş şəraitində itkin düşməyiblər. Həmin vaxt arxadakı kənd ermənilər tərəfindən işğal edilmişdi. Mən bölüyün çıxarılması üçün onları təhlükəsiz yol açmağa göndərmişdim. Lakin heç bir atəş səsi eşidilmədən həmin əsgərlərlə əlaqə kəsildi. Sonradan onların itkin olduğu barədə məruzə etdim. Bu günə kimi həmin 4 əsgərdən xəbər yoxdur. O əsgərlər itkin kimi qeydiyyata alındılar, sonra onlara şəhid statusu verildi”.


MANŞET XƏBƏRLƏRİ