“Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək?


Gələn həftə İsveçin Malmö şəhərində “Avroviziya” mahnı müsabiqəsi start götürəcək. Dünyanın ən böyük canlı musiqi tədbiri hesab edilən müsabiqəyə 37 ölkədən gələn iştirakçılar qatılacaq.

68-ci dəfə keçirilən yarışma üçün həftə ərzində 89 ölkədən təxminən 100.000 ziyarətçinin Malmöyə gələcəyi gözlənilir.

Mayın 7-də müsabiqənin birinci yarımfinalı, mayın 9-da isə ikinci yarımfinalı keçiriləcək. Mayın 11-də “Avroviziya”nın böyük final mərhələsi baş tutacaq.

İsveçin 362 min əhalisi ilə üçüncü ən böyük şəhəri olan Malmödə 1992 və 2013-cü illərdə də “Avroviziya”ya ev sahibliyi edib. İsveçdə ümumilikdə 7 dəfə bu müsabiqə keçirilib.

Müsabiqənin ilk yarımfinalında Kipr, Serbiya, Litva, İrlandiya, Ukrayna, Polşa, Xorvatiya, İslandiya, Sloveniya, Finlandiya, Moldova, Azərbaycan, Avstraliya, Portuqaliya və Lüksemburq, ikinci yarımfinalında isə Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland təmsilçiləri çıxış edəcək.

Hər yarımfinalda ilk 10 yer tutan iştirakçılar final mərhələsinə adlayacaq. Əvvəlki ilin qalibi və ev sahibi ölkə (İsveç), həmçinin “Böyük beşlik” ölkələri - Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniya finala avtomatik keçid edir. Beləliklə finalda ümumilikdə 26 tamaşa olacaq. Qeyd edək ki, “Böyük beşlik” ölkələri Avropa Yayım Birliyinə (EBU) ən böyük maliyyə töhfəsini verən ölkələr hesab edilir. Bu ölkələr 2000-ci ildən bu yana birbaşa finalda yarışırları.

Mahnı müsabiqəsi 37 iştirakçı ölkə tərəfindən yayımlanacaq. Yayıma, həmçinin “YouTube”da baxmaq mümkün olacaq.

“Eurovisionworld fan” saytının məlumatına görə, bukmeker kontorları İsveçrəni budəfəki yarışmanın favorite hesab edir. Belə ki, isveçrəli reper və müğənni Nemo Mettlerin səsləndirdiyi "The Code" mahnısının qalib olmaq şansı 23% hesab edilib.

İki yarımfinalın nəticəsini tamaşaçılar müəyyən edəcək. Böyük Finalda isə tamaşaçılar və peşəkar münsiflər səs verir. Mahnı müsabiqəsini isveçli komediya ustası və aktrisası Petra Mede və isveçli amerikalı aktrisa Malin Akerman təqdim edəcək.

Qeyd edək ki, “Avroviziya” mahnı müsabiqəsi dünyanın ən böyük televiziya tədbirlərindən biridir və 1956-cı ildən hər il keçirilir. Müsabiqədə İsrail və Avstraliya, əksər Avropa ölkələri iştirak edir. Müsabiqə 2023-cü ildə ictimai xidmət bazarları vasitəsilə 162 milyon insana çatıb.

İsveç və İrlandiya hərəyə yeddi qələbə ilə “Avroviziya” tarixinə liderlik edir. Fransa, Lüksemburq, Böyük Britaniya və Niderland hər biri beş dəfə qalib gəlib. İsveçli müğənni Loreen keçən il Liverpulda keçirilən müsabiqədə ikinci dəfə "Tattoo" mahnısı ilə qalib olub. O, irlandiyalı Conni Loqandan sonra müsabiqədə iki dəfə qalib gələn yeganə şəxsdir.

Qeyd edək ki, Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər. (modern.az)


MANŞET XƏBƏRLƏRİ