Qazaxın kəndləri ilə bağlı yeni fakt üzə çıxdı – “Köçəryan və Sərkisyanın dövründə…”


“Tavuşun Kirant kəndində etiraz edən sakinlərin əsas qayəsi yaşayış yerlərinin, oradakı evlərinin aqibətinin necə olacağıdır”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vahe Qalumyan deyib.

Deputat özünün də həmin kənddən olduğunu bildirərək sakinlərə çağırış edib:

“Mən həmin rayonun sakiniyəm. Doğulduğum yerlərdir. Orada kəndlilərin dərdi hökumətə tələblər qoymaq, dövlətlərarası yolu bağlamaq deyil, evlərin aqibətinin necə olacağıdır. Baş nazir dəfələrlə həmin şəxsləri qəbul edib və deyib ki, məsələ dövlətin məsuliyyətindədir.

Vahe Qalumyan

Kirant kəndi boyunca ümumilikdə 11 məntəqədə sərhəd dirəyi olmalıdır ki, bunun 7-8-nin yerləşdirilməsi üçün yaxın günlərdə demarkasiya işləri həyata keçirilməlidir. Ərazidə yaşayan sakinlərin mülk şəhadətnamələrinin yoxlanılması xahişi ilə 3-4 dirəyin yerləşdirilməsi təxirə salındı”.

Deputatın sözlərinə görə, həmin ərazidən keçən dövlətlərarası yolun istiqaməti bir neçə dəfə dəyişdirilib:

“Əvvəlki hakimiyyət Kirant-Voskepar yolunun tikintisinin dayanmasının səbəbini niyə açıqlamadı? 2015-ci ilə qədər (Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın dövründə – red.) oradan keçən yol 4 dəfə dəyişdirilib. O vaxt heç kim Kirant xalqının gözünün içinə baxıb deyə bilmədi ki, Azərbaycanla sərhəd əslində həmin ərazidən keçmir. Bu gün Ermənistanın müdafiəsindən, Azərbaycanın hücum ehtimalından danışılır. Erməni əsgər ölkəni müdafiə etmək üçün Kirantdan döyüşə başlaya bilər. Onun Xeyrimlidə dayanıb döyüşməyi doğru deyil. Sərhəddə ordu yox, sərhədçilər olmalıdır”.


MANŞET XƏBƏRLƏRİ