NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNDƏ ALLAHIN VƏSFİ


Nizami - 880

Şərq ədəbiyyatında qəsidənin bir növü olan minacatda ulu yaradanın vəsfi, qüdrəti, böyüklüyü, təkliyi, ilahi keyfiyyətləri və insan təsəvvüründəki ucalığı tərənnüm olunur. Kainatın yaradıcısı kimi qeyri-adi nizamlayıcı funksiyası, hər şeyi yerinə qoya bilməsi vurğulanır. Klassik ədəbiyyatda istər şeir divanlarının, istərsə də poemaların başlanğıcında bir qayda olaraq minacatlar ənənəvi xarakter almışdır. Təbii ki, Nizami Gəncəvi də bu ənənədən kənarda qalmamış, bütün poemalarının başlanğıcında Allahın qüdrəti və əzəmətini vəsf etmişdir.

Şəfqətli, ədalətli Tanrının adı ki var,

Hikmət xəzinəsini açan açardır, açar.

Hər sözün, düşüncənin odur əvvəli, sonu,

Nə söyləsən, Tanrının adıyla qurtar onu.

İlk poeması olan "Sirlər xəzinəsi"ni bu beytlərlə başlayan Nizami hər bir kəlamı, hər bir işi Allahın adıyla başlayıb, Allahın adıyla bitirməyi tövsiyə edir. Çünki bütün hikmət xəzinələrinin açarı məhz ulu yaradanın ad ilə bağlıdır. Qeyd etməliyik ki, bu beytlər "Bismillahir-rəhmanir-rəhim" – "Mehriban və bağışlayan Allahın adı ilə" ayəsi ilə səsləşir.

Şair aşağıdakı beytdə Allahın bütün kainatın sirlərini açdığı halda, amma insan övladının hər bir günahının, hər bir şər əməlinin üstünü örtdüyünü qeyd etməklə həm güclü bir təzad yaratmış və eyni zamanda Allahın "səttarəl-uyyub", yəni eyibləri örtən kimi cəlal sifətini əks etdirmişdir:

O, gizli pərdəsini açar sirli göylərin,

Üstünə pərdə çəkər hər günahın, hər şərin.

"Sirlər xəzinəsi" poemasının başqa bir yerində Nizami Allahın daha bir gözəl sifətini – "ğəffarəz-zunub", yəni günahları bağışlayan olmasını nəzmə çəkmişdir:

Pozulmaz hökmləri hökmüylə pozan odur,

Günahları əfv edən, mərhəmət yazan odur.

Şair dünyada hər şeyin bir əvvəli və sonu olduğu halda, Allahın zatı və yaradılışının nə əzəli, nə də sonu olduğunu qeyd edir:

Əvvəlini arasan – əzəlsiz bil sən onu.

Axırını sorsalar – sonsuzluqdadır sonu.

Ondan başqa nə varsa, ömrü deyil əbədi,

Onun ülvi varlığı bilməz ki, heçlik nədir.

Şair deyir ki, həm məhəbbətin, həm göz yaşının, həm də ona tərif söyləyən ayın, günəşin, sonsuz göylərin sahibi Allahdır. Onun qüdrətidir ki, eyni torpaqdan həm şəkər qamışı, həm də tikanlı gül bitir.

Üzündə ismətin də, qısqanclığın da odu,

O həm göz yaşı verər, həm də məhəbbət odu.

Ecazkar qüdrətinə min‐min afərin söylər,

Parlaq aylı, günəşli, sonsuz cəlallı göylər.

Gizləsə kərəmini nurlu pərdədə – tüldə,

Bitməz şəkər qamışı, bitməz tikanlı gül də.

Minacatların birində Nizaminin aşağıdakı beytlərinin "Qurani-kərim"in "İxlas" surəsi ilə nə qədər həmahəng olması heyrət doğurur:

Mümkünmüdür bənzədək varlığını bir şeyə?

Kimsə sənə bənzəməz, bənzəməzsən kimsəyə.

Dəyişməyən özünsən bu sonsuz kainatda,

Ölməzliyin timsalı varlığındır həyatda.

Biz hamımız faniyik, əbədiyyət sənindir,

Uca göylər, qüdsiyyət, təmiz niyyət sənindir.

Şair Allahın səcdəyə layiq yeganə bir qüdrət sahibi olduğunu və ondan başqa birisinə səcdənin haram olduğunu qeyd edir. Eyni zamanda "İnnə lilləhi və innə iləyhi raciun" – "Səndən yarandıq, sənə doğru qayıdırıq" ayəsinə uyğun olaraq sonda Allaha doğru qayıtmamızı bədii cəhətdən nəzmə çəkir:

Səcdə həmayilini kim deməz: mən taxaram,

Səndən başqa varlığa səcdə haramdır, haram.

Kimə pənah aparaq səndən başqa dünyada?

Pənah varmı sığınaq? Amandır, yetiş dada!

Yalnız öz dərgahındır bizim qibləgahımız,

Əgər sən də olmasan, kim olar pənahımız?!

Yuxarıdakı misralar, eyni zamanda "Yasin" surəsinin 61-ci ayəsi ilə ("Yalnız mənə ibadət edin ki, bu düz yoldur!") səsləşir.

Ensiklopedik biliyə malik olan Nizami, şübhəsiz ki, dini və "Qurani-kərimi" də mükəmməl bilmişdir. Şair poemalarının bir neçəsində Yer, Ay, Günəş, ulduzlar və başqa planetlər haqqında danışarkən onların düzülmüş və hərəkətlərində müəyyən (ölçü) və nizam olduğunu və bunların yalnız yaradana məxsus olduğunu qeyd edir. Fikrimizi əsasandırmaq üçün "Xosrov və Şirin" poemasından seçdiyimiz bu beytlər "Qurani-kərimin" "Rəhman" surəsi ilə necə də səsləşir. "Rəhman" surəsində oxuyuruq: "Rəhman olan Allah insana Quran göndərməklə Günəş və Ayın müəyyən hesab ilə hərəkətdə olduğunu öyrətdi. Göyü ucaldan, qanun və mizanı (ölçünü) qoydu.

Nizami isə bu həqiqəti şeir dili ilə belə yazır:

Neçin yer sabitdir, ulduzlar səyyar?

Кim ona "get" dedi, buna "tut qərar?"

Ulduzlar don geyib rəngə boyanmış,

Sanкi ibadətə hazır dayanmış.

Boş-boşuna deyil bunca hərəkət,

Bir məqsədi vardır onların, əlbət.

Hər bir hərəkəti törədən vardır,

Ağıllı insana bu aşikardır.

Qarı cəhrəsınə bax, qiyas apar,

Fələk çərxini də bir hərlədən var.

Göründüyü kimi, şair Allahın kainatı hərəkətə gətirməsini qarının cəhrəni hərəkətə gətirməsi ilə müqayisə edərək çox sadə, lakin inandırıcı bir dəlil gətirmişdir.

"Xosrov və Şirin" poemasının "Yaradanın təkliyi" bölməsində oxuyuruq.

Bu qara torpağa sükunət verən,

O sonsuz fələyə hərəkət verən,

Dilimdə hər şeydən uca bir ad var.

Bu ada bağlıdır bütün varlıqlar.

Təkdir, misilsizdir, – kim deyil agah?

Tanrılar da ona deyirlər Allah.

Tanrı şəriksizdir, təkdir, uludur,

Bütün bu məxluqat onun quludur...

Məncə, Allahın hər şeyi hərəkətə gətirən yeganə və şəriksiz qüdrət sahibi olmasını bundan gözəl vəsf etmək mümkün deyil. Şair kainatın heyvanatı, nəbatatı və cəmadatı yaradıb insanın ixtiyarına verən Allahın bizdən yalnz düz yola hidayət olunub, onun dərgahına həmd-səna etməyi buyurmaqla yaradanın ədalət və səxavətinin nə qədər sonsuz olduğunu yazır:

Gah qara torpaqdan reyhan yaradır,

Gah sudan bizimtək bir can yaradır.

Bizə ağıl verdi, tanıyaq onu,

Bəsirət verdi ki, tutaq yolunu.

Nizami bu fikri "Minacat" bölməsində daha da inkişaf etdirərək deyir:

Sənin xidmətində buyurdun, duraq,

Muzdunu verməyi vəd etdin ancaq.

Sənin xidmətində hər axşam-səhər,

Dururuq qüvvəmiz çatdığı qədər.

Adımız bəndədir, qulunuq əlbət,

Qulların borcudur ağaya xidmət.

Yenə həmin hissədə Nizami, bəndəsinin pis gününə dözərək Allaha asi olmaması, yaxşı günündə isə yaradanı unutmaması və haqq yolundan azmaması üçün Allahdan səbr diləyir:

Səbr versən mənə, pis günə dözüm,

Qoyma xoş günümdə unudum, özün.

İnam cilovunu çəк doğru yola,

Qoyma çıxsın yoldan sağa, ya sola.

Kainatı qüsursuz yaradan Allahın tərifini şair sonrakı poemalarında daha da inkişaf etdirmişdir. "Leyli və Məcnun" poemasndan bu parçaya nəzər yetirək:

Bütün varlıqları özün yaratdın,

Bağlı qapılara açardır adın.

Ey bütün varlığın həyat təməli,

Yetməz dərgahına bir insan əli.

Sənin tərifindir "təbarəkallah",

Alqış cəlalına, feyzinə, Allah!

Nizami bütün varlığını Allahın bir dəfə "kun" – "yaran" deməklə yarandığını deyir:

Bütün bu canlılar, cansızlar ki var,

"Yaran" deməyinlə yarandı onlar…

Hardasa dünyanın dövləti, varı,

Bu iki hərfdir onun açarı.

Hər bir şeyin əvvəli və sonunun göylərin gecə ilə gündüzün sahibinin Allah olması fikirini Nizami "Yeddi gözəl" poemasında belə ifadə edir:

Hər bir başlanğıcın ibtidasısan,

Sonların sonusan, intəhasısan.

Sübhün çırağını yalnız sən verdin,

Səhərə quş verdin, quşa dən verdin.

Bu qara pərdəni, ağ pərdəni sən,

Tapşırdın Günəşə, Aya əzəldən.

Yolunu izləyən: gecə və gündüz,

Sarayında qoşa qulundur, sözsüz.

Burada səhərin quşu – günəş, quşun, yəni günəşin ruzisi işıq, qara pərdə gecə, ağ pərdə gündüz deməkdir.

Bu mövzü ilə bağlı şairin "İskəndərnamə" poemasında bir neçə beyti nəzərdən keçirək:

Ey Tanrı dünyaya sənsən padişah,

Biz kiçik bəndəyik, sən böyük Allah.

Tək sənə sığınır hər yüksək, alcaq,

Hər varlıq yoxluqdur, sən varsan ancaq.

Yuxarı, aşağı hər gözə çarpan

Nə varsa, onları sənsən yaradan.

Nizami qeyd edir ki, o şəxsin ki, başını Allah ucaldır, külli-aləm əyə bilməz, o şəxsin ki, başını Allah əyirsə, kimsə dikəldə bilməz:

Ey Tanrı, sən hansı başı ucaltsan,

Əyə bilməyəcək onu bir insan.

Qəhrinlə hər kimin əysən boynunu,

Kimsənin köməyi dikəltməz onu.

Nizaminin fikrincə, əsli, zatı pak olan Allahı vəsf etməkdə dil acizdir. Allah nə yerdə, nə göydədir, o, hər yerdədir. Onun mövcudluğu zatındadır və məkansızdır:

Hikməti gizlindir, hökmü aşikar,

Onun tərifinə dil aciz qalar.

Əsli pak, zatı pak, təkdir vücudu,

Nə oddur, nə torpaq, nə yel, nə də su.

Desək ki, göydədir o pərvərdigar,

Ona təzim edən yer tənha qalar.

Yox, əgər yerdədir, söyləsək, Allah,

Şənini alçaltmaq olmazmı günah?!

Məbudun zatından danışan zaman

Axtarma nə göydə, nə yerdə məkan.

Nizami fikirlərinin yekunu olaraq özünün də nicatının yalnız Allahın qapısında olduğunu və həmin qapıya pənah gətirdiyini söyləyir:

Səndə axtardığım istək yaxşıdır:

Sənə könül açıb demək yaxşıdır.

Sirri desəm yada, xar eylər məni,

Səninlə danışmaq ucaldar məni.

Sən ey Nizamini bəsləyən Allah,

Qovma ki, qapına gətirmiş pənah.

Elşad NƏSİROV,

Masallı rayonu, Qüdrət Babayev adına Mahmudavar

kəndümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ