Elşən Miirşli
Gəncə şəhəri, tarixçi
III Yazı
1939-cu il 6 sentyabrda Məmməd Əmin Rəsulzadə Dünya müharibəsinin başlanması və Polşanın sentyabrın 1-də almanların, sentyabrın 18-də isə rusların işğalı üzərinə bu ölkəni tərk etdi. İkinci Dünya Müharibəsi illərində türk-tatar əsirlərindən milli legionlar yaratmaq fikrini iki türk generalı sürmüşdü.Bu generallar Hüseyn Hüsnü Emir Erklet və Qafqaz İslam Ordusunun və Azərbaycanda ruslara qarşı Qarabağ üsyanının başçısı və əbədi komandanımız xilaskarımız Nuru Killigil idi. Məmməd Əmin Rəsulzadə şəxsi əlaqələri vasitəsilə türk, müsəlman və yəhudiləri əsirlikdən azad edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı və böyük dövlət xadimimiz idi. Məmməd Əmin Rəsulzadə Şərqdə demokratik xalq dövləti qurmaqla qalmayıb, mücadilə şüarını “İnsanlara hürriyət,millətlərə istiqlal” sözləri ilə başlayırdı.İllər keçdikcə Rəsulzadənin tariximizdə yeri daha parlaq və əzəmətli görünür. Azərbaycan Xalq Cümhuriyyəti Qərbi Avropa dövlətləri və demokratiyaları tipində xalqın bütün nümayəndələrini içinə alan hökumət üsuli-idarəsi idi.Bu dövlətdə hakimiyyət Parlamentin əlində olmuşdu. Parlamentdən etimad almadıqca heç bir hökumət iş başında qala bilməzdi. Məmləkətdə süqutuna qədər tam mətbuat və söz azadlığı mövcud olmuşdu.
Məmməd Əmin Rəsulzadə və dava yoldaşlarının 2 illik hakimiyyət dövrü və mühacirətdəki fəaliyyətləri olmasaydı, SSRİ dönəmində Azərbaycan Sovet Sosialist Respublikası olmayacaqdı. Ən yaxşı halda Rusiyanın subyekti olaraq yaşayacaqdı.
1941-ci ilin sentyabrında Berlinə gələn Nuru Paşa Alman dövlət rəsmiləri ilə əlaqələr qurub görüşlər keçirdi. Nuru Paşanın başlıca məqsədi həm də alman əsirliyində olan türk-müsəlmanları ölümdən xilas etmək idi. Almanlar hərbi əsirlərlə iş aparmaq məqsədilə ayrı-ayrı xalqların mühacirətdəki liderləri ilə əlaqələr qurdular.Bununla əlaqədar almanlar ötən illərdən Almaniyada fəaliyyət göstərmiş mühacir liderlərə xüsusi önəm verdilər.
1941-ci ilin avqustundan fəaliyyətə keçən komissiyalar düşərgələrdəki əsirlərlə görüşməyə başladı. İdil-Ural komissiyasına (buraya tatarlar,başqırdlar, çuvaşlar və fin xalqlarının nümayəndələri daxil idi) Əhməd Teymur,Türküstan komissiyasına özbək Vəli Qəyyum xan, Şimali Qafqaz komissiyasına Əli xan Qantəmir, Azərbaycan komissiyasına Məmməd Əmin Rəsulzadə daxil idi.Bundan əlavə,Gürcüstan və Ermənistan üçün də müvafiq komissiyalar vardı. Məmməd Əmin Rəsulzadə “Azərbaycan Milli Komitəsi”nin üzvü olur və “Azərbaycan Milli Komissiyası”na başçılıq edir.
Bu komissiyaların başlıca məqsədi əsirləri ölümdən xilas etmək idi. Legionların yaradılması istiqamətində ilk çalışmalar 1941-ci ilin noyabr ayından başlandı. Müharibə illərində (1939-1945) Məmməd Əmin Rəsulzadənin daimi yaşadığı ünvan Rumıniya Buxarest olmuşdu. O, burada yaxın dostu,Türkiyənin Rumıniyadakı səfiri Həmdulla Sübhi Tanrıövərin himayəsində yaşayır və əsirlərin xilası, BerlindəkiAzərbaycan Milli Komitəsinin işində iştirak üçün Almaniyaya gedirdi.
1941-ci ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində Nizami Gəncəviyə həsr etdiyi “Azərbaycan şairi Nizami (1141-1209)” əsərini yazır.
1943-cü il 5 avqustda Azərbaycan legionerləri qarşısında çıxış edir. Almaniya hökumətinin yürütdüyü siyasətlə razılaşmadığını bildirib bu ölkəni tərk edir.
1944-cü il 23 avqust-Rumıniyanın 1944-cü ilin aprelində ABŞ təyyarələri tərəfindən bombalanmasından sonra burada baş verən bir çevrilişlə baş nazir və kondiketor İon Antonesku (İon Victor Antonescu) hökuməti devrilir.Yeni hökumət ruslarla atəşkəs elan edir.Bu vəziyyətdə Məmməd Əmin Rəsulzadə Buxaresti tərk etmək məcburiyyətində qalır.
1945-ci ildə Rumıniya ruslar tərəfindən işğal edildikdən sonra Avstiyaya gəlir, “İmperial” mehmanxanasında yaşayır, sonra Almaniyanın Mittenvald bölgəsində qaçqın düşərgəsində olur. Burada “Azərbaycan Demokrat Birliyi”ni yaradır.Bu birliyin də başlıca məqsədi Azərbaycan türklərini xilas etmək onların sovet dövlətinə verilməsinin qarşısını almaq idi. Çünki SSRİ dövləti legionerlərin bir hissəsini ya həbs edir,digər hissəsini çoxunu güllələyirdi.
1946-cı ilin 5 avqustunda Məmməd Əmin Rəsulzadə müvəqqəti yaşadığı Mittenvald bölgəsindən dostu, Türkiyənin Rumıniya böyükelçiligində 4 il hərbi attaşe olaraq çalışmış (1940-cı ilin 23 iyunundan 1944-cü ilə qədər) albay Kənan Kocatürkə məktub yazır və özünün də,buradakıların da Türkiyəyə getmək istəyində olduğunu bildirir. O, bu məktubu Türkiyəyə Almaniyadakı düşərgəyə qaçqın işləri üzrə Türkiyə səlahiyyətli nümayəndəsi olaraq göndərilmiş İhsan bəy vasitəsi ilə göndərir.
1947-ci ildə Münhendə 30 səhifəlik “Azərbaycan tarixi” kitabını çap edib,Azərbaycan türkləri arasında yayır. “Azərbaycan-Türkiyə” Cəmiyyəti yaradıb Azərbaycan türklərinin Türkiyəyə getməsini təmin edir.
1947-ci ilin 8 iyulunda Həmdullah Sübhi Tanrıövər onun Türkiyəyə qayıtması üçün Xariciyyə vəkili ilə görüşüb razılaşır.Türkiyə Prezidenti İsmət İnönünün (1938-1950) sərəncamı ilə Türkiyəyə qayıtmasına icazə verilir.Həmin dövrdə Bakanlar Kurulu qərarı ilə Məmməd Əmin Rəzulzadə Türk vətəndaşlığına qəbul edilir və 1947-ci ilin sentyabrında Türkiyəyə gedir.
1949-cu ildən Türkiyə Milli Təhsil Nazirliyinin Yayım Müdirliyində və Milli Kitabxanada çalışmağa başlayır.
1943-cü ildə İstanbulda nəşr olunmuş “İslam-türk esiklopediyası”nın I cildində onun “Azərbaycan ləhcəsi” adlı məqaləsi dərc edilmişdir. 1947-ci ildən Almaniyadan Ankaraya köçən Məmməd Əmin Rəsulzadənin 1949-cu ildə “Azərbaycanın kültür gələnəkləri” adlı kitabı işıq üzü görmüşdür. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950) və “Çağdaş ədəbiyyatı tarixi” (1951) kitabları həmin illərdə Məmməd Əmin Rəsulzadənin işlədiyini göstərir.
1949-cu il 2 fevralda “Azərbaycan Kültür Dərnəyi”ni yaradır.
O,1951-ci ildə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir. Həmin il Nyu-Yorkda ingiliscə nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində Məmməd Əmin Rəsulzadənin “Azərbaycan Respublikası” məqaləsi çap edilmişdir. “Britaniya ensiklopediyası“nda verilmiş “Müsavat partiyasının yaranma tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid” məqalə də onun qələmindən çıxmışdır. 1952-ci il 1 apreldən Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azırbaycan jurnalı nəşrə başlayır. İkinci Dünya müharibəsindən sonra Türkiyədə nəşr edilən “Türk ensiklopediyası”nda Azərbaycana aid məqalələrin bir çoxu Məmməd Əmin Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, “Türk Tarih Kurumu” və “Türk Dil Kurumu” ilə yaxından əməkdaşlıq etmişdir.1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir silsilə məqaləsini də bura əlavə etsək, Məmməd Əmin Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar.O,ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Qafqaz”(1932-1938) və fransızca buraxılan “Prometey” (1938-1939) jurnallarında məqalələrlə çıxış etmişdir. Onun 1920-ci idən sonra işlətdiyi açıq və gizli imzalardan “Məmməd Əmin Rəsulzadə”, ”Yalvac oğlu”, ”Məmməd Əmin”,”M. Əlif Rəsulzadə” və sairələri qeyd etmək olar.
1953-cü ildə İosif Stalinin ölümündən sonra Türkiyədəki mühacirlər arasında bir canlanma, hərəkət oldu. Siyasi coşğunluq hər yerdə özünü göstərirdi.
Məmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Azərbaycanın Cümhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, xalqımıza müraciət üçün Məmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi.
Elə həmin ili Məmməd Əmin Rəsulzadə hələ 1922-ci ildə yaradılmış Azərbaycan milli mərkəzini yenidən təşkil etdi. 25 nəfərlik bir mərkəz qurdu. Mərkəzin işinə çoxlu gənclər cəlb etdi.Bu yeniləşmə, gənclərin işə gətirilməyi milli mərkəzin canlanmağına səbəb oldu. Məmməd Əmin Rəsulzadə gəncləri milli mərkəzin işinə cəlb etməklə sanki yeni nəslə mübarizə estafetini təqdim edirdi.
Almaniya. Münhen şəhəri. “Qurtuluş“ radiosunun Azərbaycan şöbəsi,1955-ci il, fevral ayı.
Məmməd Əmin Rəsulzadənin Azərbaycan türklərinə çatdırdığı son sözlər.Bu sözlər Mirzə Fətəli Axundovun anımı münasibəti ilə Məmməd Əmin Rəsulzadə öz yazdığı məqalədən götürüb radioda oxumuşdur:
“...Mirzə Fətəli Axundov “Şərq istibdadı”nın yumşaldılmasını istəyirdi. Halbuki bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziyaları belə kölgədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir.Bu tarixdə rastlanmayan bir zülm və mütləqiyyət rejimidir”.
Ankara universitetinin tibb fakültəsi klinikasında şəkər xəstəliyindən yatan Məmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə“ Azərbaycan... Azərbaycan... Azərbaycan..” deyərək əbədiyyətə qovuşdu.Ankara radiosu ertəsi gün Məmməd Əmin Rəsulzadənin vəfat etdiyini dərin hüzn və təəssüflə bildirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı və xalqımızı azadlığa qovuşduran ruhu Azərbaycanla əbədiyən birləşmiş bu dahi insanın məzarı Ankaradadı. O, Ankaranın Əsri qəbiristanlığında dəfn edilib.Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub.Bunlardan ən maraqlısı Seyid Həsən Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, Təbrizdə dünyaya gələn, Məmməd Əmin Rəsulzadə ilə birlikdə Qacarlara qarşı Məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən,sonralar Pəhləvi (Palani) üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yabançılaşan, Palani İranının dövlət xadimi,diplomatı və alimi Seyid Həsən Tağızadə “Süxən” jurnalında yazırdı: “ Rəsulzadə bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlamadığım,mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst fikir və yoluna dərin bir iman bəsləyən, fədakar, mücahid və örnək bir insandı,belələrinə zamanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir”, (“Süxən”,Tehran,N-4,1955).
1978-ci ildə ölümündən 23 il sonra Ankarada Məmməd Əmin Rəsulzadənin “Milli təsanüd” (Milli həmrəylik”) adlı kitabı nəşr olundu.1985-ci ildə dünyanın ən qədim universitetlərindən biri olan Oksfordda Məmməd Əmin Rəsulzadənin “Qafqaz problemi ilə əlaqədar panturanizm” adlı kitabı rus dilində ikinci dəfə çap edilmiş, ona ingiliscə giriş verilmişdir. Məmməd Əmin Rəsulzadənin 1989-cu ildə “Əsrimizin Səyavuşu” və 1990-cı ildə isə “Azərbaycan Cümhuriyyətinin keçmişi,təşəkkülü və indiki vəziyyəti” adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür.
Azərbaycan milli dövlətinin banisi, xalqımızın böyük oğlu, görkəmli mütəfəkkir Məmməd Əmin Rəsulzadənin 28 may İstiqlal günü münasibətilə gələcək nəsillərə hələ o vaxt yazılmış tarixi vəsiyyəti var: “... Ey gənclik!Sənin öhdəndə böyük vəzifə var”. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla yüksəldərək dedi ki, Bir dəfə yüksələn bayraq bir daha enməz!
Əlbəttə ki,sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda ya qazi,ya şəhid olacaqsan!”.
Ardı var.