Azərbaycan tarixində Üzeyir Hacıbəyov


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

(I yazı BU LİNKDƏ)

Parlament iclasında Vinaqradovun istiqlaliyyətə aid bəyannaməsində üstüörtülü və zərərli “Vahid Rusiya və Azad Azərbaycan” tezisini hiss edən kimi bu tezisin arxasında gizlənən nazik mətləbi də, parlamentin sağında yerləşən “ittihad” firqəsinin lideri doktor Qarabəy Qarabəyovun rus demokratiyasının bizdərə “ehsan etdiyi” qənimətlər haqqında çıxışını da, incəliklə, son dərəcə ağıllı mülahizələri və faktları ilə, opponentə qarşı nəzakətlə alt-üst etmişdir.

Hələ 1910-cu ildə qəzeti xalqın qiymətli “Dərs kitabı” adlandıran bir müəllifin fikrini bəyəndiyi üçün Üzeyir Hacıbəyov “Həqiqət” qəzetində “İdarəedən” qeydində yazmışdı: “... Millətə bir təhlükə üz verdiyi zaman qəzet dördgözlü olmalıdır ki, təhlükə bir tərəfdən üz verdikdə, digər tərəfdən vüquu mən edilsin, qabağı alınsın” (“Həqiqət”, 28 yanvar,1910, N-22).Bu baxımdan Üzeyir Hacıbəyovun redaktor olduğu dövrdə milli mənliyimizin, suveren respublika yaratmaq arzumuzun düşmənlərinin elə bir hədə-qorxusu, fəsad və hiyləsi olmayıb ki, “Azərbaycan” qəzeti səhifələrində öz əksini tapmasın, qarşısını alınmağa cəsarətli jurnalist səsi eşidilməsin!

“Azərbaycan”ın redaktoru yazırdı ki: “...Azərbaycan türkləri... rus istibdadının yıxıldığını görüb, müstəqil yaşamaq ümidi ilə fərəhlənib və şadlanıb istiqlala hazırlaşmaq üçün tədarük görməyə başlayanda”, azadlığımızın bədxahları “Sizə istiqlal əvəzində xəbərdarlıq veririk, torpağınızda daşı-daş üstə qoymarıq”-deyə hədələdilər,”başımıza mart fəlakətini və soyqırımını gətirib, paytaxtımızı xarabazara döndərdilər (“Azərbaycan”,1919,N-147).

Üzeyir Hacıbəyov siyasi məzmun daşıyan ciddi yazılarında belə bir qənaətini müxtəlif şəkildə bildirirdi ki,1918-ci ilin mart hadisələri rus bolşeviklərinin qabaqcadan düşünülmüş siyasi aksiyasıdır və eyni zamanda “Erməni quldurlarının-istər Andranik olsun, istər onu göndərənlər” deyəndə müəllif qeyd edir ki, daşnakların arxasında rus bolşevikləri vardır.Yoxsa, “Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaq məqsədi ilə göstərməkdə olduqları inad,həyazızlıq dərəcəsinə çatmazdı” (“Azərbaycan”,1919,N-172).

Bir şey aydın idi ki, daşnaklar Qarabağ ermənilərini bizə qarşı üsyana dəvət edirdilər.Bu qəsdlərin açıq-açıqlığına qəzetlər vasitəsilə elanı daşnakların bihəyalılığını sübut edən aşkar dəlil idi.Təhlükəni aydın hiss edən Üzeyir Hacıbəyov “Azərbaycan” qəzetində xalqı ehtiyatlı olmağa çağırıb yazırdı: “Ermənilərə etibar yoxdur:çünki daşnaklar bu milləti etibarsız bir dərəcəyə çatdırıblar.Silahlı üsyanlar törətmək və müharibəyə səbəb olmaq üçün bunlar aşkar və gizli işlər görüb,bizi qafil edə bilərlər.Bu qəflət nəticəsində başımıza bəlalar gələ bilər. Daşnakların hər bir əməlinə şübhə ilə baxıb zəif yerlərimizi qüvvətləndirmək, ümumi bədənimizi xainanə zərbələrə qarşı hazırlamaq işində möhkəm durmalıyıq” (Azərbaycan”,1919, N-112).

Üzeyir Hacıbəyov deyirdi ki, daşnaklar bicdirlər, çoxbilmişdilər,bizimkilər qafil. “Bədxahlarımızın bizə qarşı hazırlamış olduqları cidalarını əlaltı bir politika xatirəsi üçün ciblərində gizlətmək istəyirdilər ki,biz görməyək və bir gün bizi cidalamaq istəsələr,biz qəflətdə olub, həmlələri rədd və dəf edə bilməyək. Lakin cida cibə sığmır və sığmayacaq da, itilənmiş və zəhərlənmiş olan ucunu bizə göstərib, guya dilə gəlib bizə deyir ki: xəbərdar olun, qəflət etməyin...!

(“Azərbaycan”,1919,N-143).

Daşnak quldurlarının arxasında duran gizli qüvvələr sırasında Azərbaycan istiqlalını məhv etmək və bizi murdar pəncəsi altında əzmək xəyalı ilə rus bolşeviklərindən başqa şimaldan əl uzadan növbəti qüvvə qaragüruhçu “ağ” generallar da var idi. Üzeyir bəy onların əlini kəsməyə çağırır.Rusiya tacü-təxtini öz yerində bərqərar etmək istəyən qara qüvvələrin “ingilis hökuməti ilə bir sıra tellərlə bağlı” olduğunu xalqa bildirir. Naxçıvan, Şərur və Sürməli qəzalarının daxili işlərinə qarışan Amerika Birləşmiş Ştatları imperialistlərinə, siyasətdə ortaq olduqları daşnaklara havadarlıq edən fransız ağalara və Fransaya layiqli cavab verir, lakin hamıdan artıq “sapı özümüzdən” olan biqeyrət, naxələf xainlərə qarşı son dərəcə amansız mübarizəyə çağırışdan çəkinmirdi.

Bu cəhətdən Üzeyir Hacıbəyovun “İçimizdəki denikinləri” və bir sıra başqa yazıları, məncə, tarixçilərimiz tərəfindən tədqiqata cəlb olunmalıdır.

“Bir Denikin var ki, bizi xaricdən təhdid edir,bir çox denikinlər də var ki, içimizə dolub, ən xətərli yerlərdə gizlənib,bizi daxildən qorxudurlar”. “Daxili denikinləri” daha qorxulu sayan müəllif indi də səciyyəvi olan həmin məqaləsini bu sözlərlə tamamlayır:

“İstiqlalımızın bir ilini dünən şadlıq və şənlik ilə keçirmiş olan millət,bu gün fövqəladə hadisələr keçirməkdədir.Candan əziz olan istiqlalımızı əlimizdən almaqla canımızı almaq istəyirlər.Buna görə,istiqlalımızı əldən verməmək üçün bu fövqəladə zamanda fövqəladə işlər də görülməlidir,o işlərin ən mühümü özümüzü xarici denikinlərlə bərabər, daxili denikinlərdən qorumaq təşəbbüsüdür”.

Böyük bəstəkar, bütün ölkə vətəndaşımıza tapşırıb xəbərdarlıq edərək deyir ki: “Bugünki vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə, hər an hazır olmaqdır!Belə hazırlıq ki, bu hadisələr bir də təkrar edilsə, müdafiəsinə qadir olaq!” (“Azərbaycan”,1919,N-147).

Üzeyir bəy ürəkaçan musiqisi, himnləri, məşhur opera və komediyaları ilə olduğu kimi, jurnalistik fəaliyyəti ilə də bizim müasirimizdir.”Azərbaycan” qəzetində (1919, N-247) “Qurtuluş” adlı məqaləsində yazmışdır: “Qurtuluş və xilasımız yolunda canlarını qurban verib, bizə bu dünyada cənnət arzulayıb, özlərini o dünyada behiştlik edən möhtərəm şahidlərin əziz məzarları üzərində fətihəxan olmaqla özlərini yad və ruhlarını şad etmək hər bir Azərbaycan türkünün müqəddəs borcudur”.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəyov Cümhuriyyətin himninin musiqisini və milli ordumuzun bir sıra hərbi marşlarının musiqisini bəstələyib. Üzeyir bəyin dayısı Qara bəy Əliverdilər AXC Parlamentinin millət vəkili idi.

Üzeyir Hacıbəyov 1920-ci ilin 27 aprelində hakimiyyətin bolşeviklərə verilməsinin qatı əleyhdarı olub, ömrü boyu bunun acısını çəkib. O,bir neçə dəfə repressiyalardan xilas olub, ayrı-ayrı illərdə təqib və qınaqlara məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı xalq düşmənləri sırasında səslənməyə başlayıb. 1920-ci ildə bəstəkarı güllələmək istəyiblər. Faqət bu təhlükə bir təsadüf nəticəsində sovuşub.

Üzeyir Hacıbəyovun 1917-1920-ci illərdə Azərbaycanda müstəmləkəçilik əleyhinə yönəldilmiş ideologiyanın ən fəallarından olan türk millətçiliyi, Türk və müsəlman birliyi və Qərb dövlətlərində hakim olan ideyalara rəğbəti tarixən mütərəqqi xarakter daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə doğma xalqını sevən,onun azadlığı yolunda çalışan bir çox Azərbaycan ziyalıları kimi, Üzeyir bəy də milli əhval-ruhiyyənin yüksəlişi şəraitində böyük qüvvə ilə fəaliyyət göstərmişdir.

1904-cü ildən 1920-ci ilə qədər mətbuatda 600-dən çox müxtəlif məzmunlu məqalələr yazsa da rus işğalından sonra sovet dövründə vəfat edənə qədər cəmi 30 məqalə yazıb.Bu məqalələrin də əksəriyyəti musiqi ilə bağlı olub.

1918-ci ildə bəstəkar Azərbaycan himnini bəstələdi.1920-1991-ci illərdə Azərbaycan SSR SSRİ-nin tərkibində işğal olunması səbəbindən bu himn səsləndirilmirdi,1930-cu ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 10-cu ildönümü münasibəti ilə Üzeyir bəy Azərbaycan SSR-in yeni himni sözlərini və musiqisini yazdı.Yeni himn ilk dəfə 28 aprel 1930-cu ildə Hacıbəyovun rəhbərliyi altında səsləndirildi.1930-cu ilə aid Azərbaycan SSR himni kantata janrına oxşar olduğundan ona bəzən kantata da deyilir. Artıq 1944-cü ildə o, ittifaq respublikasının yeni himnini tərtib etdi, hansı ki Azərbaycan SSR-in tərkibindən çıxanadək səsləndirildi.1991-ci ildə 1918-ci ilə aid köhnə himn yenidən “dövlət” statusunu aldı.

1920-ci ildə işğaldan sonra Üzeyir Hacıbəyov Azərbaycan SSR Xalq Maarifləndirmə Komissarlığına musiqi akademiyası və milli konservatoriya açmağın zəruriliyi, habelə keçmiş musiqi məktəblərinin binalarının onlara verilməsi barədə hesabat təqdim etdi. Sonrakı illərdə (1922-1926 və 1939-1941) onun təşəbbüsü ilə yaradılan Azərbaycan Türk Musiqi Məktəbinə (indiki Asəf Zeynallı adına Bakı Musiqi Kolleci) rəhbərlik etmişdir.1925-ci ildə Bakı İşçi Xalq Deputatları Sovetinin deputatı seçildi, növbəti ildə isə Azərbaycan Konservatoriyasının prorektoru oldu.

1931-ci ildə xalq çalğı alətləri orkestrini,1936-cı ildə isə dövlət xorunu təşkil etdi. Üzeyir Hacıbəyov repressiyaya məruz qalmasın deyə məcburiyyətdən 7 may 1938-ci ildə partiyaya qəbul üçün müraciət etdi və Sov.İKP MK onun xidmətlərini və Azərbaycan SSR KP MK-nin vəsatətini nəzərə alaraq, istisna hal kimi namizədlik təcrübəsi keçmədən onu partiya sıralarına qəbul etdi.1938-ci ildə Hacıbəyov “Lenin” ordeni ilə təltif edildi və SSRİ xalq artisti adına layiq görüldü.Bir il sonra bəstəkar Azərbaycan Konservatoriyasının rektoru təyin edildi və həmin 1939-cu ildə SSRİ Bəstəkarlar İttifaqının 1-ci qurultayının təşkilat komitəsinin üzvü seçildi.Ömrünün son 10 ilində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etmişdir.

1945-ci ilin sentyabrında Üzeyir Hacıbəyov Azərbaycan SSR EA İncəsənət İnstitutunun direktoru təyin edildi. 1945-ci ildə qurulduğu gündən Azərbaycan SSR Elmlər Akademiyasının daimi üzvü və iki çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur (1937,1941).

1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşdı və səhv təyin olunmuş müalicə səbəbindən daha da mürəkkəbləşdi. Moskva şəhərinin Kremlin xəstəxanasında müalicə almağa başladı, daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürüldü.1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, “Monolit” binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat etdi.Bakıda Birinci Fəxri Xiyabanda dəfn olundu.

Respublikamızda hər il Üzeyir Hacıbəyovun anadan olduğu gün-18 sentyabr “Musiqi günü “ kimi qeyd edilir.Üzeyir bəy tariximizdə Azərbaycan SSR himninin və Azərbaycan Respublikası Dövlət himninin müəllifi kimi əbədi yer aldı. İslam Dünyasında ilk operanın müəllifi kimi yaddaşlarda qalmağı bacardı.

Operaları:

“Leyli və Məcnun”: ilk dəfə 1918-ci il yanvarın 25-də göstərilib.Bununla müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur.

“Koroğlu” operası: 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Qardaşı Ceyhun Hacıbəyli Fransaya mühacirət etmişdir.Qardaşlar bir-biri ilə əlaqəni bacıları və digər qohumları vasitəsilə saxlayırdılar. ”Koroğlu” operasını səhnələşdirməzdən öncə bəstəkarın həbs olunması və mümkün repressiyalar altına düşmək kimi davamlı təhlükələr qalırdı, lakin “Koroğlu” 1938-ci ildə SSRİ-nin paytaxtında təntənəli şəkildə səhnələşdirildikdən sonra müəllif SSRİ Xalq artisti adına və “Lenin” ordeninə layiq görüldü və SSRİ Ali Sovetinin deputatı seçildi. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan “Koroğlu” operası Azərbaycanda klassik operalardan biridir.Hətta bu əsər bəstəkarın repressiyadan qurtulmasına da kömək etdi.

“Firuzə”: Üzeyir Hacıbəyov həyatının son illərində “Firuzə” operası üzərində işləmişdir.Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır.

“Şeyx Sənan” (1909)

“Rüstəm və Söhrab” (1910)

“Şah Abbas və Xurşudbanu” (1912)

“Əsli və Kərəm” (1912)

“Harun və Leyla” (1915)

Musiqili komediyalar:

“Ər və arvad” (1910)

“O olmasın,bu olsun” (1910)

“Arşın mal alan” (1913)


MANŞET XƏBƏRLƏRİ