Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
I Yazı
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov
Üzeyir Hacıbəyov 6 (18) sentyabr 1885-ci ildə Ağcabədidə anadan olmuşdur. Atası Əbdülhüseyn Hacıbəyov kənd mirzəsi idi, anası Şirinbəyim xanım Əliverdibəyovlar nəslindən gəlirdi.Əliverdibəyovlar-bu soy öz başlanğıcını Əliverdi bəy Hüseyn bəy oğlu Kəbirlidən götürmüşdü. Əliverdi bəy Qarabağ xanı Mehdiqulu xanın (1806-1822) Ağdam üzrə darğası (valisi) idi. İbrahimxəlil xan Cavanşirə xidmət etmişdi.Onun törəmələri 1870-ci ildə Əliverdibəyov soyadını qəbul edirlər.Üzeyirin qardaşı Ceyhun Hacıbəyli karyerasının ilk dövründə Dağıstanlı əcdadlarının şərəfinə “Dj Dağıstani” təxəllüsü ilə imza atardı. Ümumilikdə ailədə üç qardaş və iki bacı var idi.
Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçdü və Üzeyir məhz burada böyümüşdür.Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi idi, hansı ki bəstəkarın tərbiyəsinə böyük təsiri olmuşdur.Üzeyirin anası Şirin Əliverdibəyova şairənin evində böyümüşdür,bəstəkarın babası və Natəvan isə süd bacı-qardaşı idilər.
Üzeyir Hacıbəyov mədrəsə təhsilini və ikiillik rus-tatar məktəbini bitirdikdən sonra,1899-1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxudu. Məhz orada o, skripka, vilonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələndi. Növbəti dörd il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul oldu. Mətbuatda ilk məqaləsi 1904-cü ildə Kaspi qəzetində çap olunub.1905-ci ildə Bakıda ilk öncə Bibi-Heybət məktəbində,daha sonra “Səadət” məktəbində dərs demişdir və orada Azərbaycan türkcəsi,riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dilini öyrədirdi. Elə o zaman Həyat qəzetində tərcüməçi olaraq işə başladı,sonra İrşad qəzeti ilə əməkdaşlıq etdi. 1911-ci ildə sistematik musiqi təhsili almaq məqsədilə Moskvaya yola düşdü.Bir il ərzində Moskva Flarmoniya Cəmiyyəti yanında musiqi kurslarında dərs alırdı,ondan sonra Sankt-Peterburqa köçdü və orada konservatoriyada bir il oxudu.
Milli musiqimizin banisi Üzeyir Hacıbəyovun həyat yoldaşı Kazan tatarı Məleykə Həsənağa qızı Terequlova idi. Məleykə xanım 1909-cu il dekabrın 20-də Üzeyir bəy Hacıbəyovla nigaha girərək ailə həyatı qurmuş və onun soyadını qəbul etmişdir.
Üzeyir Hacıbəyovun tədqiqatçıları bəstəkarın Azərbaycan Xalq Cümhuriyyəti dövründəki 1918-1920-ci illərdəki fəaliyyətindən ya heç danışmayıblar, ya da həmin dövrü onun yaradıcılığının “sükut dövrü” kimi qiymətləndirib yazıblar ki, “ ...Bəstəkarın həyatının bu dövrünü “yaradıcılıq sükutu dövrü” adlandırmaq olar”.Tarixi həqiqətin tərif olunduğu göz qabağındadır, səbəbi məlumdur.
1918-ci ilin mart ayında rus bolşevik və erməni daşnak soyqırımçılarının Bakıda törətdikləri qanlı soyqırımdan sonra Üzeyir Hacıbəyov da Qacar Dövlətinə (indiki Tehran İslam Respublikası) pənah aparanlardan biri idi.Üzeyirin tədqiqatçılarının çoxunun “qastrol səfəri” adlandırdığı bu hadisədən, demək olar, altı ay ötmüşdü. ”Azərbaycan “ qəzeti “Bakı qaçqınlarının Qacar Dövlətindən qayıtması” adlı xəbərində bildirirdi ki, qaçqınlar “ ...Mirzə Əsədulla adlı bir şəxsin təşəbbüsü və köməyi ilə Bakıya qayıdıblar” (“Azərbaycan” N-12). “Azərbaycan” qəzeti eyni zamanda sənətsevərlərə, belə bir, gözaydınlığı verərək yazmışdı: “Mart hadisələrindən sonra Qacar Dövlətinə getmiş olan məşhur bəstəkar və müsənnif Üzeyir Hacıbəyov Bakıya gəlmişdir”.
Üzeyir Hacıbəyov Bakıya qayıdan gündən xalqın mədəni və ictimai-siyasi həyatında “Hacıbəyov qardaşları müdiriyyəti”nin baş rejissoru,1919-cu ilin yanvarından isə “Azərbaycan”qəzetinin redaktoru kimi qızğın fəaliyyətə başlamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin quruluşundan sonra isə dövlətin rəsmi orqanı olan “Azərbaycan” qəzeti 1919-cu il,yanvarın 16-dan 1920-ci il aprelin son günlərinədək bilavasitə Üzeyir Hacıbəyovun rəhbərliyi ilə nəşr olunmuşdur. Üzeyir Hacıbəyov peşəkar jurnalist və Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan bir dava adamı idi. “Azərbaycan” qəzeti eyni zamanda “Müsavat” partiyasının mətbuat orqanı idi. Hələ 1909-cu ildə Əhməd bəy Ağayev Osmanlı Dövlətinə (1299-1922) köçüb gedəndən sonra “Tərəqqi” qəzetini Üzeyir Hacıbəyov idarə edirdi. O, həmçinin “Həqiqət” (1909-1910),”Yeni iqbal”(1915-1916) qəzetlərinin redaktoru olmuşdu. Dahi bəstəkarın adını çəkdiyimiz qəzetlərin redaksiyalarındakı işi ilə “Azərbaycan” qəzetindəki redaktorluğu arasında həm oxşar cəhətlər,həm də ciddi fərqlər vardır. Oxşar cəhət ondan ibarətdir ki, ədib “Azərbaycan”ın redaktoru olanda da yenə musiqi bəstələyir, teatrda işini davam etdirir,eyni zamanda tez-tez publistik məqalələr yazırdı.Bəstəkar fəaliyyəti sənətkarlıq baxımından onun jurnalistlik yaradıcılığının qanunauyğun davamı idi. İndi daha təcrübəli redaktorun qabaqdan bizə tanış, lakin daha kamil iş üsulu,dəsti-xətti,möhkəm məntiqi,kəsərli dilinin sadəliyi, dadı-duzu yenə də oxucunu heyran qoyurdu. Gülüş mədəniyyəti qalıb,bircə şirinliyi azalmışdı.
“Azərbaycan” qəzetinin redaktoru üçün bu illərdə diqqəti cəlb edən fərqli cəhət zamanın, dövrünün tələblərindən irəli gələn problemlərə onun dəyişməz,qəti vətəndaş münasibəti bildirməsi, xalqın qabaqcıl və mübariz oğullarından biri kimi Azərbaycan Xalq Cümhuriyyətinin platformasını qəbul edib, milli müstəqillik ideyasının ideoloji başçılarından biri kimi müstəqillik ideyasını dönməz ardıcıllıq və cəsarətlə müdafiə və təbliğ etməsilə xarakterikdir.
Müəyyən ictimai-siyasi fikrin tribunası, ideya silahı olan dövri mətbuata Üzeyir Hacıbəyov çox böyük əhəmiyyət verirdi.Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin birinci ildönümünü “Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti” şüarı ilə təbrik edən redaktorun (Bir yaş.”A”,28 may 1919 N-190) illərlə arzuladığı bu yeni quruluşa münasibəti, sidq-ürəklə xidməti “Azərbaycan” qəzetini vərəqlədikcə ürəyimizi sevinc hissilə doldurur.
“Müsavat”ın lideri Məmməd Əmin Rəsulzadə ilə dost və son dərəcədə yaxın olan, bu partiyaya rəğbətini və sevgisini gizlətməyən müəllif eyni zamanda onu da qeyd edirdi ki, “Azərbaycan “ qəzetinin məsləki “Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”, onun qəzetini təkcə bir partiya proqramı daxilində fəaliyyət göstərən orqan kimi təsəvvür etmək olmaz.Ona görə ki, “Azərbaycan Cümhuriyyəti sağlam bir milliyyət fikri və demokratiya üzərində qurulmuşdur. Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, avropasayağı bir zehniyyətlə çalışmağa əzm etmişdir.Bayrağımızdakı üç rəng (mavi,qırmızı,yaşıl) üç ümdəninin timsalıdır” (N-190).
Üzeyir Hacıbəyov “Azərbaycan” qəzetinin redaktoru kimi bu məsləkə-“avropasayağı bir zehniyyətlə çalışmaq əzm”ndən suveren Azərbaycan Cümhuriyyətinə, “Vətən istiqlalı” və milli mənlik,milli qeyrət, milli qurtuluş uğrunda mübarizə işinə sədaqətlə xidmət edirdi.Bu baxımdan Üzeyir Hacıbəyovun Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə münasibəti, Milli Şuranın vəzifələri barədə mülahizələri xüsusilə diqqəti cəlb edir.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclası olmuşdur. Üzeyir Hacıbəyov bu tarixi günə biri “Azərbaycan parlamanı”(1918,N-56), digəri “Tarixi günümüz” adlı (1918,N-58) iki publistik məqalə həsr etmişdir. “Azərbaycan parlamanı” məqaləsində müəllif iki ciddi məsələ qoymuşdur;birinci “hökumət içində hökumət düzəltmək niyyətində olanlara” layiqli cavab, ikincisini “Milli Şuranın mühüm vəzifəsi” adlandırmaq olar.
Dekabrın əvvəllərində Bakıda bəzi partiya və cəmiyyət nümayəndələrin parlamentdə iştirak etməyəcəkləri barədə söz-söhbət gəzirdi.Belə bir hərəkət baş verərsə, ona “Azərbaycan Cümhuriyyətinin mövcud olduğunu inkar edən”, daha artıq “Azərbaycan türklərinin azadlığına etiraz” əlaməti kimi qiymət verən Üzeyir Hacıbəyov yazmışdır: “Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəmirlər; Qulaqlar var ki,lal edilmiş bir millətin dilinin bu gün açılıb da söz söyləməsini eşitmək istəmirlər; Qəlblər var ki,bir əsrdən artıq məhkum qalan bir millətin bu gün müstəqil və azad olmasını qəbul etmək istəmirlər” (1918,N-56).
Müəllif belələrinə layiqli cavabı bu idi: onlar “Vicdanlarını razı sala bilməsələr, Azərbaycan torpağından çıxıb getsinlər!”.Bu, “Azərbaycan parlamanı” məqaləsindən diqqəti cəlb etmək istədiyimiz birinci məsələdir.
İkinci məsələ,Milli Şuranın vəzifələri haqqında ədibin mülahizələri ilə bağlıdır.Üzeyir Hacıbəyov yazmışdır:
“Milli Şuranın ilk vəzifəsi bu olmalıdır:- Qışqırsın,fəryad eləsin!”. Elə qışqırsın, elə fəryad qoparsın ki, əks-sədası Avropadan keçib bütün dünyaya yayılsın.Fəryad nədən ibarətdir? Yalnız bu iki kəlmədən:
“Yaşamaq istəyirik!”.
Üzeyir Hacıbəyovun qəti qənaəti belədir: “Bu fəryad kifayətdir ki, milli parlamanımız ən əvvəl bununla məşğul olub, bu yoldakı vəzifəsini həqqilə ifa edirsə, yaşamaq haqqına, istiqlal qabiliyyətinə malik bir millət olduğumuzu isbat edək”.Bu hal, müəllifin fikrincə, həyat və azadlığımıza diş qıcmış olan düşmənlərimiz üzərində təsirsiz qalmaz.
Daxili işlərimizi düzəltmək, islahat aparmaq, millətin zəif bədəninə qüvvət verən dərmanlar işlətməklə camaatımızı müsibətlərdən qurtarmaq olar.Belə olarsa, hökumətimiz öz işində karıxmaz, parlamanımız özü də böyük və müqəddəs vəzifəsini,bir növ, asudəliklə ifa etməyə qadir olar”.
“Tarixi gün” məqaləsi parlamentin açılış günü müəllifin yaşadığı hisslərdən, həmvətənləri ilə bölüşmək istədiyi mülahizələrdən ibarətdir.”Bu gün o gündür ki,Azərbaycanın milli məclisi,milli Şurası açılıb,Azərbaycan kamil bir hökumət şəklinə girir”-sözləri ilə başlanan bu publisistik yazıda, əsasən, Azərbaycanın daxili və xarici siyasəti və vəziyyəti təhlil olunurdu.
Üzeyir Hacıbəyov demək olar, hər yazısında, sonsuz ümid bəslədiyi Azərbaycan parlamentindən hədsiz sevinc hissilə, həm də siyasi hadisələrin ən xırda detallarından da xəbərdar, hökumətin dərdlərinə bələd bir şəxs kimi söhbət açırdı.Bunun sirri ondadır ki, böyük bəstəkar Azərbaycan parlamentinin bütün iclaslarında, özünün dediyi kimi, “qəzet yazan” sifəti ilə iştirak etmiş, ayrı-ayrı iclaslardan “Təəssurat” ümumi başlıq altında bir-birinin ardınca gələn silsilə reportaj dərc etdirmişdir.Onlardan təkcə birincisi ilə müxtəsər tanışlıq yazı müəllifinin sevinc və şadlığından xəbərdar olmaq üçün kifayətdir.
“Parlamanımız açıldı. Gördük...
Parlaman imarətinin içində zinət cümləsindən calabi-diqqət olan şey-qiymət deyildi,bəlkə mahiyyəti-milli və siyasi dedikcə baha olan üç rəngli bayrağımız idi.
Məmməd Əmin Rəsulzadə fəxr etməli nitqində “Bu bayraq endirilməz!”- dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu.
Məclisi açmaq saatı yaxınlaşdı.Tamaşaçılar (ki,içlərində xanımlar da az deyildi) boş yerləri doldurdular. Məbuslar, hər kəs öz məxsusi yerini tapıb oturdular. Ministrlər müavinləri ilə bərabər öz yerlərində keçib, cərgə ilə oturdular... Hamı amədə olub intizarda ikən Milli Şura rəisi Məmməd Əmin Rəsulzadə cənabları rubəru qapıdan çıxıb,məqami-sədarətdə,üzü məclisə tərəf,qyaq üstə... məbuslara xitabən nitq söyləməyə başladı.
Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah-çar, amma, Azərbaycan Cümhuriyyətinin parlamanını bir nəfər vətən övladı açdı...”(“Azərbaycan”,1918,N-60).
Üzeyir Hacıbəyov yazılarını incələrkən onun monarxiya ilə idarə olunan dövlətə və Romanovlar (1613-1917) sülaləsinə qarşı olduğunu görürük.
Parlament iclaslarından “təəssurat”larında biz Məmməd Əmin Rəsulzadənin təbrik nitqindən “firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi vətən və millət qayəsi qarşısında kiçik qərəzləri atıb,Vətən qayğısı və millət duyğusunu hər şeydən yüksək tutmaq” çağırışını,Fətəli xan Xoylunun birinci iclasda söylədiklərindən: “Bu gün öylə böyük və mübarək gündür ki,bunu biz Azərbaycan türkləri yuxumuzda da görə bilməzdik”kəlamını,Bakıda universitet təsisinə dair qətnaməni,öz dediyi kimi,sevinə-sevinə zövq ala-ala yazdığı halda,Azərbaycan türkü olan deputatın ciddi bir məsələnin müzakirəsi zamanı rus dilində danışdığını görüb qəlbən sınır.
Lənkəranlı deputat Hacı Səlim Axundovun dilindən Lənkəran faciəsini,bigünahların çəkdiyi zülm və sitəmi eşidəndə qələmi ağı deyir; paytaxtda Azərbaycanın yenidən istilası üçün rusların milli dövlətimiz üçün sui-qəsd hazırladığı, hökumət məmurları arasında rüşvətxorluq müşahidə edildiyinə dair danışıqları,yersiz çıxışları eşidəndə məyus olurdu.Bütün bunları da kağıza köçürür, qəzetdə dərc etdirirdi.Bu mənada Üzeyir Hacıbəyovun “Təəssürat” başlıqlı yazıları Azərbaycan parlamentinin saf,boyasız tarixidir-desək, yanılmırıq. İftixar hissilə deməliyik ki, istər parlamentdən, orada müzakirə olunan məsələlərdən danışan məqalələrində, istərsə də ictimai-siyasi mövzuda yazılmış əsərlərində Üzeyir Hacıbəyov həm də görkəmli dövlət xadimi,ictimai xadim, ən incə mətləbləri də incələyə bilən, yoza bilən peşəkar siyasətçi kimi çıxış edir.
1918-ci ildə bəstəkar Azərbaycan himnini bəstələdi.Dövlət himnimizin musiqisi ilə dahi bəstəkar Azərbaycan dövlətçiliyi ilə əbədi bütövləşdi.
Ardı var.