Aİ-nin yeni genişlənmə konsepsiyası: daxili ziddiyyətlər və geosiyasi risklər


Kamal Adıgözəlov

(II məqalə)

(I məqalə BU LİNKDƏ)

Ekspertlər Brüsselin Şərqə doğru genişlənmə ilə bağlı atdığı addımların arxasında dayanan məqsədləri analiz edirlər. Bu prosesin ziddiyyətsiz ötüşməyəcəyi və ciddi qarşıdurmaya səbəb olacağı haqqında qənaətlər mövcuddur. Bundan başqa, təşkilatın özündə yüksək vəzifə tutmuş rəsmilər də genişlənmə planına birmənalı yanaşmırlar. Müxtəlif arqumentlərlə onlar əsaslandırmağa çalışırlar ki, hələlik bu məsələdə ehtiyatlı olmaq gərəkdir. Başlıca olaraq Ukraynanın timsalında Avropa İttifaqı üçün bir sıra mürəkkəb problemlərin meydana çıxa biləcəyindən bəhs edilir.

Şərqə genişlənmə: Avropadan fərqli baxışlar və qeyri-müəyyənliklər

Tədqiqatçıların Avropa İttifaqının Şərq istiqamətində yeni genişlənmə dalğasının yarada biləcəyi risklər və qeyri-müəyyənlikləri vurğuladığını birinci məqalədə qeyd etmişdik. Burada söhbət Rusiyanın bu prosesə reaksiyasından gedir. Məsələ ondan ibarətdir ki, Şarl Mişel genişlənmə haqqında bəyanat verəndə, konkret olaraq, Ukrayna və Moldovanı qeyd etmişdi. Gürcüstan haqqında açıq söz deyilməsə də, bu ölkənin siyasi dairələri üçün Aİ-yə üzvlük ciddi məsələ sayılır. Məhz buna görə də, Gürcüstan müxalifəti aktiv surətdə hazırkı iqtidarı rusiyapərəst mövqe tutmaqda ittiham edir.

Məsələ bununla məhdudlaşmır. Kreml üçün Ukrayna və Moldovanın Aİ-yə üzv olmasının açıq elan edilməsi daha önəmlidir. Çünki, faktiki olaraq, Ukrayna ilə müharibə gedir, Moldova isə çox həssas bir məkana çevrilib. Deməli, əslində, Aİ-nin Şərqə genişlənməsi niyyəti Rusiya üçün iki həssas məsələni gündəmə gətirmiş olur.

Bu barədə tədqiqatçılar araşdırma aparmış və belə vəziyyətin yarana biləcəyini proqnozlaşdırmışdılar. Məsələn, Rusiya Beynəlxalq Məsələlər Şurasının İdarə Heyətinin üzvü, tarix elmləri namizədi Andrey Kortunov hələ 2019-cu ildə təxmin edirdi ki, Aİ-Rusiya münasibətlərində qeyri-müəyyənlik faktoru ciddi rol oynaya bilər. Bu bağlılıqda o, həm Avropa İttifaqının daxili durumunun qeyri-müəyyənliyini, həm də Rusiyanın maraqları daxilində olan geosiyasi məkanda maraqların toqquşa biləcəyini ayrıca vurğulayırdı (bax: Кортунов А.В. Отношения России и Евросоюза в 2020 г.: возможности, ограничения, вероятные тренды // РСМД, 29 noyabr 2019).

Lyubov Şişelina isə Şərqə genişlənməni "Rusiya İmperiyasının tarixi torpaqlarını zəbt etmək" kimi qiymətləndirir. Buna Kremlin reaksiya verəcəyi vurğulanır. Proqnoz kimi, Şərqə doğru genişlənmənin Avropa İttifaqı-Rusiya münasibətlərini daha gərgin səviyyəyə yüksəldə biləcəyi verilir (bax: Шишелина Л.Н. Расширение Европейского союза на Восток и интересы России. М.: Наука, 2006. 300 с.).

Məsələnin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, Aİ-nin yeni genişlənmə dalğasına yalnız Rusiya skeptik yanaşmırlar. Qərb siyasətçiləri və ekspertləri də bir sıra suallar qaldırır, müqayisələr aparırlar. Xüsusilə Ukrayna ilə bağlı çox mürəkkəb situasiyadan bəhs edilir, masada Aİ-nin özünün gələcəyinin olduğu vurğulanır.

Bu sırada ayrıca olaraq Ukraynanın Aİ-yə "sürətli daxil edilməsi" ideyası diqqətə alınır. Qalmaqallı informasiyaları ilə gündəmə gələn "Politico" bu ilin oktyabrında yazmışdı ki, dekabr ayında Brüssellə Kiyev arasında üzvlüklə bağlı danışıqlar başlaya bilər. Ş.Mişelin Ukrayna üzvlüyünün 2030-cu ildə həll edilməsindən danışması fonunda "Politico" haqlı görünə bilər. Lakin o da faktdır ki, bir sıra Aİ rəsmisi başqa cür düşünür.

Məsələn, Ursula Fon der Lyayen namizədin necə tərəqqi edə biləcəyi faktorunu xatırladır. Avropa Komissiyasının mətbuat katibi Arianna Podesta isə daha sərt və konkret fikir ifadə edib. O deyib: "Mişel Ukrayna məsələsində səlahiyyətini aşır" (bax: Евросовет вступил в конфликт с Еврокомиссией // Gazeta.ru, 6 oktyabr 2023).

Avrokomissiyanın keçmiş başçısı Jan-Klod Yunker də birbaşa Kiyevi ittiham edib. O, "Ukrayna cəmiyyətin bütün səviyyələrində korrupsiyalaşmış ölkədir və hələ Aİ-yə qəbul edilə bilməz" kimi sərt bəyanat verib (bax: Экс-глава Еврокомиссии заявил о тотальной коррупции на Украине // РБК, 5 oktyabr 2023).

Çıxış yolu: hələlik suallar çoxdur...

Bu kimi fikirlərdən kütləvi informasiya vasitələri və ekspertlər belə nəticə çıxarırlar ki, Ukraynanın Aİ-yə üzvlüyü təşkilata maliyyə, geosiyasi və geoiqtisadi baxımdan "çox baha başa gələ bilər". Məsələn, "The Financial Times" belə bir qənaətdədir ki, Ukraynanın qəbulu 7 ildə Aİ-yə 186 milyard avroya başa gələ bilər. Bütün 9 namizəd qəbul edilsə, 7 illik xərc 260 milyard avro ola bilər (bax: EU estimates Ukraine entitled to €186bn after accession. Internal calculations suggest farm subsidies would fall 20% following enlargement to nine new member states / FT, 4 oktyabr 2023). Bu o deməkdir ki, hazırda üzv olan dövlətlər çox ödəyib, az qazanmalı olacaqlar. Onların sırasında Çexiya, Estoniya, Litva, Sloveniya, Kipr və Maltanın daha çox zərər görəcəyi vurğulanır. Bu ölkələrdə sual edirlər: "Nəyin naminə?". Brüsselin cavabı qaneedici görünmür.

Şərqə genişlənmə kontekstində ekspertlərin diqqət etdiyi başqa məsələ Avropa İttifaqının iqtisadi vəziyyətidir. Hazırkı şərtlər daxilində təşkilatın genişlənməni uğurlu olaraq həyata keçirə biləcəyi ilə bağlı yekdil fikir yoxdur. Lakin genişlənmənin geosiyasi gərginliyi azalda biləcəyi haqqında da fikirlər mövcuddur.

Burada, fikrimizcə, ekspertlər çox maraqlı bir geosiyasi özəlliyə də diqqət edirlər. Onlar Ukraynanın Aİ-yə üzv qəbul edilməsi ilə təşkilat daxilində ikiqütblülüyün yarana biləcəyini deyirlər.

Arqument kimi Ukraynanın Avropa miqyasında belə böyük sayılan orduya malik olmasını və onun başlıca olaraq ABŞ-a istiqamətlənməsini xatırladırlar. Kiyev Amerika və Britaniyaya daha yaxın ölkələrlə (məsələn, Polşa ilə) əməkdaşlığa üstünlük verir. Bu o deməkdir ki, Fransa və Almaniya kimi böyük Avropa dövlətlərinin maraqlarına uyğun olmayan proseslər gedə bilər. Onsuz da Fransa ABŞ-la Avropada nüfuz uğrunda amansız mübarizə aparır. Deməli, Ukrayna bu gedişatı daha da körükləyə bilər. Bunların fonunda Böyük Britaniyanın "The Telegraph" nəşri ABŞ və Britaniyanın Ukraynanın Aİ-yə tezliklə qəbul edilməsinə lobbiçilik etməsini təsadüfi saymır (bax: UK and US quietly pushing for EU expansion to bolster Ukraine funding. Washington and London ‘invested’ in plan that would see nine countries added to bloc / "The Telegraph", 7 oktyabr 2023).

Nəhayət, Qərbin bir sıra strateji beyin mərkəzləri də Şərqə genişlənmə dalğasına ziddiyyətsiz baxmırlar. Konkret olaraq, Ukraynanın üzv qəbul edilməsinin Aİ-nin geosiyasi mövqeyinə strateji aspektdə zərər verə biləcəyini ifadə edirlər. Məsələn, "Le Figaro" qəzetinə verdiyi müsahibədə Paris Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (IRIS) direktoru Paskal Bonifas vurğulayıb ki, tərkibində Ukraynanın olacağı Avropa İttifaqı "heç zaman güclü beynəlxalq oyunçu ola bilməyəcək", çünki təşkilat Ukraynanı yenidən qurmağı boynuna götürməlidir, ancaq Kiyev qərar qəbulunda ABŞ-a üstünlük verəcək. Avropa İttifaqı əvvəllər sürətlə genişlənməni həyata keçirməklə buna oxşar səhv buraxdı ki, nəticəsi təşkilatın "strateji yetərsizliyi" oldu (bax: Ukraine : la Russie est-elle isolée ? – Les explications de Pascal Boniface / video.lefigaro.fr, 21 sentyabr 2023).

Bütün bunlardan geosiyasi xarakterli ümumi nəticə çıxarmaq olar. Avropa İttifaqının Şərqə genişlənmək planı bütövlükdə xoş niyyətli ola bilər. Mütəxəssislərin də vurğuladığı kimi, çoxlu sayda ölkələrin vahid və güclü bir qurumda birləşməsi Avrasiyaya müəyyən sabitlik gətirə bilər. Lakin mövcud şərtlər daxilində bu proses kifayət qədər riskli görünür. Çünki doqquz namizədin hər birində ərazi məsələsi ilə bağlı qeyri-müəyyənliklər vardır. Bundan başqa, Ukraynada aktiv müharibə gedir, Moldova isə silkələnir. Balkanlarda son dövrlərdə müşahidə edilən riskli prosesləri də unutmaq olmaz.

Bu gedişatın necə nəticələnəcəyi məlum deyildir. Belə çıxır ki, Brüssel əsas olaraq özünün geosiyasi maraqları naminə genişlənməyə çalışır. Bu proses yalnız Rusiyanı deyil, həm də ABŞ və Böyük Britaniyanı düşündürür. Bu kontekstdə Aİ-nin eyni zamanda üç istiqamətdə mübarizə apara biləcəyi elə də inandırıcı görünmür. Bütün bunlara rəğmən, Brüssel hələlik Şərqə genişlənmək planından rəsmi imtina etməyib. Deməli, Aİ-də məsələyə çox ciddi baxırlar! Zamanı gözləmək lazım gəlir!


MANŞET XƏBƏRLƏRİ