Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Turkustan.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 120 milyon 628 min 652 manat 59 qəpik olan tender müsabiqəsinin qalibi “Amazone” MMC (VÖEN - 1402350191) olub.
Məlumat üçün bildirək ki, “Amazone” MMC Kəlbəcər rayonunun 855 ailəlik Zar kənd yaşayış məntəqəsində birinci mərhələdə 547 fərdi yaşayış evinin, sosial obyektlərin, mühəndis kommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işlərini həyata keçirəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Amazone” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev, ev 82 “C” ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Şükürov Əbülfət Tapdıq oğludur.
“Amazone” MMC 2012-ci ilin oktyabr ayında qeydiyyata alınarkən qanuni təmsilçisi hazırda Milli Məclisin 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputatı olan Məmmədov Anar İlyaz oğlu olub. /Yeniavaz.com/