(I məqalə)
Kamal Adıgözəlov
Şarl Mişelin Avropa İttifaqının yeni genişlənmə konsepsiyası ilə bağlı verdiyi bəyanatdan sonra tədqiqatçıların bu məsələyə marağı daha da artıb. Müxtəlif istiqamətli araşdırmalarda, ümumiyyətlə, bu cür genişlənmənin mümkün olub-olmayacağı ilə əlaqədar maraqlı və fərqli fikirlər səsləndirilir. Bu zaman təşkilatdaxili problemlərlə geosiyasi faktorlar qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Brüsselin genişlənmə imkanları: iki aspektdə baxış
2023-cü ilin payızı Avropa İttifaqı üçün soyuq başlamadı. Bunun bir sıra səbəbləri vardır. Qlobal miqyasda bir-birini əvəz edən və ziddiyyətli xarakter daşıyan proseslər Avropanın siyasi paytaxtının "hərarətinin yüksəlməsinə" gətirib çıxardı. Həmin proseslərdə, başqa faktorlarla yanaşı, Aİ-nin də geosiyasi nüfuzu təhlükə altına düşür.
Bunlarla yanaşı, başqa səbəb kimi bu ilin avqustunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxış zamanı təşkilatın 2030-cu ilə qədər sıralarını genişləndirəcəyi haqqında bəyanat verməsini göstərmək olar. Bu, son 20 ildə ilk dəfədir ki, Aİ-nin genişlənməsi barədə ciddi informasiya kimi qəbul edilir. Üzvlüyə daxil olacaq ölkələrin adları da diqqət çəkir – bir sıra Balkan dövlətləri ilə yanaşı, təşkilata Ukrayna və Moldovanın da daxil olması nəzərdə tutulur.
Yeri gəlmişkən, bu məlumat dünyanın əksər siyasi dairələrində böyük maraqla qarşılanıb, Gürcüstanda isə bir qədər ajiotaj yaradıb. Bu ölkənin siyasi dairələri hesab edirlər ki, "Gürcü arzusu" dövlətin Aİ-yə yolunu kəsir.
Aİ-nin genişlənməsi məsələsi nazirlərin İspaniyanın Mursiya şəhərində sentyabrın 28-29-da keçirilən toplantısında və yenə də İspaniyada, Qranada şəhərində oktyabrın 5-6-da keçirilən zirvə görüşündə gündəmə gətirilib. Bununla təşkilat dünyaya bəyan edir ki, yenidən genişlənmə prosesinə başlamaqda qərarlıdır. Lakin məsələ yalnız bəyanatlar və istəklərlə məhdudlaşmır. Ekspertlər hesab edirlər ki, Aİ-nin genişlənməsi bir sıra çətinliklərlə üzləşəcək. Ola bilsin ki, bu proses təşkilatı daxildən parçalasın.
Belə bir proqnozun verilməsi təsadüfi deyildir. Elə faktorlar mövcuddur ki, Aİ-nin onları aradan qaldıra biləcəyi şübhə doğurur. Lakin bütövlükdə təşkilatın genişlənməsi müsbət hadisə kimi qəbul edilir. Hesab edilir ki, bununla Avropada sabitlik və təhlükəsizlik üçün yeni imkanlar yarandığı kimi, təşkilatın qonşuluq siyasətində də müsbətə doğru dəyişiklik ola bilər. O cümlədən Qafqaz istiqamətində Brüssel vahid güc kimi çıxış edərək, müəyyən nailiyyətlər əldə edə bilər. Bu, Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyasının bir sıra aspektlərdə sürətlənməsinə təkan verə bilər.
Ancaq təəssüf ki, məsələ yalnız bu kimi problemlərin həlli ilə məhdudlaşmır. Ekspertləri daha çox düşündürən Aİ-nin son zamanlar necə və hansı istiqamətdə genişlənməyə çalışması ilə bağlıdır. Burada fikir ayrılıqları meydana gəlir. Maraqlıdır ki, həmin fikir ayrılıqları həm siyasi düşüncədə, həm də problemə elmi-nəzəri yanaşmada özünü göstərir.
Siyasi aspektdən başlayaq. Bu kontekstdə ekspertlər diqqəti ona yönəldirlər ki, Aİ-nin genişlənməsi Ursula fon der Layenin 2019-cu ildə Aİ-nin "geosiyasi rolunu artırmaq" fikri ilə daha da aktuallaşdı. Həmin tarixdən müxtəlif səviyyələrdə və aspektlərdə bu məsələ müzakirə olundu. Məsələ onunla qəlizləşir ki, həm üzvlüyə namizəd olan ölkələrin inkişaf səviyyəsi və təhlükəsizlik təminatı çox fərqlidir, həm də təşkilatın özünün daxilində mövcud funksionallığın genişlənməyə nə dərəcədə imkan verdiyi aydın deyildir. Hesab edilir ki, uğurlu genişlənmə üçün bütövlükdə idarəetmə fəlsəfəsi dəyişməli, maliyyə bölgüsü yenidən qurulmalı, institutlaşma yeniləşməlidir və s. (bax: məs., Кадомцев А. Расширение ЕС – путь к новым разногласиям и проблемам / "Международная жизнь", oktyabr, 2023).
Ancaq bu yeniliklərin necə həyata keçirilməsi ilə bağlı təşkilatda yekdil fikir yoxdur. Bu ilin yanvarında Almaniya və Fransanın təklif etdiyi institusional islahatlar paketinin qiymətləndirilməsi buna nümunədir. Onu almaniyalı nazir Anna Lührmann və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Lorans Bun təklif ediblər. Sentyabrda təkliflər paketi hazırlamış qrupun məruzəsi dərc olunub (bax: Sailing on High Seas: Reforming and Enlarging the EU for the 21st Century. Report of the franco-german working group on the EU institutional reform / Paris-Berlin, 18 September 2023). Həmin sənəd Avropa İttifaqında qərar qəbuletmədə bir sıra dəyişikliklərin edilməsini nəzərdə tutur. O cümlədən orada ayrı-ayrı üzv dövlətlərin veto qoymaq hüququndan imtina məsələsi yer alıb. Bu, daha güclü üzv dövlətlərin təsirini artırmış olardı.
Yeni genişlənmənin fəlsəfəsi: etirazların mahiyyəti
Buna etiraz edənlər sırasında Avropa Komissiyasının sabiq Prezidenti Xose Manuel Barrozu da vardır. O deyir ki, təklif edilən dəyişikliklər "Aİ-də ciddi fikir ayrılıqları yarada bilər" (bax: Экс-глава ЕК предупредил о разногласиях в Евросоюзе из-за Украины / РБК, 24 sentyabr 2023). Bunun əvəzində, onun fikrincə, məsələn, daxili bazarı qurmaq prosesini yekunlaşdırmaq daha faydalı olardı.
Bütün bunların fonunda genişlənməyə olan siyasi-nəzəri baxışlar da əsasən ziddiyyətlər üzərində qurulur. Burada başlıca məqamı onda görürlər ki, Aİ-nin indiyə qədər özünü göstərən genişlənmə növü ilə hazırkı prosesin mahiyyəti arasında ziddiyyət vardır. Belə ki, indi genişlənməyə sırf geosiyasi maraqlar müstəvisində baxılır ki, bunun da müsbət və mənfi tərəfləri vardır. Çünki bu halda təşkilatın daxili fəaliyyət özəlliyi nəzərə alınmır ki, bu da gec və ya tez Aİ-nin "Breksit"dən sonra yenidən parçalanma vəziyyətinə gəlməsinə səbəb ola bilər. Bu baxımdan Aİ-nin genişlənməsi üsullarına indiyə qədər olan nəzəri baxışlara diqqət edək.
Tədqiqatçılar vurğulayırlar ki, Qərb mütəxəssisləri Avropa İttifaqının genişlənməsinin əsasında dayanan üç qrup səbəb və motivasiyanı müəyyən edirlər. Bunun əsasında genişlənmənin üç nəzəri modeli meydana çıxıb. Birinci nəzəriyyəyə görə, Aİ-nin genişlənməsi elə təsəvvür edilir ki, ona üzv olan dövlətlərin iqtisadi problemləri həll edilir. İkinci nəzəriyyəyə görə, üzvlər Aİ-ni ümumavropa dəyərlərinin əsas daşıyıcısı kimi qəbul edirlər. Üçüncü nəzəriyyədə təşkilatın cəlbediciliyi onun insan haqları və demokratiya prinsiplərinin dayağı olması təsəvvürlərinə əsaslanır (bax: Шакурова Н.Е. Расширение европейского союза на восток в контексте эволюции политической системы единой Европы // Гражданин. Выборы. Власть. № 3(17)/2020, 147-158 və Еремина Н. Распад или расширение: что ждет Евросоюз в 2020 году. URL: https://eurasia.expert/ chto-zhdet-evrosoyuz-v-2020-godu/).
Digər tədqiqatlarda Aİ-nin genişlənməsinin beynəlxalq münasibətlər sistemi kontekstində də əhəmiyyət kəsb etdiyi və bu sistemə təsir etdiyi vurğulanır. Bu isə başqa məqamlarla yanaşı, bəzən Aİ-nin üzvlüyə namizədlərə qeyri-adekvat yanaşması ilə müşayiət olunur. Vurğulanan aspektdə tədqiqatçılar Aİ-nin Türkiyə siyasətini tənqid edirlər (bax: Побединский, И.М. Геополитические аспекты дальнейшего расширения Европейского Союза на примере Турции: диссертация ... кандидата политических наук. Санкт-Петербург, – 2009. – 180 с.).
Nəzəri cəhətdən maraq doğuran başqa iki məqam da mövcuddur. Onlardan biri Aİ-yə üzv dövlətlərdə insanların genişlənməyə münasibəti, digəri isə yeni üzv dövlətlərin coğrafiyası prizmasından tədqiqatçı və ekspertlərin mümkün geosiyasi riskləri qiymətləndirməsi ilə bağlıdır. Etiraf edək ki, hər iki aspekt Brüsselin xeyrinə deyildir. Belə ki, 2019-cu ildə keçirilən sorğuya əsasən, respondentlərin yalnız 51 faizi Xorvatiyanın üzvlüyünə razı olduqlarını bildiriblər. Türkiyə ilə bağlı rəqəm daha aşağıdır – 30 faiz. Bundan başqa, son sorğularda bütövlükdə Aİ-nin genişlənməsinə avropalıların 47 faizi "hə" deyib (bax: Ежемесячный Бюллетень ЕС [Электронный ресурс]. – Режим доступа: http://europa.eu.int/ abc/doc/off/bull/en/bullset.htm.)
Bunların fonunda mütəxəssislərin Aİ-nin Şərqə doğru genişlənməsinin yaratdığı risklərdən bəhs etmələri normal görünür. Bu zaman onlar Rusiya faktorunun lazımi səviyyədə nəzərə alınmadığını vurğulayırlar (bax: Шишелина Л.Н. Расширение Европейского Союза на Восток и интересы России. М.: Наука, – 2006. – 303 с.). Bu isə Brüsselin 2023-cu il genişlənmə ümidlərinə kölgə salır.
Beləliklə, Aİ-nin Şərqə doğru 9 ölkə ilə genişlənmə niyyəti hazırda daha çox yaxşı arzu təsiri bağışlayır. Burada daxili və geosiyasi ziddiyyətləri nəzərə almaq lazım gəlir. Bütövlükdə yeni genişlənmənin coğrafiyasının geosiyasi təhlilinə ehtiyac görünür.