Fransa lideri E.Makron və İsrail Baş naziri B.Netanyahu İranın Yaxın Şərqdə fəallaşmasının qarşısını almaq üçün müzakirə aparıblar. Neçə ildir İsrail və müttəfiqləri buna çalışır, Vaşintqonla Təl-Əviv İranın nüvə proqramını əngəlləmək üçün var gücləri ilə iş aparırlar.
Yaxın Şərq zamanla bu və ya başqa qüvvələr üçün müəyyən mənada bataqlığa çevrilir.
Xatırladaq ki, 2010-11-ci illərdə Yaxın Şərqdə baş vermiş "Ərəb baharı"nın əsas aparıcı gücü Fransa idi. İnqilab baş verən ölkələrdə hava hücumlarını Fransa hərbi aviasiyası icra edirdi. O vaxt Liviya lideri Müəmmər Qəddafinin Fransa Prezidenti Nikolya Sarkoziyə məktubu da vardı. "Mənə atam deyirdin, indi başıma bomba yağdırırsan" – məktubda əsas xətt bu idi.
Globalinfo.az-a mövzunu şərh edən Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlunun sözlərinə görə, gedişat göstərir ki, İran ona tətbiq edilən bütün sanksiyalara rəğmən, nüvə proqramından imtina etmək fikrində deyil.
Ekspert qeyd edib ki, bu istiqamətdə müəyyən işlər aparılmaqdadır və bununla bağlı beynəlxalq mediada kifayət qədər informasiyalar dərc olunur, mütəmadi şəkildə hətta Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) də açıqlamaları, narahatlıqları var:
"Təsadüfi deyil ki, İranın nüvə silahı əldə etməsi təhdidi ilə bağlı beynəlxalq təşkilatların özündə də müəyyən müzakirələr gedir. Görünən odur ki, bütün bu təzyiqlər, danışıqlar İranın nüvə silahından imtina etməsinə bəs etmir və Qərb hələ ki, buna nail ola bilmir. Qarşıya qoyulan əsas hədəf İranı yenidən Vyana razılaşmasına əməl etməyə məcbur etmək və müqaviləyə qayıtmasını təmin etməkdir. İranın irəli sürdüyü şərtlər təbii ki, Qərb tərəfindən qəbul edilmir. Eyni zamanda, Qərbin irəli sürdüyü şərt və təkliflərdən İran tərəfi birmənalı şəkildə imtina edir. Bu isə danışıqların daha çox imitasiya xarakteri daşımasına gətirib çıxarır. Qərb təbii ki, bununla razılaşa bilməz. Bu mənada biz yəqin ki, yaxın zamanlarda müəyyən konkret addımların atılmasının şahidi ola bilərik".
V.Zifəroğlu vurğulayıb ki, bəşər tarixinə baxdığımız zaman biz Yaxın Şərq uğrunda hər an münaqişələrin getdiyini görürük:
"Yaxın Şərq yalnız sivilizasiyaların beşiyi deyil, hər zaman böyük imperiyaların, böyük güclərin maraqlarının kəsişdiyi nöqtə olub. Yaxın Şərq dünyanın ürəyi hesab oluna bilər və ona nəzarət uğrunda münaqişələr hər zaman baş verib. Hazırda bu mənada çox ciddi proseslər gedir. Ərəb baharından sonra yaranmış düzəndə bu və ya başqa şəkildə Fransanın aktivliyinin şahidi olmuşduq. Liviya prezidenti Müəmmər Qəddafinin Fransa Prezidenti Nikolya Sarkoziyə məktubu bizim unudulmaz "Ulduz" filmindəki epizodu xatırladır: "Vaxt var idi, Əlişə dədəm deyirdin". Qəddafi həqiqətən də o məktubu bu məzmunda yazmışdı. Amma burada vacib bir məqam var. Makron Sarkozi deyil, Fransanın xarici siyasətində də biz Sarkozi dövrü ilə müqayisədə kifayət qədər fərqli nüansları görə bilirik. Başqa bir məsələ də odur ki, İran da Fransa üçün daha fərqli əhəmiyyətə malikdir. Nəzərə alaq ki, İslam inqilabının ideya prinsipləri məhz Xameneyi Fransada olduğu zaman dünyaya bəyan edildi, məhz Xameneyi Tehrana Fransa hava yollarının təyyarəsi ilə qayıtdıqdan sonra İslam inqilabı başa çatdı. Makron dövrünün Fransa xarici siyasətini təhlil edərkən kifayət qədər sürüşkən, eyni zamanda ikibaşlı oyunların şahidi oluruq. Bu mənada Fransa Yaxın Şərqdə, o cümlədən İranla bağlı məsələlərdə etibarlı müttəfiq və ya tərəfdaş kimi nə dərəcədə qəbul edilə bilər, bu, şübhəlidir".
Analitik qeyd edib ki, İsrail İranla bağlı ciddi təhlükə hiss edir, ortada bir təhdid var:
"İranın birbaşa daxilinə müdaxilə ilə hansısa əməliyyat keçirilməsini gələcək göstərəcək. Lakin indi belə bir əməliyyat keçirilməsi ehtimalı olduqca azdır. Mümkündür ki, İranın öz ətrafında formalaşdıra bildiyi "şiə hilalı"nın yarılması istiqamətində önəmli addımlar atılsın. Bu hilala İran, Suriya, Livan, Yəmən daxildir. Bu mənada bölgədə İranın dəstəklədiyi terrorçu təşkilatlara və qruplaşmalara qarşı anti-terror əməliyyatlarının keçirilməsi mümkündür. Yeri gəlmişkən, hazırda SEPAH-ın terrorçu təşkilat elan edilməsi ilə bağlı Avropa Birliyində qanun layihəsi üzərində işlənilir. Bu isə anti-terror əməliyyatlarının daha aktiv şəkildə keçirilməsini deməyə əsas verir".