Trampın vitse-prezidentliyə namizədi Avropanı narahat edir


Trampın ABŞ seçki yarışında rəqibi Baydenlə fərqi genişləndirdikdən sonra “Öncə Amerika” siyasətinin qızğın müdafiəçisi, senator Ceyms Devid Vansın vitse-prezidenti seçməsi Avropa və Ukrayna üçün “böyük fəlakət” kimi qiymətləndirilir.

Turkustan.az xəbər verir ki, yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürən Donald Trampın vitse-prezident vəzifəsinə respublikaçı senator Ceyms Devid Vensi irəli sürməsi Trampın qələbəsi halında ABŞ-ın xarici siyasətə üstünlük verəcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Demokratik rəqibi prezident Co Baydenin səhhətinin vəziyyəti ilə bağlı tənqidlərdən sonra şənbə günü sui-qəsd cəhdindən sağ çıxmaqla prezidentlik yarışında yüksəlişini davam etdirən Tramp dünən Milwaukeedə keçirilən Respublikaçılar Partiyasının Milli Konqresində namizədliyini rəsmən bəyan edib.

Tramp vitse-prezidentliyə namizəd Vansın çox uğurlu karyerası olduğunu qeyd edib.

1984-cü ildə anadan olan Vens orta məktəbi bitirdikdən sonra ABŞ ordusuna qatılıb və 2005-ci ildə İraq müharibəsində dəniz piyadası kimi döyüşüb. Yale Hüquq Məktəbini bitirən Vans evlidir və üç övladı var.

Digər tərəfdən, Trampın vitse-prezidentliyə namizədinin xarici siyasətə baxışı diqqət çəkir.

“Politico” saytı Trampın mümkün seçki qələbəsinə görə onsuz da təşviş içində olan Avropanın Vansın adının açıqlanması ilə daha da narahat olduğunu yazıb. Avropanın hərbi cəhətdən ABŞ-dan asılı olduğunu deyən Vens Ukraynaya yardıma qəti şəkildə qarşı çıxanlardandır.

Rusiya lideri Vladimir Putinlə təmasın “ABŞ-ın maraqları” naminə gücləndirilməsi lazım olduğunu iddia edən Vens Yaxın Şərqlə bağlı İsrailə mütləq dəstək verilməsinin tərəfdarıdır. Vance daha əvvəl CNN telekanalında bir proqramda demişdi ki, İsrail HƏMAS-ı məhv edənə qədər Qəzzada müharibəni davam etdirməlidir.

Politico-ya danışan Avropa İttifaqı rəsmisi Vance seçiminin Ukrayna və birliyin özü üçün “fəlakət” demək olduğunu şərh edib. Respublikaçı senator bu ilin əvvəlində Senatda Ukraynaya yardım layihəsini əngəlləməyə çalışıb və uğursuzluğa düçar olanda “Avropa və dünyanın qalan hissəsi başa düşməlidir ki, Amerika həmişə boş çek yaza bilməz” deyib.

ABŞ-da istehsalı prioritetləşdirmək və ticarət baxımından idxala əlavə vergilər tətbiq etmək istəyən Vens Trampın “Öncə Amerika” siyasətinin şiddətli müdafiəçilərindən biridir.

Analitiklər vurğulayırlar ki, Tramp-Vans cütlüyü noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ-ın xarici siyasətində və Avropa ilə münasibətlərində ciddi dəyişikliklər ola bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ