Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq


Siyasi partiya təmsilçiləri 100 min əhalinin yaşayacağı şəhər haqda təəssüratlarını bölüşdülər

Qarabağa “Böyük Qayıdış” planı Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi proseslərdən biridir. Bu istiqamətdə görülən işlərin ümumi miqyası durmadan genişlənməkdədir. Ağdamın Baş planına əsasən, 2040-cı ilədək şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artacaq.

Bunun üçün 1 750 hektara yaxın ərazi nəzərdə tutulub. Ağdam Azərbaycanda əhalisinin sayına görə 4-cü böyük şəhərə çevriləcək. Yəni 100 min əhali sayına malik olacaq. Burada əhalinin orta sıxlığı bir hektara təxminən 57 nəfər nəzərdə tutulub. Ağdam öz müasirliyi və urbanizasiya səviyyəsinə görə, simasına görə daha çox müasir bir şəhər təəssüratı yaradacaq. Ağdam şəhərində çoxlu müasir tipli binalar olacaq. Şəhər ağıllı şəhər konsepsiyasına uyğun inşa olunacaq. Şəhərin 20 faizi yaşıllıqla əhatə olunacaq. Şəhərdə 4 meşə massivi, 23 şəhər tipli park və şəhərin içində yollar kifayət qədər geniş zolaqlı olacaq.

Ağdam şəhərində yenidənqurma və tikinti işləri sürətlə davam etdirilir. İşğal dövründə yerlə-yeksan edilən şəhər yenidən qurulur. Şəhər ərazisində yaşayış massivləri salınır.

Tikinti işləri şəhərin 4 nömrəli yaşayış massivində də paralel olaraq icra olunur. Burada 1, 2, 5 və 6-cı məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinə başlanılır. Müqaviləyə əsasən, sözügedən məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisinə 73,1 milyon manat sərf olunacaq.

Qeyd edək ki, Ağdam şəhərinə ilkin mərhələdə 1268 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub.

Bu quruculuq prosesi çərçivəsində ötən həftə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndinə tarixi bir səfər təşkil olunub. Səfərdə ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, siyasi şərhçilər və media nümayəndələri iştirak edib.

Siyasi partiya rəhbərləri səfər təəssüratlarını bölüşüblər.

Tural Abbaslı:

Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, işğaldan azad edilmiş ərazilərə səfər etmək, oradakı bərpa və quruculuq işlərini yerində görmək insanda xoş və ümidverici hisslər yaradır: “Artıq yaşayış komplekslərinin tikintisinə başlanılıb və planlaşdırılır ki, Ağdam yaxın illərdə 100 min nəfərlik əhalisi olan müasir bir şəhərə çevrilsin. Şəhərdə eyni zamanda böyük bir Muğam Mərkəzi də inşa olunub - bu, yüksək standartlara cavab verən əsl mədəniyyət kompleksidir. Bundan əlavə, Ağdamda Sənaye Parkı fəaliyyət göstərir və burada artıq 30-dan çox müəssisə qeydiyyatdan keçib, bəziləri isə artıq fəaliyyətə başlayıb. Bütün bu görülən işlər həm böyük zəhmətin, həm də ciddi maliyyə vəsaitlərinin nəticəsidir. Bu inkişafı yerində görmək, prosesin şahidi olmaq bizdə gələcəyə inam yaradır. Xatırlayıram ki, biz 2021-ci ildə siyasi partiya rəhbərləri ilə birlikdə ilk dəfə Ağdama səfər etmişdik. O vaxt şəhərdə yalnız bir cümə məscidi qalmışdı və bütün şəhər tamamilə dağıdılmış vəziyyətdə idi. Heç bir ev, heç bir obyekt qalmamışdı. İndi isə yollar salınır, məscidlər bərpa olunur. Həmin cümə məscidi də artıq əvvəlki möhtəşəm görkəmini yenidən qazanıb. Ən əsası isə odur ki, biz artıq bu torpaqlara həyatın qayıtdığını görürük. İnsanlar burada yenidən yaşayacaq, işləyəcək və yeni həyat quracaq. Biz həm müxalifət, həm də iqtidar təmsilçiləri olaraq hesab edirik ki, görülən yaxşı işləri dəyərləndirmək, qiymətləndirmək və ictimaiyyətə çatdırmaq lazımdır. Bu, həm də şəffaflıq baxımından önəmlidir. Biz bu işləri izləyir, müşahidə edir və öz töhfəmizi verməyə çalışırıq. Ümid edirik ki, "Böyük Qayıdış" prosesi davamlı və dayanıqlı olacaq.

Ağdamda gördüklərimiz bir daha təsdiqləyir ki, bu proses geridönməz xarakter alır. Ağdam artıq təkcə Qarabağın deyil, ümumilikdə Azərbaycanın dördüncü böyük şəhəri olmaq yolundadır. Bu ruh şəhərdə hiss olunur. Ümid edirəm ki, növbəti səfərimiz zamanı Ağdamda artıq on minlərlə insanın yaşadığı, işlədiyi, ailə qurduğu bir şəhər görəcəyik.

Səfərlərin siyasi mesajı da danılmazdır. Müxtəlif ideoloji baxışlara malik olan insanların birlikdə bu ərazilərə səfəri həm də ölkə daxilində milli həmrəyliyi, dünyaya isə Azərbaycanın ərazi bütövlüyü ətrafında birliyini nümayiş etdirir. Bu, təsadüfi deyil - bu səfərlər hər dəfə cəmiyyət tərəfindən maraqla qarşılanır və davam etdirilməsi tələb olunur".

qaynarinfo.az

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bu səfərdən olduqca müsbət təəssüratlarla ayrıldıqlarını qeyd edib: “Səfər çərçivəsində Xıdırlı kəndində də olduq. Kənd tamamilə yenidən qurulub, abadlaşdırılıb. Bu ərazilərə artıq ilk ailələrin köçürülməsinə başlanılıb.

Qısa müddət ərzində, cəmi 4 ilə yaxın bir vaxtda Ağdamda demək olar ki, yeni şəhər salınmışdır. Əgər əvvəllər Ağdamın əhalisi 40 min nəfər idisə, hazırda şəhərin 100 min nəfərlik əhali üçün planlaşdırıldığı görünür. Bu da onu göstərir ki, Ağdam gələcəkdə Azərbaycanın dördüncü böyük şəhəri kimi formalaşacaq. Səfər zamanı görülmüş və planlaşdırılan işlər haqqında ətraflı məlumat verildi. Əldə etdiyimiz təəssüratlar olduqca müsbətdir. Qarabağ bərpa olunur, insanlarımızın geri qayıdışı üçün münbit şərait yaradılır. Eyni zamanda bu cür səfərlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kursun davamı kimi qiymətləndirilməlidir. Yeni siyasi münasibətlər sisteminin formalaşması istiqamətində atılan addımlar ölkəmizin dayanıqlı inkişafını və milli həmrəyliyini təmin edir. Səfərin təşkilində iştirak edən bütün qurumlara - Prezident Administrasiyasının aidiyyəti şöbəsinə, Ağdam üzrə nümayəndəliyə və əməkdaşlara təşəkkürümüzü bildiririk". /musavat.com/


MANŞET XƏBƏRLƏRİ