"Mən haqsızam, sən haqlısan, Dünya, mənlə vuruş görüm..." Çingiz Əlioğlu


AzTV-də tanıdığım və haqqında ilk süjet hazırladığım şair məhz Çingiz Əlioğlu olub.Onda "Səhər" musiqili-informasiya proqramında "Şair ömrü" adlı bir rubrika vardı. Təklif etdim ki, Çingiz Əlioğlunun "Qonşunun iti" məzəli şeirinin motivləri əsasında qısa bir ssenari qurum.

Bu rubrika içərisində həmin şeirin ekran həllini tapaq və orijinal bir süjet təqdim edək.

Bu ideyamı çox bəyəndi Çingiz müəllim.

Onda iş yeri Hökumət Evində idi.Bir neçə dəfə görüşdük.Söhbət əsnasında "Ruhumun həndəsəsi", "Sevgi oyunları" kitablarından şeirlərini də əzbər deyirdim.
Həmin süjet gözlənilməz və bir qıdər də təbəssüm yaradacaq olay ucbatından plana salınan gün yox, ertəsi gün efirə getdi.Baxandan sonra təşəkkürünü bildirib, həmin süjetin yazısını məndən istədi.

Mən də məmnuniyyətlə ona çatdırdım.Həmin görüşdə soruşdu ki, "Uğur, bəs niyə həmin gün efirə getmədi?"

Səbəbini izah elədim, hərçənd izah ediləsi deyildi, amma tamam əks reaksiya gördüm və uğundu getdi gülməkdən.

İllər sonra müəllifi olduğum

"Sətirlər" verilişini hazırlayanda da şair

Çingiz Əlioğlunu unutmadım.Həmin buraxılış da maraqla qarşılandı.Çingiz Əlioğlu həm də türk ruhunu sinəsində daşıyan bir şair idi.
Ürk!

Tanrının tərə təkin təmiz,
Tərəkəmə törəməsi
Türkdən ürk!
Ürəkli, küləkli,
Türk görkdür!
Başının üstündəki
Göy gözləri kimi
Nurlu, dərin,
İşıqlı gökdür.
Papaq deyə qoyduğu börkdür!
Beyrəkdir - böyrəkli türk.
Hamısı, hamısı Beyrəkdir,
Bamsı Beyrək.
Böyrəkli türk, böylə türk,
Öylə türkdür.
Gözəlliyə bayılan-bay türkdür.Baytürk.
Tanrı özündən ayrı yaratmadı,
Tanıdı türkü.
Odur bax, odur hey...
Qartal çiynində kürkü,
Dayanıb Altaydan, Balkandan,
Sivas-Sibirdən...
Belədən-belə,
Əlləri Ayda-ulduzda,
Başı qızıl tan yerinin təndirinə
Təndir türkün!
Oyur-oyur oynayan köhləninin cilovu dəmir əllərində tarımdan-tarım!
Endir ruzusunu göylərdən
Ey ulu Tanrım!

Mənə poeziyada ilk dəfə "Uğurlu yol!" diləyən, şair, məkanın cənnət, ruhun şad olsun!

Turan Uğur
AYB-nin üzvü


MANŞET XƏBƏRLƏRİ