Avropanın nəhəng döyüş təyyarəsi proqramı ləğv edilir


Almaniya və Fransanın Avropanın ən böyük müdafiə təşəbbüslərindən biri hesab olunan Yeni Nəsil Döyüş Təyyarəsi (FCAS) layihəsinə son qoymaq barədə razılığa gəldiyi bildirilir.

Turkustan.az xəbər verir ki, məlumata görə, Almaniya kansleri Friedrich Merz və Fransa Prezidenti Emmanuel Macron ötən həftə Monteneqroda keçirilən Aİ–Qərbi Balkanlar Zirvə Toplantısı çərçivəsində bir araya gələrək layihənin gələcəyi ilə bağlı yekun qərar qəbul ediblər. Aylarla davam edən danışıqlara və vasitəçilik cəhdlərinə baxmayaraq, tərəflər layihəni davam etdirməyin mümkün olmadığı qənaətinə gəliblər.

Təxminən 100 milyard avro dəyərində qiymətləndirilən FCAS proqramı Avropanın gələcək nəsil döyüş təyyarəsini hazırlamağı hədəfləyirdi. Lakin layihədə iştirak edən şirkətlər arasında səlahiyyət bölgüsü, texnologiya paylaşımı, intellektual mülkiyyət hüquqları və rəhbərlik məsələləri üzrə uzunmüddətli fikir ayrılıqları proqramın irəliləməsinə mane olub. Əsas mübahisə Fransanın müdafiə şirkəti Dassault ilə Almaniya və İspaniyanın maraqlarını təmsil edən Airbus arasında yaşanıb.

Müdafiə ekspertləri hesab edirlər ki, layihənin uğursuzluğu Avropanın hərbi sənaye əməkdaşlığında mövcud olan struktur problemləri bir daha üzə çıxarıb. Onların fikrincə, bu hadisə qitənin müdafiə imkanlarını gücləndirmək istiqamətindəki səylərə ciddi zərbə vurur.

Bununla belə, FCAS çərçivəsində nəzərdə tutulan bəzi yardımçı sistemlərin, o cümlədən müxtəlif platformaları vahid şəbəkədə birləşdirən “Combat Cloud” layihəsinin davam etdirilməsi planlaşdırılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ