ABŞ Polşaya əlavə 5000 əsgər göndərəcək


ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Karol Navrotski ilə yaxşı münasibətlərini nəzərə alaraq ölkəyə əlavə 5000 əsgər göndərmək qərarına gəldiyini açıqladı.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Polşaya əlavə qoşun göndərilməsi ilə bağlı açıqlamalarını özünün Truth Social hesabında paylaşıb.

ABŞ prezidenti bildirib ki, dəstəklədiyi Polşa prezidenti Karol Navrotski ilə münasibətləri yüksək səviyyədədir və məhz bu amili nəzərə alaraq Polşaya əlavə 5000 hərbçi göndərilməsi qərarı verilib.

Qeyd edək ki, Tramp daha əvvəl Polşa və Almaniyada yerləşən ABŞ qoşunlarının sayının azaldılmasının nəzərdən keçirildiyini bildirmişdi.

ABŞ-ın vitse-prezidenti J. D. Vens isə məsələ ilə bağlı əvvəlki gün verdiyi açıqlamada Polşadakı Amerika qoşunlarının sayının azaldılmadığını, yalnız yerləşdirmə prosesinin təxirə salındığını deyib.

“Biz bütün Amerika qoşunlarının Avropadan çıxarılmasından danışmırıq. Söhbət bəzi resursların ABŞ təhlükəsizliyini maksimum dərəcədə təmin edəcək şəkildə yenidən bölüşdürülməsindən gedir”, – deyə Vens bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ