Tramp: “Kuba çöküb, yardım etmək istəyirik”


ABŞ prezidenti Donald Trump Kuba ilə bağlı son açıqlamasında əvvəlki ritorikasını təkrarlayaraq, ABŞ-da yaşayan kubalıların ondan kömək istədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında Kuba məsələsini yaxından izlədiklərini vurğulayıb.

“Kuba uğursuz bir ölkədir. Onların orada heç nəyi yoxdur — nə yemək, nə elektrik enerjisi, nə də pulları var. Biz onları dəstəkləyəcəyik. Mən onlara humanitar əsaslarla kömək etmək istəyirəm”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti xüsusilə Florida ştatında çoxlu kubalı amerikalının yaşadığını bildirərək, həmin insanların ondan Kuba ilə bağlı addım atmasını istədiklərini deyib.

Tramp əlavə edib ki, Kuba ilə bağlı müəyyən təşəbbüslər həyata keçirə bilərlər və bunun nəticəsində ABŞ-da yaşayan bəzi kubalıların öz ölkələrinə geri dönməsi mümkün ola bilər.

“Ümid edirəm ki, onlar burada qalacaqlar, amma geri qayıdıb ölkələrinə investisiya qoymaq istəyirlər”, – deyə o bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, əvvəlki prezidentlərin Kuba məsələsinə ciddi şəkildə toxunmadığını düşünür və bu istiqamətdə konkret addımlar atmaqdan məmnun olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ